Bakıətrafı qəsəbələrətəhkim olunan təcili tibbi yardım maşınlarının sayının azlığı yenidən gündəmə gəlib. İctimaiyyətdə dəfələrlə bununla bağlı şikayət və narazılıqlar baş qaldırsa da, aidiyyəti qurumlar təcili tibbi yardım maşınlarının ərazilərə bölünməsinin əhali sayına uyğun həyata keçirildiyini əsas gətirir. Ölkədə pandemiya mövcud olandan təcili tibbi yardım maşınlarının çağırışlara gecikməsi daha çox müşahidə olunur.
Bu da nəticə etibarilə ölkədə təcili tibbi yardım maşınlarının sayının az olması ilə əlaqələndirilir.
Növbəti belə bir şikayət Suraxanı rayonu Hövsan qəsəbəsindən gəlib. Sosial şəbəkədə yayılan videogörüntüdə 85 minə yaxın əhalisi olan qəsəbədə yalnız 2 təcili tibbi yardım maşının çalışdığına işarə edilib. Həmçinin təcili tibbi yardıma cəlb edilən həkimlərin sayının da az olması qeyd edilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin rəsmisi Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında hər ərazi üzrə əhali sayına uyğun təcili tibbi yardım briqadası ayırıldığını deyib:
“Təcili yardım briqadası faktiki qeydiyyatda olan əhalinin sayına görə hesablanır. Qeydiyatda olmayan əhalinin sayının çox olması və pandemiya ilə bağlı çağırışların sayının artmasına görə gecikmələr olur”, deyə Elvin Hacıyev problemə bu cavabla yekun vurub.
Qeyd edək ki, 2018-ci ildə Səhiyyə Nazirliyi paytaxtda 138 təcili tibbi yardım briqadasının fəaliyyət göstərdiyini açıqlamışdı.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA
Nəzərə alsaq ki, paytaxtda 3 milyona yaxın əhali yaşayır. Göstərilən rəqəm paytaxt rayonlarının və əhalisin sayına adekvat deyil. Hər rayona təxminən 10-11 briqada düşür ki, bu da insanların sağlamlığını təhlükə altına alır.
Alçina Amilqızı, Bizim.Media