“Təəssüf ki, bir çox valideynlər uşağın adı ilə bağlı müraciət edəndə ya cizgi filmlərindən hər hansı personajın və yaxud hansısa əcnəbi adların qoyulmasını israrla təkid edirlər, hansı ki, mənasına baxanda o ad çox pis səslənir”.
Bizim.Media xəbər verir ki, bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
Onun sözlərinə görə, qeydiyyat şöbələrinin əsas vəzifələrindən biri maarifləndirmə işinin aparılmasıdır:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulur? - SİYAHI
“Belə hallarla qarşılaşanda da qeydiyyat şöbələri valideynlərə tövsiyələrini verir, həmin adların qoyulması ilə uşağın gələcəkdə həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyi, xəcalət çəkə biləcəyi deyilir.
Təbii ki, vətəndaşlar israr edirlərsə, qeydiyyat şöbələri həmin adı verir. Amma eyni zamanda, Nazirlər Kabinetinin 2011-ci il 13 may 79 nömrəli qərarına əsasən, uşaqların şəxsi mənafeyinə xələl gətirən adın qoyulmasına yol verilmir. Gənc valideynlərə müraciət edirəm ki, uşaqlara ad qoyanda daha diqqətli seçim etsinlər ki, uşaqlar böyüyəndə həmyaşıdlarının gülünc mənbəyinə çevrilməsinlər”.
R.Kərimova bir neçə müddət əvvəl bir valideynin müraciət edərək uşağına Moza adının qoyulmasını israrla təkid etdiyini deyib:
“Bu adın mənasına baxdıqda, “qara milçək” olduğunu gördük. Valideynə bunu bildirəndə o, özü də bu adın verilməsindən imtina etdi”.
Xidmət rəisi hansı adların verilməsindən imtina edilməsi ilə bağlı statistika aparılmadığını vurğulayıb.
Bizim.Media