20 Yanvar günündə insanlar Şəhidlər Xiyabanına gedir. Günahsız həlak
olan faciə qurbanlarını ziyarət etməyə. Bu, həm də dövlətin təqvim olaraq qara
rəngi seçdiyi rəsmi matəm günüdür. Orada alt cərgədə artıq Qarabağ savaşında
şəhid olan insanlarımızın bir qismi yatır. Yuxarıda xüsusi mərmərdən
hazırlanmış kompleksə gül qoyandan sonra geriyə yol Qarabağ şəhidlərinin
məzarlarının qarşısından keçir. Bir neçə dəfə dövlət protokolu ilə buradan
keçmişəm, artıq ikinci cərgədən geriyə qayıdan yolun üzərindəki məzarlar
əksəriyyətin marağını çəkmir. Əllərində güllərin hamısını yuxarıda buraxmış
insanlar əgər hansısa qohumunun, yaxınının məzarı yoxdursa, ayaq saxlayıb
rəhmət oxumağı da unudur.
Əlbəttə ki, vəfat etmiş insanlar arasında fərqləndirmə aparmaq məqsədilə bu mövzuya
toxunmuram. Ancaq şəhidlik formatına İlahi yanaşma ilə dövlət yanaşmasının
fərqini izah etməyi vacib hesab edirəm. İlahi məntiq budur ki, Allah yolunda
mübarizə aparıb həlak olan hər kəs şəhiddir. Allah yolu deyəndə, bəndəniz hər
şeyin hərfi mənasından yapışan dini yorumçulardan fərqli olaraq, həm də
Vətənin, Torpağın, İnsanın müdafiəsi üçün şüurlu şəkildə savaşa qatılan, öz
vəzifə borcunu ləyaqətlə yerinə yetirib həlak olan insanları da ehtiva
etdiyindən, heç vaxt məsələyə dar çərçivədən yanaşmıram. Bununla belə, 20
Yanvar faciəsinin günahsız qurbanları ilə şəhid adının eyniləşdirilməsini doğru
hesab etmirəm. Əlbəttə, 20 Yanvar faciəsi zamanı şəhid olan insanlar da var və
heç tərəddüdsüz onlardan tanıdığım ən azı birinin adını çəkə bilərəm. Gənc, istedadlı
ziyalımız, şəhid Ülvi Bünyadzadənin ANDını və şeirlərini oxuyan hər kəs, onun
amalına bələd olan dostları hər zaman onun Vətən üçün, onun azadlığı üçün şəhid
olma duyğusunu daşıdığını söyləyə bilərdi. Və o, təsadüfən küçədən keçən,
balkona çıxan talesiz insanlardan biri deyildi, şüurlu şəkildə zəif vücudu və
böyük qəlbi ilə Sovet tankının qarşısına çıxan cəsur gənclərimizdən biri idi.
Bu fərqi ona görə anlatmamız vacib ki, dövlətin müəyyənləşdirdiyi şəhidliklə
Yaradanın sevdiyi, ucaltdığı şəhidliyin fərqini ayırd edə bilək.
Mən Qarabağ savaşına Vətəni qorumaq üçün qatılıb həlak olan hər bir insanımızı
Şəhidlər Xiyabanında, birinci və ya ikinci Fəxri Xiyabanda, sadə kənd
qəbiristanlığında dəfn olunmasından asılı olmayaraq ŞƏHİD hesab edirəm. Bu
şəhidlik Azərbaycan davası üçün həlak olan bütün insanlara aid edilməlidir.
Şəhidlər Xiyabanının bir giriş nöqtəsində kiçik bir abidə kompleksi qoyulan
Qafqaz-İslam Ordusunun əsgər və zabitlərinə də, onların şanlı komutanı Nuri
Paşaya da sevgimin arxasında bir insani duyğusallıq yatmır, bir Türk, İslam
təəssübkeşliyi yatmır, sadəcə, mənim dövlətimin və millətimin xilası üçün uzaq
Anadoludan gəlib könlünü, canını, əməlini bu məmləkətin insanına ərməğan
edərək, azadlığımız üçün vuruşaraq şəhid olmuş qardaşlarımıza sabah axirətdə
hesabı sorulacaq bir borc yatır. Ona görə də hər bir Azərbaycan sevgisi olan,
müstəqilliyə, azadlığa Allahın ən dəyərli neməti kimi baxan vətəndaşlarımız,
heç olmazsa, 20 Yanvar günü buraya axışdığı kimi, 15 sentyabrda da bir cüt
qərənfillə də olsa, qəlbində səmimi dua ilə də olsa, bu adlı-adsız qəhrəmanları
minnətdarlıq duyğusu ilə anmağa, onlara rəhmət oxumağa bir borc kimi, vəzifə
kimi baxmalıdır.
Bu il 15 sentyabr bazar gününə düşdüyündən, dərslər başlamayacaq. Ancaq bu ilin
15 sentyabrında Azərbaycan vətəndaşları üçün nə zamansa ağır imtahanı ilə
üz-üzə qalacaqları bir dərs başlayır: Bakının işğaldan azad olunmasının,
Azərbaycanın millət və dövlət olaraq xilasının 95 illiyi bu torpağın üzərində
addımlayan insanlar üçün bir minnətdarlıq dərsi olacaqmı? Bir cüt qərənfillə
ziyarət etmək imkanı olmasa da, evinin bir küncündə qəlbində, dilində Nuri
Paşanın, Türk əsgərinin ruhuna bir SALAM göndərəcəkmi bu məmləkətin insanı?
Bu dərsin imtahanı çox ağır olacaq, əzizlərim! Allah bizləri həm insan olaraq,
həm də millət olaraq naşükürlərdən etməsin!
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 10.09.2013
Fazil Mustafa: "15 sentyabrda Şəhidlər Xiyabanına gəlməyə bir vəzifə kimi baxmalıyıq"
Hazırda oxunan: Fazil Mustafa: "15 sentyabrda Şəhidlər Xiyabanına gəlməyə bir vəzifə kimi baxmalıyıq"
Hazırda oxunan: Fazil Mustafa: "15 sentyabrda Şəhidlər Xiyabanına gəlməyə bir vəzifə kimi baxmalıyıq"
33603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































