Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 940 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır.
Bəs, yüksək vəzifəli şəxslər arasında Azərbaycan maşınlarına üstünlük verənlər varmı, dövlət qurumlarında onlar xidməti maşın olaraq istifadə olunurmu?
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanda istehsal olunan avtomobillərdən istifadə edərək, yerli istehsala dəstək verməyə çağırıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda yüksək vəzifəli məmurların böyük əksəriyyəti bahalı xarici avtomobillərə üstünlük verir. Amma onların arasında Azərbaycan avtomobillərindən istifadə edənlər var:
“Mən Mikayıl Cabbarovun vergilər naziri olan zaman yerli maşından istifadə etdiyini görmüşəm, vəzifəsi dəyişəndən sonra isə avtomobilini dəyişib dəyişmədiyini bilmirəm. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Vergi Xidmətinin rəhbərliyi xidməti maşın olaraq yerli istehsaldan istifadə edib. Amma artıq Muxtar Babayev elektomobildən istifadəyə keçib ki, bu da simvolik addım sayıla bilər”.
Elməddin Muradlı qeyd etdi ki, Daxili İşlər Nazierliyində polis bölmələrinin rəisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəhbərləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifəli şəxslər xidməti maşın olaraq yerli avtomobillərdən istifadə edir:
“Bəzi məmurlar isə bahalı yapon avtomobillərindən, hətta onun zirehli formasında istifadə edirlər. Bahalı maşınlarla yanaşı onu müşayət edən mühafizə maşınlarından istifadə edənlər də var”.
Nəqliyyat üzrə ekspert onu da əlavə etdi ki, bəzi yüksək vəzifəlilər yerli avtomobillərdən görüntü xatirinə istifadə edir:
“Yəni görsünlər ki, o, cənab Prezidentin tapşırığına əməl edir, halbuki həyətində 300-500 minlik maşın var”.
Bizim.Media mövzu ilə bağlı büdcədən maliyyələşən qurumlar, nazirliklər arasında sorğu keçirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dedi ki, nazirliyin nəzdnində olan xidməti avtomobillər arasında Azərbaycan istehsalı olanlar da var.
Nazirlik sözcüsünün sözlərinə görə, onlar əsasən şöbə müdirləri və bu digər vəzifə sahiblərinin istifadəsindədir.
Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, nazirliyin xidməti avtomobilləri arasında yerli istehsal olan nəqliyyat vasitələri var:
“Həmçinin gələcəkdə nəqliyyat vasitələrinin yenilənməsi zərurəti və ehtiyacı yarandıqda yerli istehsala müraciət edilməsi nəzərdə tutulur”.
Maliyyə Nazirliynin mətbuat xidmətindən də sorğumuz cavablandırıldı:
“Nazirlikdə xidməti avtomobil kimi Azərbaycan istehsalı olan avtomobillərdən də istifadə olunmaqdadır”.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yerli avtomobillərdən xidməti avtomobil olaraq qurumda geniş istifadə olunur:
“Hətta deyərdim ki, xidməti avtomobillərimizin 80 faizi yerli istehsal vasitələridir”.
Xatirə Nəsirli, Bizim.Media