Müdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib. Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi tibb müəssisələrinə baxdı – VİDEO-FOTO
Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib.
Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Müdafiə naziri şəxsi heyətlə görüşərək Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
Bizim.Media