Taliyət Əliyev: “Ölkənin sabahı ilə bağlı məsuliyyətimizi dərk etdiyimizdən bu mövqeni sərgilədik”

Hazırda oxunan: Taliyət Əliyev: “Ölkənin sabahı ilə bağlı məsuliyyətimizi dərk etdiyimizdən bu mövqeni sərgilədik”

35094

Ölkənin ən tanınmış siyasətçilərindən olan ADP sədri Sərdar Cəlaloğlu 9 oktyabr seçkilərinin nəticələrindən narazı qalsa və bununla təhqir olunduğunu iddia etsə də Azərbaycan siyasətində daha bir yeniliyə imza ataraq İlham Əliyevin qalib gəldiyini etiraf  edən ilk real müxalifət lideri kimi də tarixə düşdü. Bunun ardından seçkilərlə bağlı rəsmi nəticələrin elan olunmasını gözləmədən partiyanın hakimiyyətlə əməkdaşlığa hazır olmasını bəyan etməsi isə təbii ki, cəmiyyətdə birmənalı qarşılanmadı və mətbuatda, sosial şəbəkələrdə dedi-qodulara rəvac verdi. Ancaq görünən odur ki, ADP bu qınaqlardan, ittihamlardan qətiyyən narahat deyil və demokratları narahat edən yeganə məqam ölkədəki siyasi münasibətlər sisteminin düşmənçilik səviyyəsinə çatmasıdır. Moderator.az-a açıqlamasında bunu ADP sədinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev bildirir: “ADP ilk dəfə deyil ki, ölkədə demokratiyaya tədrici keçid, iqtidar-müxalifət arasında düşmənçilik münasibətlərinin sivil münasibətlər müstəvisinə gətirilməsi və vətəndaş sülhünə nail olunması naminə hakimiyyətlə konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan edir. Xatırlayırsınızsa, 2005-ci il parlament seçkilərindən sonra ADP hakimiyyətlə qeyd etdiyim məsələlərlə bağlı siyasi dialoqa və konstruktiv əməkdaşlığa hazır olduğunu ilə bağlı rəsmi olaraq müraciət etdi. O zamanlar da ADP-nin bu mövqeyi müttəfiqləri tərəfindən birmənalı qarşılanmadı, hətta bizi xəyanətdə də ittiham etdilər. Amma zaman keçdi, 2005-ci ildə bizim sərgilədiyimiz mövqe bir çox müttəfiqlərimiz tərəfindən də səsləndi. Bu gün ADP-nin hakimiyyətlə bu sahədə konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etməsinin təməli 2005-ci ildə qoyulan siyasi kursun davamıdır və hesab edirik ki, bu gün buna 2005-ci ildən də daha çox ehtiyac var. Yəqin ki, prezident seçkiləri ilə bağlı keçirilən teledebatlara baxdınız. Həmin debatlarda iqtidar-müxalifət münasibətlərinin hansı səviyyədə olduğunun şahidi oldunuz. Bu münasibətlər sivil cəmiyyət qanunları ilə bir araya sığan münasibətlər deyil. Bu münasibətlər Azərbaycan cəmiyyətini vətəndaş qarşıdurmasına aparır. Ölkənin siyasi həyatında özünə məxsus yeri olan bir partiya kimi ölkənin sabahı ilə bağlı öz məsuliyyətimizi dərk edir və mövqeyimizi bəyan edirik. Ola bilər ki, mövqeyimiz birmənalı qarşılanmasın, kimlərsə bizi ittiham etsin. Amma bu mövqe xalqın xeyrinədirsə bu ittihamlardan narahat deyilik. Kimlərsə siyasətdə öz imici üçün çalışırsa bu ittihamlardan onlar qorxa bilər, xalqımızın mənafeyi naminə atdığımız addımlara görə kimlərsə bizi ittiham edirsə və edəcəksə belə hallar bizi qorxuda bilməz. Bizi qorxudan ölkədə iqtidar-müxalifət münasibətlərinin düşmənçilik səviyyədə olmasıdır.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin