Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin olunub.
Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.
Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Sabiq icra başçısı barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçlib.
Bizim.Media