Bu gün iyulun 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında minaya düşərək şəhidlik zirvəsinə ucalan jurnalist, AzTv-nin operatoru Sirac Abışovun doğum günüdür.
O, şəhid olduğu gün həyatdan xatirələrə köç etdi. Bu gün onun doğum gününü Siracsız qeyd edirik.
Siracın qardaşı Şirzad Səmədov onun haqqında xatirələrini Bizim.Media ilə bölüşüb. Şirzad deyir ki, Sirac heç vaxt ad gününü təntənəli formada keçirməyi sevmirdi.
“O heç vaxt ad gününü təmtəraqlı keçirmirdi. Biz ona nə qədər təkid etsək də o, bunu özünə ar bilirdi. Hər zaman bizə deyirdi ki, “Mənə ayıb olar 2 gündən sonra Qubadlının işğal günüdür, mən də ad günü keçirim”. O, bunu özünə yaraşdırmırdı. 4 gün bundan əvvəl mənim ad günüm idi, ancaq gözlədiyim təbriki ala bilmədim, qardaşım mənə ürək sözlərini deyə bilmədi”.
MÖVZU İLƏ BAĞLI:
Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO
Şirzad deyir ki, Siracdan həyatda təbrik almasa da həmin günü o, onu yuxuda görüb. Şirzad yuxusundan danışdıqca sanki hadisələr xəyallarda deyil, real da canlanırdı.
“Yuxuda gördüm ki, mənim yanıma gəlib, deyir ki, “Niyə narahatsan? Elə bilirsən səni təbrik etməyəcəm?” Qardaşım məni heç vaxt unutmur. Bu gün onun ad günüdür. İndi mən bilmirəm ki, onu necə təbrik edim ki, qardaşım bunu hiss etsin”.
Şirzad qardaşı haqqında heç vaxt keçmiş zamanda danışmayacaq. O, Şirzad üçün həmişə yaşayır və yaşayacaq da...
“Sirac mənim üçün indi də var. O, mənim xatirələrim də deyil indidə yanımdadır, ürəyimdədir. Mənim son nəfəsimə qədər də hər zaman Sirac mənimlə olacaq”.
Şirzad qardaşından danışdıqca, xəyalları göz önümdə canlanır. Qardaşının sözlərindən bir daha anlayıram ki, qəhrəmanlar heç zaman ölmür. Sadəcə, onlar bir məkandan digərinə köç edir. Ağır-ağır, uzun-uzun yol gedir.
“Qardaşım çox mərd insan idi. Vətənpərvər eyni zamanda çox kövrək biri idi. İnandırım sizi o, heç vaxt Xocalı hadisələri ilə bağlı filmlərə sona qədər izləyə bilmirdi. Sirac “Fəryad” filminə də baxa bilmirdi. Bizim dayımız Qarabağ müharibəsində şəhid olub. Hər zaman anam bu filmi görəndə, kövrəlirdi, halı pisləşirdi. Sirac da “Fəryad” filmi nümayiş olunanda, kanalı tez dəyişirdi ki, anam görməsin”.
Öz şəhidlik zirvəsi ilə qəhrəmanlıq dastanı yazan Siracın sanki bir gündə yaşının üstünə yaş gəldi. Sanki o, dünyada qısa deyil, yüz illərlə mənalı bir ömür yaşadı.
“Sirac yaşda məndən kiçik olsa da bu gün düşünürəm ki, o, məndən çox böyükdür. O, yetişdiyi məqamı ilə yüksəklərə qalxdı, bu isə hər adama nəsib olmur. Sirac sanki ölümü ilə bir gündə yüz yaş böyüdü”.
İndi Siracın özündən sonra Özgür adında bir yadigarı var. Bəlkə də bu onun ailəsi üçün özündən sonra qoyduğu bir təsəllisidir. Özgürün adını da Sirac özü qoymuşdu...
“Sirac Özgürünü doyunca əzizləyə bilmədi. Son dəfə Ramazan ayında evə ezamiyyətə gəlmişdi. Onda Özgür təzəcə ayaq açmağa başlamışdı. Evdən çıxanda yoldaşına və anama dedi ki, Özgürü elə öyrədin ki, mən gələn dəfə evə gələndə məni qaça-qaça qarşılasın. Ancaq çox heyif ki, Sirac övladının ilk addımlarını baş daşından seyr etdi. Özgür ilk dəfə yeriməyə başlayanda, biz onu Siracın ziyarətinə apardıq”.
Şirzad qardaşı ilə son görüşünü isə belə xatırlayır:
“Son dəfə biz may ayının 19-da bir yerdə Qubadlı da olduq. Dondarlı kəndindəki dağılmış ata yurdumuza baş çəkdik. Sirac öz doğma torpaqlarımızda çox xoşbəxt idi, sevincdən gözləri gülürdü. Sirac o torpaqlara ayaq basa bilməsinin sevincini yaşayırdı”.
İndi Siracın ailəsinin bir təsəllisi var. Onun yüksək məqamı, şəhidlik zirvəsi onlara hər gün bir az ümid verir.
“Mən Siracın ölüm xəbərini eşidəndə özümdə deyildim. Lakin onlara şəhidlik statusu verəndə, bununla ürəyimə su çiləndi, sanki təsəllimi onda tapdım. İnşallah ki, o, Allah qatında şəhidlik məqamındadır. Ölüm hamı üçün var, ancaq şərəfli ölüm hər adama nəsib olmur. Sirac isə yaşadığı kimi, həyatla da şərəflə vidalaşdı”.
Sirac haqqında qardaşından eşitdiyim sözlərdən sonra başa düşdüm ki, insan sonradan qəhrəman olmur, dünyaya göz açanda qəhrəmanlıq onun alnına yazılır.
Şəhidlik ölüm deyil, ölümün qəhrəmanlığıdır.
Ad günün mübarək, Sirac...
Yaxşı ki, yolun bu dünyadan keçdi…
Vüsalə Balayeva, Bizim.Media