Hüquqşünas Əlövsət Əliyev "Azadlıq" qəzetinə son müsahibəsində hakimiyyətə qarşı kəskin fikirlər səsləndirib. Hüquqşünas həm də qardaşı Sabir Rüstəmxanlının sədr olduğu Vətəndaş Həmrəyliyi Partiyasında təmsil olunur. VHP isə həmişə hakimiyyətə loyal münasibəti ilə seçilib. Bəzi müşahidəçilər Ə.Əliyevin kəskin fikirlərinin cavabsız qalmayacağını və onun hansısa formada cəzalandırılacağını bildirirlər. Moderator.az-ın "müsahibədən əvvəl cəzalanacağınızı göz önünə gətiribsinizmi?" sualına cavabında Ə.Əliyev bildirib ki, o, radikal, kəskin danışmayıb: "Ölkədəki real vəziyyəti demişəm.
Azərbaycan, demokratik, hüquqi, dünyəvi dövlətdir. Hər bir şəxsin azad fikir söyləmək hüququ var və biz hüquqşünaslar qrupu olaraq vətəndaşları seçkiyə çağırmışıq. Bu normal haldır". Hüquqşünas hesab edir ki, bu həm də hakimiyyətin uğurudur: "Ona görə ki, insanlar KİV-də fikirlərini açıq şəkildə ifadə edə bilir. Bu az-çox Azərbaycanda söz, mətbuat azadlığının , demokratik dəyərlərin olmasına əsas verən hallardandır. Bu kiminsə haqqında cəza tədbiri görülməsinə də əsas ola bilər. Baxmayaraq ki, müəyyən qrup insanlar buna görə cəzalandırılıblar". Ə.Əliyev əlavə edib: "Məncə, hökumət cəza tədbirlərinə əl atmayacaqdır. Əvvəlki cəzalandırmalar seçki öncəsi vəziyyətlə bağlı idi.
Hesab edirəm ki, seçkidən əvvəl radikal çıxışlar edənlər, insanları öz namizədinə səs verməyə dəvət edənlər seçkidən sonra bir araya gəlməlidir, qalibi təbrik etməli və növbəti seçkilərə hazırlaşmalıdırlar. Bütün namizədlər və seçicilər seçkidən sonra ölkədə stabillik olmasına çalışmalıdırlar ki, heç kimdə aqressivlik olmasın".
































































































