“Gəl, şəkil çəkdirək, ataya yollayacağıq” – 5 yaşlı ŞƏHİD oğlunun TƏK TƏSƏLLİSİ 

Hazırda oxunan: “Gəl, şəkil çəkdirək, ataya yollayacağıq” – 5 yaşlı ŞƏHİD oğlunun TƏK TƏSƏLLİSİ 

33892

Gedəcəyim ünvanın həyacanı məni gecə yatmağa qoymamışdı. Səhər başağrısı ilə oyanmağıma baxmayaraq, həyacan məni şəhid qapısını açmağa tələsdirirdi. Avtomobil ünvana yaxınlaşdıqca, boğazımdakı qəhər sanki getdikcə böyüyərək nəfəs almağımı əngəlləyirdi. Budur, gəlib mənzilbaşına çatdıq – Vətən müharibəsi şəhidi, polkovnik - leytenant Abakar Hacıyev...

Məni ilk olaraq şəhidin qaynanası Fatimat müəllimə qarşılayır. Onunla telefon danışıqlarımdan yaxşı bilirdim ki, həyat yoldaşı Arzu Abakarın ölümünə necə yanır...

Vətən Müharibəsi başlayan ilk gündən cəbhəyə yollanan Azərbaycan Milli Ordusunun zabiti Abakar Məhəmməd oğlu Hacıyev Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə  şücaətlə, cəsarətlə vuruşub. 2020-ci il oktyabrın 26-sı Şuşa ətrafında gedən döyüşlərdə - Qırmızı Bazar adlanan yaşayış məntəqəsinin "Şexer" deyilən ərazisində artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanaraq şəhid olub. 

Abakarın şəhidlik zirvəsinə ucalmasından sonra onunla bağlı heç vaxt müsahibə verə bilməyən həyat yoldaşı Arzu Hacıyeva ilk dəfə olaraq Bizim.Media-ya danışıb. 

"Abakarı son dəfə bu evdən yola salmışam. Yenidən bu evə qayıtmaq mənim üçün çox ağırdır. Burada hər şey onu xatırladır”.

Şəhid xanımının sözlərinə görə, Abakar ona müharibəyə getdiyi barədə bir kəlmə belə deməyib. O, sentyabrın 26-da evdən çıxarkən təlimə getdiyini bildirib. 

Arzu xanım həyat yoldaşı ilə son dəfə telefonla əlaqə saxlamasından danışdıqca, o günə yenidən qayıdır. O, ömür-gün yoldaşı ilə şəhidlik zirvəsinə yüksəlməmişdən bir-neçə saat əvvəl danışıb.

“Oktyabrın 26-sı idi. Hər zaman olduğu kimi evə zəng vurdu. Hiss etdim ki, sanki bizimlə vidalaşır. Mənə “Uşaqları sənə əmanət edirəm, mən irəli gedirəm, özündən muğayat ol”- dedi".

Arzu xanım həyat yoldaşının şəhid olduğu günü xatırladıqca, sanki üzündəki əzab izləri daha da dərinləşir. Xanım dəhşətli dəqiqələrdən danışır: 

“Oktyabrın 26-da əvvəl bizə Abakarın yaralı olması barədə xəbər gəldi. Mən uşaqları da götürüb Qusardan Zaqatalaya getdim. Lakin kəndə çatanda hər şey mənə aydın oldu. Abakar müqəddəs saydığı Azərbaycan üçün, Vətən uğrunda şəhid olmuşdu”.

Vətənpərvər zabitin həyat yoldaşı Abakarsız ona nə qədər çətin olsa belə onunla fəxr etdiyini qürurla dilə gətirir:

"Mən fəxr edirəm ki, belə bir sadə, vətənpərvər zabitin həyat yoldaşıyam".

Abakarın ölümü ilə barışmayan təkcə Arzu xanım deyil. Onun üçün nə qədər ağır olsa da, şəhid yoldaşının üç yadigarı üçün ayaqda dik durmağa çalışır. Axı o, Abakara söz verib.

Şəhidin yadigarı 10 yaşlı qızı Elvira da atasının igidliyindən, xasiyyətindən, əməllərindən danışdıqca gözləri parıldayır. Ləyaqətlə canını torpağa fəda edən atası onun qəlbində, gözlərində hmişəki kimi sağdır. O, atası ilə qürur duyduğunu deyir. 

Şəhidin digər yadigarı olan böyük oğlu Hacı "YAŞAT" Fondu və "ASAN" könüllülərinin Lənkəranda təşkil etdiyi düşərgəsində olduğu üçün onunla  görüşə bilmirəm. 

Şəhid ailəsi ilə foto çəkdirmək istəyəndə A.Hacıyevin 5 yaşlı oğlu Eldarın etirazı ilə rastlaşıram. Eldarı dilə tutmaq isə bizə çətin başa gəlir. Birdən Arzu xanımın üzünü oğluna tutub “Gəl, şəkil çəkdirək, ataya yollayacağıq” deməsi bütün bədənimi süstləşdirir. Eldar isə bu sözü gözləyirmiş kimi dərhal yanımıza gəlir. O, atası üçün kamera qarşısına keçir. Sanki o, aylardır həsrət qaldığı atasını o kiçik kameranın gözündə görmək ümidi gəzirdi...
 

MÖVZU İLƏ BAĞLI:

Doğum günündə nəşi tapılan şəhid “Sənanın hekayəsi”... - VİDEO


İndi Abakar doğulduğu Zaqatala rayonunun Dardoqqaz kənd məzarlığında əbədi uyuyur. 

Bir şəhid vardı, sakitcə məzarında uyuyan... Bir qadın vardı... Onun 3 əmanətinə sahib çıxıb, əbədi onun yolunu gözləyən... O, bir gün arzuların qanad çaldığı diyarda şəhidi ilə görüşəcək, mütləq görüşəcək.

Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin