Azərbaycanda Xəzər dənizinin suyu içməli olacaq

Hazırda oxunan: Azərbaycanda Xəzər dənizinin suyu içməli olacaq

34100

Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks istismara hazırdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Moderator.az-a verilən məlumata görə, sözügedən zavod və kompleks Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndinin ərazisində yerləşir.

Nazirlikdən “Media forum”a bildiriblər ki, Azərbaycan regionda ən az şirin su ehtiyatına malik ölkədir. Ona görə də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini vurğulayıb və bununla bağlı lazımi tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıb.

Həmin vaxtdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz suyunun duzsuzlaşdırılması üçün tədbirlər planı hazırlayıb. İnfrastruktur imkanları günə 20 min kubmetr olan, ilkin mərhələdə gündə 1000 kubmetr dəniz suyunu duzsuzlaşdıra bilən zavod və müasir tinglikdən ibarət kompleksin inşası üçün pilot layihənin icrasına start verilib.

Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılıb və bir müddət sınaq rejimində yoxlamadan keçirilib. Sonra zavod əsaslı rejimdə fəaliyyətə başlayıb. Hazırda müəssisədə gün ərzində 1000 kubmetr həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında əkilmiş ağacların suvarılmasında istifadə olunur. Gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.

Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti vurğulayır ki, bu layihə Abşeron yarımadasında və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşılığında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından mühüm strateji əhəmiyyət kəsb edir: “Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin