Jurnalist Nicat Əliyev və daha doqquz dini fəalın Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 26-da keçirilməli olan məhkəməsi təxirə düşüb. Moderator.az-ın “Media forum”a istinadən xəbərinə görə, vəkil Yalçın İmanov deyib ki, səbəb dörd vəkilin prosesə gəlməməyi olub.
Proses oktyabrın 3-nə təyin edilib.
Təqsirləndirilənlər qanunsuz olaraq narkotik vasitə saxlamada; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunurlar.

































































































