Son dövrlər məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi intensivləşdiyindən demək olar ki, köçürülmə prosesində neqativ halların baş verdiyi və bir çox mənzillərin aidiyyatı üzrə deyil, sifarişlə verildiyi, hətta pulla satıldığı barədə iddialar da artmaqdadır. Bəzi məcburi köçkünlər “Qaçqınkom”u ittiham edirlər ki, proses qeyri-şəffaf aparılır və rüşvət faktoru həlledici rol oynayır.
Moderator.az-a daxil olan bir şikayət məktubunda isə bu iddiaların əksini sübut edən məqamlar üzə çıxıb. Kəlbəcərdən olan bir məcburi köçkün yazdığı məktubda özünü “Qaçqınkom”un işçisi kimi təqdim edən bir dələduzun fırıldağıyla üzləşdiyini iddia edir. Nəsimi Mahmudov bildirir ki, bu ilin əvvəlində təsadüfən tanış olduğu Əbdüləzimov Azər Yaqub oğlu özünü “Qaçqınkom”un səlahiyyətli işçisi kimi təqdim edərək onu inandırmağı bacarmış, nəticədə bu dələduzun toruna düşüb. “Evpaylayan” ona Müşfiqabad və ya Masazırda istifadəyə verilən şəhərciklərdən üçotaqlı mənzil verməyə söz verib, qarşılğında yarısı əvvəlcədən ödənilməklə 10 min manat pul istəyib. N. Mahmudov da kirayələrdə qaldığından məcbur olub həmin pulun bir hissəsini-təxminən 4 min manatı verib. Ancaq üstündən bir müddət keçdikdən sonra ona bəlli olub ki, dələduzun mənzil söz verdiyi adamların sayı qəsəbələrdə tikilən binalardakı mənzilləri üstələyir. Bir sözlə, gec də olsa aldadıldığını anlayır və polisə müraciət edir. Ancaq müraciətinə də onu peşman edirlər və bir neçə ay davam edən süründürməçilikdən sonra Xətai, Nəsimi polisinin hərəkətsizliyindən prokurorluq orqanlarına müraciət etmək zorunda qalır. Belə ki, ortada aşkar dələduzluq faktı olsa və ondan başqa bir neçə şikayətçi rəsmi ərizə ilə müraciət etsə də polis Azər Əbdüləzimovun məsuliyyətə cəlb edilməməsi bir yana, polisə dəvət edərək ifadəsini belə almağı lazım bilməyib.
Şikayətçi bizə göndərdiyi məktuba Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Məmmədlinin cinayət işinin başlanmasının rəd edilməsi qərarının ləğv edilməsi barədə qərarı da əlavə edib. Həmin qərarda Nəsimi rayon prokuroru da göstərir ki, Nəsimi Rayon Polis İdarəsi İstintaq Şöbəsində müstəntiq Tural Qasımova həvalə edilmiş bu material düzgün araşdırılmamış, işə başdansovdu yanaşılmışdır: “Həmin material tələb edilərək Nəsimi rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, material üzrə yoxlama səthi və keyfiyyətsiz aparılmış, bir sıra zəruri hallar tam araşdırılmamışdır. Buna görə də həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və əlavə yoxlama aparılmalıdır.”
Göründüyü kimi ortada aşkar dələduzluq faktı olduğu halda nədənsə polisin bu faktı ifşa etməkdə könülsüz olduğu üzə çıxır. Təsəvvür edək ki, Azərbaycanda onlarla Azər Əbdüləzimov kimi özünü “Qaçqınkom” nümayəndəsi qismində təqdim edən dələduz “ev paylayır”. O zaman “Qaçqınkom” haqqında cəmiyyətdə yayılan mənfi rəyin hardan qaynaqlandığını anlamaq çətinlik törətməz. Əlbəttə, biz hesab etmirik ki, “Qaçqınkom”da hər şey şəffafdır və mənzillərin məcburi köçkünlərə paylanması zamanı heç bir nöqsana yol verilmir. Ancaq etiraf etmək lazımdır ki, bu proses olduqca çətin və mürəkkəbdir. Ona görə də bir çox hallarda bu cür söz-söhbətlər meydana çıxır və adıçəkilən qurumun işgüzar nüfuzuna əsassız olaraq xələl gəlir.
Nəsimi Mahmudovun şikayətinə gəldikdə isə ümid edirik ki, heç olmasa prokurorluğun müdaxiləsindən sonra bu cür dələduzlar ifşa ediləcək və əslində hesab edirik ki, adı hallandırılan “Qaçqınkom”un özü də bu kimi halların ifşa edilməsini nəzarətdə saxlamalı, hüquq-mühafizə orqanlarıyla bu istiqamətdə birgə tədbirlər həyata keçirməlidirlər. Hər halda bizə yazmaq və ümid etmək qalır...


































































































