Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanıldığı elan edilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayır
Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
M. Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Ümumilikdə sabiq icra başçısı 4 milyona yaxın dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib.
Bütün bunar nəzərə alınaraq Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Mahir Quliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Sabiq icra başçısı bildirib ki, sözügedən vəsaiti şəxsi məqsədlər üçün istifadə etməyib. Həmin pullar rayon ərazisindəki “Gənclər evi” “Bayraq Meydanı”, “ Uşaq bağçası” və digər tikinti işlərinə xərclənib.
Qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Dövlət Təhlükəsizliyi Tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bizim.Media