Tanınmış alim, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru Əbülhəsən Abbasovun milli maraqların sistemli müdafiəsi və milli ideologiyanın təşəkkülü, yayılması və inkişafı problemlərini, onun məzmun-mahiyyətini, aparıcı ideya və prinsiplərini özündə əks etdirən “Milli maraqlar və milli ideologiya” kitabı işıq üzü görüb. Azərbaycan dövlətçiliyinin inkişafı, milli maraqların optimal müdafiəsi sahəsində mayak rolu oynayan və bu sahədə bir ilk olan kitabda milli maraqların təmin olunması və müdafiəsi ilə yanaşı, milli ideologiyanın önəmi, onun birləşdirici amil kimi əhəmiyyəti və s. məsələlərdən bəhs olunur. Kitabın annotasiyasında deyilir: “Monoqrafiyada ölkəmizin dinamik inkişafı və tərəqqisi baxımından olduqca aktual və əhəmiyyətli olan, lakin az işlənmiş milli maraqlar və milli ideologiya problemlərindən bəhs olunur: Mövzu ilə bağlı bir sıra zəruri anlayışlar, mövcud baxışlar, spesifik və ümumi cəhətlər təhlil edilir. İctimai və qlobal transformasiyalar şəraitində Azərbaycan Respublikasının milli maraqlarının məzmun-mahiyyəti açıqlanmaqla, onların reallaşmasına yönəlmiş müəllif fikirləri, təklif və tövsiyələri irəli sürülür. Milli maraqların adekvat və dolğun ifadə olunmasında, onların həyata keçirilməsində əvəzsiz missiya daşıyan milli ideologiyanın mühüm struktur elementləri, funksional-fəaliyyət şərtləri, aparıcı ideya və prinsipləri təqdim edilir. Təhlil və ümumiləşdirmələrdə, məsələlərin qoyuluşunda və həllində, anlayış və prinsiplərin şərhində, elmi-nəzəri əsaslandırmalarda postneoklassik epistemologiyaya və onun təməl daşıyıcılarından olan mürəkkəblik fəlsəfəsinə, tənqidi-sinergetik təfəkkür konsepsiyasına, sistemli və sinergetik yanaşmaya üstünlük verilir.
Kitab alim-mütəxəssislər, siyasi və ictimai
xadimlər, dövlət məmurları, QHT rəhbərləri, biznes təşkilatçıları, siyasi
partiya fəalları, tələbə və doktorantlar, mövzu ilə maraqlanan bütün oxucular
üçün nəzərdə tutulmuşdur”.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitunun 21 dekabr 2012-ci il tarixli qərarı əsasında nəşr edilmiş bu əsər
artıq ölkənin ziyalı elitası tərəfindən yüksək dəyərləndirilir. Professor Aydın Şirinovun yazdığı rəy də bunu sübut edir. Kitabın mahiyyəti
haqqında kifayət qədər dolğun fikir yaratdığını nəzərə alaraq hörmətli
professorun “Vətəndaşlıq dərsi” sərlövhəli həmin rəyini olduğu kimi təqdim
edirik.
Vətəndaşlıq dərsi
Müasir epistemologiya (idrak nəzəriyyəsi və
elmşünaslıq), eləcə də sosial və siyasi fəlsəfənin ən aktual problemlərinə aid
dəyərli tədqiqatların müəllifi olan fəlsəfə elmləri doktoru, professor Əbülhəsən
Abbasovun “Milli maraqlar və milli ideologiya ” adlı yeni kitabı çapdan
çıxmışdır. Bu kitabın yeniliyi, hər şeydən əvvəl, ondadır ki, burada da müəllifin
əvvəlki kitablarında olduğu kimi səlis və ardıcıl, məntiqi fikir axını vardır.
Trivial, məlum fikirlərin yenidən təkrarı, köhnə samanın yenidən sovrulması
yoxdur. Qoyulan, haqqında bəhs olunan ideyalar real həyat hadisələri və kamil,
nümunəvi düşüncə əsasında bütün zəruri istiqamətlərdə nəzərdən keçirilir. Azərbaycan
gerçəkliyi və Azərbaycan düşüncəsi, onun idrakı və dünyagörüşü səciyyəsi heç
bir subyektiv yanaşmaya yol verilmədən elmi obyektivliklə təhlil olunur. Həyatımızda
mövcud olan pozitivlərlə yanaşı, problemli olan, ziddiyyətli məsələlər də öz əksini
tapır. Problemli məsələlərin həlli üsullarının tapılmasına cəhd göstərilir və
bu istiqamətdə söylənilən fikirlər, irəli sürülən təklif və tövsiyələr kifayət
qədər əsaslandırıldığı üçün etiraz doğurmur.
Monoqrafiyada müasir dünya elmi və fəlsəfəsi
tərəfindən işlənilən yeni nəzəriyyə və ideyalar məhz müasir Azərbaycan gerçəkliyi
müstəvisində araşdırılır. Bunu edərkən müəllif gerçəklik faktlarını mövcud nəzəriyyə
və konsepsiyalar çərçivəsinə salmır, gerçəkliyin özünü hərtərəfli araşdırmaqla
nəzəri müddəanın gerçəkliyə uyğun olub-olmadığını yoxlayır və lazım gəldikdə müəyyən
əlavə və düzəlişlər edir. “Millət”, “millilik”, “milli maraqlar” və “milli
ideologiya” anlayışlarının tədqiqi və təhlili prosesində bu, çox aydın şəkildə
özünü göstərir.
Kitab yalnız ilk baxışda haqqında çox
yazılan, çox danışılan mövzunu xatırladır. Onu diqqətlə oxuduqda müəllifin irəli
sürdüyü və kifayət qədər əsaslandırdığı yeni ideya və prinsiplərlə,
paradiqmalarla qarşılaşırıq. Ümumiyyətlə, Əbülhəsən Abbasovun bu yeni əsəri də,
həmişə olduğu kimi, elmi yenilik baxımdan çox zəngindir və istər-istəməz
yeni-yeni mövzulara, istiqamətlərə yol açır və qida verir.
Bizim cəmiyyətimiz keçən əsrin 80-ci illərinin
sonu və 90-cı illərin əvvəllərində baş vermiş sosial turbulentlikdən, xaos və dərəbəylikdən
çıxmış cəmiyyətdir. 1993-cü ildən bu xaos, dərəbəylik, turbulentlik nizama
salınmağa başlasa da, hələ də həm sosial, iqtisadi, siyasi və mənəvi həyat sahələrində,
həm şüur və psixologiya səviyyəsində bu elementlərin qalıqlarına, təzahürlərinə
rast gəlmək mümkündür. Bütün bunları müəyyən nizama salmaq üçün isə ciddi nəzəri
tədqiqatların aparılmasına, müvafiq konsepsiyaların hazırlanmasına ehtiyac
vardır.
Kitabın ilkin bazasını müasir dünya
epistemologiyasında mövcud olan müxtəlif fəlsəfi nəzəriyyə və konsepsiyalar,
onların yığcam tənqidi-sinergetik təhlili, bu nəzəriyyə və konsepsiyaların
bir-biri ilə səsləşən məqamlarından istifadə təşkil edir. Bu göstərilən
xüsusiyyətə nail olmaq üçün, həqiqətən, zəngin erudisiyaya və ümumiləşdirmə
bacarığına nail olmaq lazımdır. Müəllif bu və ya digər sosial-fəlsəfi problemi
araşdırarkən, ilk növbədə, həmin məsələyə yanaşmanın qnoseoloji və metodoloji əsaslarını
axtarıb tapır. O, problemin sadəcə olaraq təsviri ilə, onun üzdə olan, müşahidə
edilən, gözlə görünən, hiss olunan cəhətlərini qeydə almaqla kifayətlənmir. Həm
də təqdirəlayiq haldır ki, müəllifin fikir refleksiyasında, mülahizə və qənaətlərində
aksioloji məqamlar önəmli yer tutur və onlara ciddi nəzər yetirilir.
Metodoloji məsələləri araşdırarkən, sosial-fəlsəfi
nəzəriyyə və konsepsiyalarla yanaşı, yeri gəldikcə, mənşəcə konkret-fiziki
olan, həm də ümumepistemoloji səciyyəyə daşıyan “qadağa prinsipi” (Pauli),
“qeyri-müəyyənlik prinsipi” (Heyzenberq), “tamamlıq prinsipi” (Bor) kimi
prinsiplər sosial-fəlsəfi müstəviyə keçirilir və çox uğurla tətbiq olunur. Bu
isə heç də cəmiyyət həyatına fizikalist-reduksionist yanaşma deyil, təbiətə aid
baxışlara məxsus olan idraki prinsiplərdən rasional və səmərəli istifadədir.
Müəllif əvvəlki əsərlərində tədqiq etdiyi
mürəkkəblik fəlsəfəsini, tənqidi-sinergetik təfəkkür konsepsiyasını,
postneoklassik epistemologiyanı və sinergiya nəzəriyyəsini bu monoqrafiyada da
inkişaf etdirir. Eyni zamanda, onlar məharətlə sosial-fəlsəfi problemlərin tədqiqində
istifadə olunur. Milli ideologiya və milli maraqlar kimi sosial fəlsəfi
problemlərin həm politoloji, həm iqtisadi, həm ideoloji, həm də beynəlxalq
münasibətlər müstəvisində araşdırılması prosesində bu cəhət aşkar surətdə özünü
göstərir.
Monoqrafiyanın ən uğurlu cəhətlərindən biri
sinergiya nəzəriyyəsinin cəmiyyət həyatında, qlobal dünyada baş verən hadisə və
proseslərə tətbiqidir. Böyük epistemoloji əhəmiyyət daşıyan və geniş yayılmış
bu nəzəriyyə təbiətşünaslıq sahəsində kifayət qədər tətbiq olunur. Lakin onun cəmiyyət
həyatına tətbiqi müəyyən problemlərlə qarşılaşırdı. Bu, əsasən xaos və
nizamlanma, eləcə də özünütəşkil və determinasiya məsələlərinə aid idi.
Haqqında bəhs olunan monoqrafiyada göstərilən məsələlər özünün dəqiq və birmənalı
həllini tapmışdır. Bunun üçün müəllif nizamlanan xaos nəzəriyyəsindən də
istifadə etmişdir ki, özlüyündə çox məntiqi və məqsədəuyğundur. Çünki bu məsələləri
araşdırmadan vətəndaş cəmiyyəti, onun real halda təşkili işinə nail olmaq mümkün
deyildir.
Monoqrafiya yalnız ictimai-humanitar elmlər
sahəsində, dövlət və qeyri-dövlət strukturlarında, digər qurumlarda işləyənlər
üçün deyil, ümumiyyətlə, yaşadığı cəmiyyətin məzmun və mahiyyətini anlamaq,
onun necə, hansı yollarla və meyarlar əsasında inkişaf edə bilməsi haqqında
bilik almaq istəyən hər bir vətəndaş üçün faydalıdır. Çünki kitabda, sadəcə,
qeydiyyat əsasında deyil, ruhən və mənən vətəndaş olmağın sirləri, qaranlıq tərəfləri
açılır. Bu əsər ”“ vətəndaşlıq dərsliyidir. Belə ki, buradan hər bir şəxs öz həyat
və fəaliyyətinin nədən ibarət olduğu haqqında geniş məlumat əldə edir, onun təsirilə
“həyat düsturu”nun kamilləşməsi naminə dərin düşüncələrə baş vurmalı olur. Azərbaycan
xalqı, Azərbaycan dövləti, onun idarəolunması haqqında qayğılanan və düşünən hər
bir vətəndaş, hər bir ziyalı üçün bu kitabı oxumaq, mənimsəmək istənilən qədər
fayda verə bilər.
PS. Əbülhəsən Abbasovun ”Milli maraqlar və milli
ideologiya” kitabı məhdud sayda nəşr edildiyindən ona kitab mağazalarında rast
gəlmək mümkün deyil. Bu səbəbdən də əsərlə tanış olmaq istəyənlər AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna
müraciət edə bilərlər.
Seymur Əliyev





























































































