Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub.
Xatırladaq ki, qeydiyyat üçün təxmini 12.000 insanın baş vurduğu müsabiqədə yalnız 27 nəfər fərqlənə bilib.
Bizim.Media müsabiqədə öz bacarığı və blikləri ilə digərlərindən seçilməyi bacaran, 27 nəfər qalibdən biri Tural Feyzullayevlə həmsöhbət olub.
Haşiyə: T. Feyzullayev 1990-ci ildə anadan olub. Hazırda o, “AccessBank”da Hüquq və Komplayens departamentinin rəhbəridir. T. Feyzullayev Mərkəzi bankda və ləğv edilmiş maliyyə bazarına nəzarət palatasında çalışıb. Onun hüquq karyerası sırf maliyyə bazarlarına nəzarətlə əlaqəlidir. O, təhsilini ilk olaraq Dövlət İdarəçilik Akademiyasında hüqüq fakultəsində, daha sonra isə Fransanın Tuluza universitetində Beynəlxalq Biznes Hüquqi üzrə magistr dərəcəsi ilə davam etdirib.
-Tural bəy, hazırda yetərincə yüksək post tutursunuz, “Yüksəliş” müsabiqəsində iştirak etmək ideyası sizdə haradan yarandı? Bu layihədə iştirak etmək niyyətiniz nə idi?
- O zamanlar mən dostumla bir yerdə Mərkəzi Bankda çalışırdıq. Bir yerdə müsabiqədə iştirak etmək qərarına gəldik. Məhz sırf müsabiqənin mahiyyətində idarəçi rəhbərlər məsələsi var idi deyə, özümü müsabiqədə iştirak etmək üçün uyğun hesab etdim. Ancaq əsas məni cəlb edən nöqtə orada təklif olunan fərdi inkişaf proqramı oldu. Oradakı mentorlar kifayət qədər nüfuzlu şəxslər idi. Bu insanlardan bir il ərzində fərdi inkişaf proqramı öyrənmək mənim üçün ən cəlbedici xüsusiyyət idi. Bu cür uğurlu insanlarla “oturub - durmaq” belə bizim üçün böyük təcrübə ola bilər. Ona görə düşünürəm ki, o insanlarla mentorluq proqramından keçmək məndə olan rəhbərlik təcrübəsini inkişaf etdirməyə şərait yaradacaq.
- İmtahanlarda olan sınaqlar sizin gözləntilərinizi doğrultdumu? Yoxsa düşünürsünüz ki, suallar, testlər və qarşınıza qoyulan tapşırıqlar bundan daha da yaxşı ola bilərdi?
- Hər zaman düşünmək olar ki, daha yaxşısı ola bilərdi. Amma düzü hazırda mənim düşüncəmdə elə bir alternativ yoxdur deyim ki, bundan yaxşısı budur bu olmalı idi. Ona görə mən müsabiqənin keçirilmə kriteriyalarını çox bəyənirəm. Ən əsas məsələ mən onun şəffalığına güvənirdim. Bunu təşkilatçılıqdan hiss etmək olurdu. Əgər mən testdə qalib gələ bilmişəmsə demək bu şəffafdır və heç bir tapşırıq olmayıb. Çünki mənim dövlət sektorunda heç bir yüksək vəzifəli qohumum, dostum yoxdur. Bizim nəsildə ən böyük vəzifəsi olan elə özüməm (gülür). Məsələn bir çox insanlar var idi ki, suallara cavab verəndə daha çox canfəşanlıq göstərirdilər. Çox danışmağa başlayırdılar sanki, bu onlara daha çox xal gətirəcək. Həmin o insanların çoxu növbəti mərhələyə keçə bilmədilər. Mən düşünürəm ki, yarışın keçirilməsi, qoyulan sualların düzgün seçilməsi kifayət qədər professional idi.
- Yüksəliş müsabiqəsində iştirak etdiniz və qalib oldunuz, gələcək hədəfləriniz, planlarınız nədir?
- Biz abituriyent olanda sinif yoldaşlarımızla belə bir sloqanımız var idi. Hədəf hər zaman 700 baldır. Konfutsinin belə bir kəlamı var, deyir əgər ağaca çıxmaq istəyirsənsə, ulduzları hədəf almalısan. Məndə düzünü desəm, hansısa bir vəzifə ilə bağlı xüsusi hədəfim olmayıb. Əsas hədəfim qlobal və ya lokal formada bir dəyəri yaradıb irs qoymaqdır. Hanısa bir vəzifədə olmağı da çox niyyətlənmirəm. Əsas nəticə insanlara, ətrafına və cəmiyyətə töhvə verməkdir.
- Sirr deyilsə qazandığınız mükafatı hansı istiqamətdə xərclədiniz?
- Hələ xərcləməmişəm. (gülür) Məbləğin 10.000 manatı qaliblərin ancaq şəxsi inkişafı və təhsili üçün nəzərdə tutulub. Bu 10.000 manat bizə istədiyimiz yerə xərcləmək üçün verilmir. Digər məbləğ isə sırf şəxsi xərclər üçün nəzərdə tutulub. Bu məbləğ artıq bank kartımıza köçürülüb. Mənim bu məbləğdə xərcləmə təyinatımdan əsası dost-tanışa verdiyim qonaqlıq sözləridir. (gülür) Digər hissəsini yenə də çalışacam şəxsi inkişaf və təhsilimlə bağlı xərcləyim ya da onu investisiya kimi dəyərləndirməyi düşünürəm. Məsələn bu məbləği bankda depozit kimi dəyərləndirə bilərəm.
- Maraqlı söhbətinizə sizə təşəkkür edirəm.
- Mən sizə minnətdaram.
Vüsalə Balayeva, Bizim.Media
QEYD: Material Media Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 26.08.2021
"Hansısa bir vəzifədə olmaq üçün çox da niyyətlənmirəm" - "Yüksəliş" qalibi - MÜSAHİBƏ
Hazırda oxunan: "Hansısa bir vəzifədə olmaq üçün çox da niyyətlənmirəm" - "Yüksəliş" qalibi - MÜSAHİBƏ
Hazırda oxunan: "Hansısa bir vəzifədə olmaq üçün çox da niyyətlənmirəm" - "Yüksəliş" qalibi - MÜSAHİBƏ
34359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.