Bir müddət öncə dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovdan sonra bu qurum hələ də nazir olmadan fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, bir neçə namizədin adı hallansa da, aradan keçən bu müddət ərzində nazir təyinatı gerçəkləşməyib.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Gənclər və İdman naziri olmasını arzuladığını bildirib:
“İlqar Rəhimov tarix yazan, dünya rekordunu yeniləyən, Azərbaycanın idman şərəfini qoruyan Milli Paralimpiya Komitəsinin sədridir. Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Oliqarx federasiya rəhbərlərindən fərqli olaraq, hazırda hər hansı dövlət postu tutmur. Bu aralar boş qalan Gənclər və idman naziri postuna müxtəlif şəxslərin namizədliyi müzakirə olunur.
Düşünürəm ki, paralimpiyaçılarımızın qazandığı böyük uğurda idmanın daimi dəstəkçisi olan Cənab Prezidentin rəhbərliyi altında onun da böyük zəhməti var.
Düşünürəm ki, o da Gənclər və idman naziri postuna haqqı çatan şəxslərdəndir. Onu da deyim ki, İlqar müəllimi şəxsən tanımıram, heç zaman üz-üzə gəlməmişik".
Bizim.Media