Məhşur “91-lər”in nümayəndəsi Ariz Abduləliyev Moderator.az-a bir yazı göndərib, onu olduğu kimi təqdim edirik:
Özünü şoumen adlandıran Kamran Həsənlinin iştirak etdiyi və ya apardığı verilişlərə mümkün qədər baxmaq istəmirəm. Olub ki, əvvəllər bəzi verilişlərinə baxmışam, olur ki, hərdən baxıram da. Amma “Spase” kanalının “Qış nağılı” adlı iki hissəli yeni il çəkilişindəki və bir klipdəki “aşıq” roluna baxandan sonra, açığı, ondan lap zəhləm getdi. Bu səbəbdən, onu televizorda görən kim kanalı çevirirəm. Telekanalı dəyişmək hüququ insan üçün nə böyük azadlıq, xoşbəxtlik imiş! Xoşuna getməyən verilişi də, aparıcını da həmən an görmürsən və eşitmirsən. Kanalı çevirmək olmasaydı, inanın, Azərbaycan əhalisi telekanallırmızdakı verilişlərin və aparıcıların, efiri bürümüş qeyri-peşəkar və əttökən komiklərin sayəsində ürək xəstəliklərinə tutular, infarkt keçirər, yaxşı halda əsəbləri pozulardı. Bəlkə rəhmətlik Mirzə Ələkbər Sabir televiziyanın olmadığı vaxtlarda “harda müsəlman görürəm, qorxuram” sözünü belə oyunbazlara (xalqımız aktyora və şoumenə oyunbaz deyir), yaxud danışanlara görə yazıbmış?..
Düzü, bu adamın həmişə özündən çox razı halda xalqı təhqir etdiyini
görəndə, məni ona qarşı gülüş qarışıq bir yazıqlıq hissi bürüyür. Görəsən,
televiziyada qətiyyən görmək istəmədiyim bu şoumenə niyə yazığım gəlir?
Əvvəla deyim ki, “tənqid” yox, “təhqir” ifadəsini bilərəkdən
işlətdim. Bu adam danışığı ilə “hər şeyi bilən diletant” olduğunu nümayiş
etdirsə də, işi-gücü efirdə milli mentaliteti “tənqid etməkdir”. Efirə çıxanda
xalqımızın özündən razı olduğunu, “mənəm-mənəmliyə” tutulduğunu, özünü “analoqu
olmayan” zənn etdiyini deyir, üstəlik xalqın adət-ənənələrini, dini inancını,
əxlaqını, qadınlarını, kişisini, mətbəxini, musiqisini, mollasını, geyimini,
aşıq sənətkarını ironiya hədəfinə çevirir.
Kamran Həsənli ”“ Azərbaycan efir məkanının “həmişə haqlı” personu.
Kamran Həsənli ”“ Azərbaycan efir məkanının “həmişə tənqidçi” personu.
Kamran Həsənli ”“ Azərbaycan efir məkanının “nə deyirsə, düş deyən”
personu.
Kamran Həsənli ”“ Azərbaycan efir məkanının “həmişə özündənrazı”
personu.
Kamran Həsənli ”“ Azərbaycan efirində xalqa yol göstərən “universal
mədəniyyət eksperti”.
K. Həsənli həmişə efirdən mentalitet söhbətinə başlayıb, onun nə
olduğunu millətə “izah” eləyəndə və adətinə rəğmən milləti başdan ayağa “alt-üst”
eləyəndə, onu efirə çıxarıb belə şeyləri ondan öyrənən TV işçilərinə “xoşa
halınıza” deyirəm. Elə belə “xoşa” bəxtəvərliyi ilə bərabər Kamrana da yazığım
gəlir. O danışan kimi, nədənsə elə
zavallı görsənir ki, gülmək qarışıq halına da vaysınıram. “Mentalitet eksperti”
boş danışıqlarına elə ciddi sifət verir ki, yazığım gəlməyə bilmir. Allaha
yalvarıram ki, bu şoumen-teleaparıcı-ekspert bəndəsinə yazığı gəlsin, Quranda
yazıldığı kimi, onun ağlını və qəlbini bağlamasın. Neyləmək olar,
telekanalların köhnə şakəridi, danışmağa mövzunu bilən ekspert, mütəxəssis
dəvət edə bilməyəndə, mövzunu ya mahnı oxuyanlara izah elətdirir, ya da
“süjetimiz var” deyib, üz tutur ekstravakant stilistlərlə qədeş meyxanaçılara,
ən yaxşı halda mövzudan qətiyyən xəbəri olmayanlara, ya da yaxşı əl çalmağı
bacaran Badamdar, Yasamal “ekspertlərinə”. Çox ciddi mövzular haqqında sual
verib, müsahibin əvəzinə özü də cavab verən; verilişdə hamıdan çox danışan;
elementar sual vermək mədəniyyəti və şəxsi mədəniyyəti olmayan; verilişdə aparıcılıq
edə bilməyən, aparıcılığın adi “əlifba
qaydaları”na riayət eləməyən; başqalarına ironik atmacalar atan;
aylarla-illərlə insanların zəhləsini aparan teleradio aparıcılarını ölkədə bir
sinif kimi ləğv etmək lazımdır! Görəsən, teleradio rəhbərləri aparıcı seçməyi
və aparıcı seçəndə ictimaiyyət qarşısında məsuliyyətli olmağı nə baxt
öyrənəcəklər?!
Birini deyim, siz də gülün. Günlərin bir günü həmən Kamran Həsənli
Telli Borçalını (təəssüf ki, bu qadının soyadını bilmirəm) verilişə dəvət edib,
özünə müsahib elədi. Verilişində intellektual sual verdi ki, bəs “Koroğlu”
dastanını ilk dəfə kim yazıya alıb? Sonra da ürəyi soyumadı, İnternetdə
intellekruallıq (!) barədə özü müsahibə verdi, bu dəfə də Telli Borçalını
intellektual mövzusunun “primeri” elədi, saz çalıb-oxuyan bu qadını ittihamladı
ki, ayə, Azərbaycan sənətçisi niyə Jorj Sandın dastanı yazıya almasından bunca
bixəbərdi?
Bu nə sual, bu nə məsuliyyətsizlik, bu nə diletantlıq, bu nə düşüncə,
bu nə nəticə? Aşığa da belə sual verərlər? Məgər “Space” kanalının bütün
peşəkar işçiləri, aparıcıları televiziya tarixi və nəzəriyyəsi bilirlər? Bəlkə
Azərbaycanda baxılan ilk televizorun adından xəbərləri var? Məgər V.
Mustafayevin kinoya çəkdikləri aktyor sənətinin tarixini bilirlər? Məgər qəzet
işçiləri ilk mətbəənin kim tərəfindən yaradıldığını bilirlər? Məgər
Azərbaycandakı şoumenlər və aparıcılar şou estetikasına və teleaparıcılığa dair
dünya ədəbiyyatlarını oxuyublar? Məgər şair olmaq üçün mütləq ədəbiyyat tarixi
və nəzəriyyəsi üzrə dərslikləri oxumaq gərəkdir? Muğam ustadı Arif Babayevdən,
yaxud Əlibaba Məmmədovdan soruşsan ki, Üzeyir Hacbəyli Rast ladının səsdüzümünü
necə göstərib, əlbəttə heç biri bilməz. Bu suala heç ustadlar ustadı Cabbar
Qaryağdıoğlu, yaxud Qurban Pirimov da cavab verə bilməzdi. Lap yaxşı da eləyib
cavabı bilmirlər və vermirlər. Çünki xanəndəlik sənətinin özünün peşə qanunları
və cəmiyyət qarşısında rolu var. Peşəkar xanəndənin Motsartı tanımaması da
qəbahət deyil, necə ki Avropada musiqi peşəkarları Şərqin professional musiqi
janrı olan muğamı, yaxud Şərqin Avropa tipli ilk peşəkar bəstəkarı Üzeyir bəyi
tanımamağa və ya Stravinskini dinləməməyə normal yanaşırlar.
Başa sala bilmək üçün lap K. Həsənlini misal göstərim. Elə bilirəm,
K. Həsənli konservatoriyanı klarnet (nəfəs aləti) ixtisası üzrə birib. İnanıram
ki, ixtisasını bilir, yəni klarnet də, digər nəfəs alətlərini də çalmağı
bacarmamış deyil. Amma bir kimsə ondan soruşsa ki, Kamran Həsənli müəllim,
dünyada klarnet haqqında ilk kitabı kim və nə vaxt yazıb, haqqüçünə deyər ki, bu
sualın mənim peşəkar klarnet ixtisasıma aidiyyatı yoxdur.
Tam məsuliyyətimlə deyirəm ki, K. Həsənli Telli Borçalıya verdiyi
sualını Aşıq Ələsgərin özünə belə versəydi, cavab ala bilməyəkdi. Çünki aşıq
yaddaşında yüzlərlə bənd şeir, onlarla melodiya və dastan saxlayır, onun
peşəkar vəzifəsi aşıq havalarını və dastanlarını yüksək peşəkarlıqla ifa
etməkdir, aşıq ənənələrini və aşığın minillik repertuarını yaşatmaqdır. Yeri
gəlmişkən, aşıq sənətində qıfılbənd janrı var. Bu janrın tələbi deyişən aşığın
bədahətən sual verməsindən və qarşıdakı aşığın bədahətən cavab verməsindən
ibarətdir. Əgər K. Həsənli ustad deyişmələrindəki qıfılbəndlərə baxsa,
sualların necə çətin və mürəkkəb olduğunu görər. Sirr deyil ki, aşıq
sənətkarlığında ustadlıq həm də çoxsahəli biliyi, məlumatlılığı nəzərdə tutur.
Və K. Həsənlinin Telli Borçalıya yönəlik
“intellektual testinin” cavabsız qalmasında intellektuallıq adlı nəsnə ilə bir
əlaqə yoxdur. Bir də Kamran Həsənli aşıqların qəfəlbənd şeirlərində müxtəlif
sahələrə aid suallara cavab verə bilərmi?
Qətiyyən! Lap Kafka ilə birlikdə yüz il baş sındırsa belə... Kamran
Həsənlinin “məntiqi” ilə yanaşsaq, özü qarışıq heç kimin intellektual səviyyəsi
olmaz ki! “Koroğlu” dastanının kim tərəfindən yazılmasını bilməməyi aşığa
qəbahət tutmağın özü savadsızlıq deyilmi?
...Ötən şənbə (21 sentyabr) televiziyanı açanda birbaşa ANS kanalını
göstərdi və efirdə “İncə maraqlar” verilişinin getdiyini gördüm. Lənət kor
şeytana, gördüm ki, Kamran Həsənli yenə də adətinə xilaf çıxmayıb
mentalitetimizi incələyir və milli mentalitetin “incə maraqlar” kontekstindən
“təhlilini” aparır. Efirimizin, bəlkə də
ölkəmizin “baş şoumeni”nin efir mədəniyyətini, danışıq etiketini bir daha
izləmək, həm də bir az gülmək üçün, istəməsəm də verilişə baxmaq qərarına
gəldim. Səhv eləmirəmsə, onu həmin
verilişdə bir, ya iki dəfə görmüşdüm. Əvvəl nə danışıbsa, indi də həmən onu
danışdı.
Verilişdəki stilist Samirin termini ilə desək, “avara geyim”
üslubunda geyinmiş, tam “sərbəst” (!) oturmuş, danışığı, geyimi və oturuşu ilə
milli mentalitetinə “meydan oxuyan” Kamran Həsənli verilişdə nədən danışdı?
Soruşun nələrdən danışmadı?
Deyim ki, televiziya və radiolarda işləyən savadsızların sayı
günbəgün azalmaqdan, əksinə, artmaqdadır. Mentalitet mövzusunda, həm də
Azərbaycan ənənəsində qadın azadlığına dair elə aşağı səviyyəli verilişlər,
sorğu-suallar, danışıqlar yayımlayırlar ki, elə bil mentalitet, qadın azadlığı
adlı nəsnə və Azərbaycan adlı ölkə bunların, əstəğfürullah, əzəli nəsil-qan düşmənidi. Bilmədiyiniz
mövzunu təşkil edə bilmirsinizsə, eləməyin. Bu mentalitetimizə niyə qənim
kəsilibsiniz? Milli mentalitetimizi ayrı-ayrı fərdlərinin əxlaqslızlığı,
səviyyəsizliyi səviyyəsinə endirmək qədər savadsızlığınızı, bacarıqsızlığını və
mədəniyyətsizliyini nədən bu qədər bol-bol nümayiş etdirisiniz? Ölkəmizdə
televiziya, radio deyilən şeylər yəni bu qədər...
Kamran Həsənli verilişdə əvvəlcə bir xeyli Azərbaycan xalqının nədən
mədəniyyətsiz, geri qalmış, dünyadan bixəbər, tərbiyəsiz olmasını saxta
artistizmlə, bir qədər də Türkiyə ləhcəsində “şərh” elədi, xalqın sərhədi
keçəndə mədəniyyətsiz xalq kimi tanınmağını, özünü apara bilməməsini yenə də öz
üslunda xır-xır “xırdaladı”; sonra
tamaşaçılara sakit danışmağın, maşın sürməyin, növbədə dayanmağın da
mədəniyyət olduğunu “izah” elədi. Sonra keçdi öz mövzusuna, yəni mentalitetə.
Yenə də ürəyi boşalana qədər xalqın ünvanına “döşədi”. Eləmə tənbəllik,
mentaletin axarında həcc ziyarəti mövzusundən dini əxlaqa adladı, hacı və
hacılıq haqqında bir lətifə danışıb, reklamlardan sonra baş vurdu ev xanımının
geyimi ilə müğənni qadının səhnə geyimləri arasında fərqə, tamaşaçılara başa
saldı ki, bəs qadın səhnədə bədəninin gözəlliyini mütləq göstərməlidi, buna
görə də açıq-saçıq geyinməkdə qəbahət yoxdu. Hətta bir aktual məsələni də
unutmadı, izahladı ki, bizim camaat Avropanın açıq-saçıq geyinmiş müğənnisini
görsə deyər ki, “az, ayıbdı, bu nə geyimdir, bizim mentalitetimiz var,
abırın-həyan olsun”. Sonra da xalqın bu yanaşmasını qiymətləndirdi: Bu
mədəniyyətsizlikdi! Nəhayət qızların qaşını almasından da danışdı. Əlqərəz, lap
axırda tamaşaçılara irad tutdu ki, mentalitetin nə olduğunu bilmək üçün heç
olmasa kompüterdə bu sözü yazıb mənasını öyrənsinlər. Bu yerdə Kamranı sağ
olsun, tamaşaçılara Kafkanı oxumağı yox,
çox asan bir məsələni başa saldığını da anlatdı. Bəli də nə çətin şeydir ki,
kompüterdə “men-ta-li-tet” yazsınlar və oxuyub, nə demək olduğunu bilsinlər.
Mən verilişə Səidə adlı aşağı-orta səviyyədə oxuyan müğənninin,
dəvətli xanımın da mentalitet
məsələlərinə nə qədər ironiyalı və “tənqidi” yanaşdıqlarını gördüm və çox (!)
təəssüfləndim - onlara yox, ANS-ə...
Verilişi xatırlamağımın bir səbəbi də var. Kamran Həsənli verilişdə
xalqımızı “özündən razı” adlandırdı və üstəlik bu qədər özündən razılığa “mani
veliçi” dedi, belə şeyləri psixi anormallıq, çatışmazlıq kimi şərh elədi. Həm
də sakit danışmağın da mədəniyyət
olduğunu milyonlu auditoriyaya xatırlatdı. Azərbaycan xalqının ünvanına bunları
deyəndə və veriliş boyu onun özündən razı oturuşuna, özündən razı
intonasiyalarına, özünə qarşı olan razı görkəminə, bərk-bərk danışmağına, həm
də danışanda göz bəbəklərini necə geniş açmasına baxıb düşündüm ki, bəlkə K.Həsənli xalqı
özündənrazılıq xəstəliyində və bərk danımaqda ittiham eləyəndə, ilk növbədə özünü nəzərdə tutur? Bəlkə özünün
bu qədər özündənrazılıq və bərk danışmaq mərəzinə tutulmasından xəbəri yoxdur.
Nə isə, adama yenə də yazığım gəldi, dedim iki-üç kəlmə nə olan şeydi, yazım ki
bəlkə necə bir vəziyyətdə olduğunu anlasın.
Sonda bir neçə kəlmə K. Həsənliyə aid olmayan məsələlər barədə, özü
də qısaça.
Sən demə, “tənqidbazlıq” adətkarlığı var imiş...
Sən demə, milli natamamlıq kompleksləri yaşayanlar öz
çatışmazlıqlarını başqalarında axtarır və bu üzdən xalqı həmişə tənqid
edirlər...
Sən demə, ifrat özündənrazılıq kimi, ifrat özünütənqid də
xəstəlikdir...
Sən demə, beyində, düşüncədə, əməldə, sözdə “tənqidçilik” formatı
stereotipşirsə, tənqid eləmək bir növ adətkarlığa çevrilirsə, bu adamın
psixikasında pozuntulara, anormallığa
meyllər yaranır və tənqid eləməyəndə başı ağrıyır...
Sən demə, ermənilər Azərbaycan xalqını təhqir etmək istəyəndə
dünyanın hər yerində bizlərə qarşı Mirzə Cəlildən, Sabirdən və c. sitatlar
gətirirlər, bizləri satirik və ironik fonda vəhşi, anti-humanist, oxumaq
istəməyən, bir-birinə nifrət edən xalq
kimi təsvir edirlər və bu, düşməni dünya gözü qarşısında arqumentli alçatmağın
köhnə metodu imiş...
P.S. İstərdim, Azərbaycan Milli Televiziya və Radio Şurası adlı qurum
telekanallardakı və radiolardakı verilişlərin məzmunu, səviyyəsi üzərində
tez-tez monitorinqlər aparsın, hərdən öz mövcudluğunu ictimaiyyətə göstərsin.
Vallah, Azərbaycan efiri bəzi aparıcılardan necə illərdir yorulubdu, bezibdi.
Azərbaycan televiziları və radioları bu gün ölkədə kütləvi
narazılığın obyektidir.
Tamaşaçıları televiziyalardakı verilişlərdən və aparıcılardan xilas
edin!































































































