İyulun 29-da Ədliyyə Nazirliyinin Şəki şəhərində yeni inşa olunmuş penitensiar kompleksinin açılışı olub. Açılışda iştirak edən deputat Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə təcridxana komplekslərinin yaradılmasında məqsəd məhbusların yaxınlığının rahatçılığını təmin etmək və paytaxtda olan sıxlığı aradan qaldırmaqdan ibarətdir: “Ədliyyə Nazirliyi penitensiar sahəylə bağlı vaxtaşırı islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi Azərbaycanın ayrı-ayrı bölgələrində qarışıq tipli cəzaçəkmə müəssisələrinin də açılması nəzərdə tutulmuşdur. Bu günlərdə Şəkidə penitensiar kompleksin istifadəyə verilməsi də bu kimi islahatların tərkib hissəsidir.
Bu günə kimi Zaqatala və Balakəndə yaşayan insanlar həbsxanada yatan yaxınlarına baş çəkmək üçün Bakıya gəlirdilər. Bu da onlar üçün əlavə problemlər, çətinliklər yaradırdı. Bakıda evləri olmadığı üçün gəlib cəzaçəkmə müəssisələrinin qarşısında saatlarla dayanırdılar, əziyyət çəkirdilər. Cəzaçəkmə müəssisələrinin regionlara paylanmasında da məqsəd bu problemləri aradan qaldırmağa hesablanıb. Yəni ayrı-ayrı bölgələrdən olan məhkumlar indi məhkumluq həyatlarını Bakıda deyil, yaşadıqları bölgələrə yaxın yerlərdə çəkəcəklər. Bu da öz növbəsində onların yaxınlarının işini asanlaşdıracaq. Digər tərəfdən isə bu, həm də Bakıda olan sıxlığı aradan qaldırmağa hesablanıb. Paytaxtda yerləşən təcridxanaların müəyyən hissəsi bölgələrə köçürüləcək. Artıq Naxçıvanda belə cəzaçəkmə müəssisəsi var, gələn il Gəncədə, Lənkəranda və bu kimi regionlarda da açılacağı gözlənilir”.
Şəkidəki kompleksin açılışında ədliyyə naziri Fikrət Məmmədov, penitensiar xidmətin rəhbəri Mədət Quliyev, mətbuatın nümayəndələri, deputatlar Ç.Qənizadə, Elmira Axundova və digər tanınmış şəxslər iştirak ediblər.
Bu arada Çingiz Qənizadə bir müddət bundan əvvəl xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında baş verən qalmaqaldan da danışdı. Deputat bir daha heç kimə qarşı qərəzli olmadığını bildirdi: “Mənə elə gəlir ki, bu, ictimai bir qınaq idi. Görünür, bu qınaqdan da müəyyən bir nəticələr çıxarılıb. Mən yenə deyirəm, heç kimlə mənim şəxsi düşmənçiliyim yoxdur. Heç belə fikirdə də bulunmuram. Mən sadəcə telekanallarda, ayrı-ayrı mətbuat orqanlarında qeyri-etik, əxlaqdan kənar fikirlərin səsləndirilməsinin qəti şəkildə əleyhinəyəm. Bizə milyonlar baxır, milyonların gözü qarşısında əxlaqdan kənar fikirləri səsləndirməyə isə heç kimin haqqı yoxdur. Mənim etirazım, açıqlamalarım da məhz bununla bağlı idi. Digər sənət adamları da bundan nəticə çıxararaq başa düşsünlər ki, birbaşa efirdən bu cür təhqiramiz ifadələr işlətmək olmaz və gələcəkdə bu cür hallara yol verməsinlər”.
Daha sonra İlhamə Quliyevanı məlum “mən yemirəm, yedizdirirəm ” ifadəsinə görə məhkəməyə vermək iddiasından danışan Çingiz Qənizadə artıq bu fikirdən daşındığını söylədi: “Mən fikirləşirdim ki, bu ifadəsinə görə onu məhkəməyə verim, amma indi belə hesab edirəm ki, artıq bunu uzatmağa dəyməz. Fikirlərimi bildirdim və 100 minlərlə insan bu fikrimə, bu mövqeyimə görə məni dəstəklədi. İstər gündəlik həyatda, istərsə də facebook səhifələrində mən bu dəstəyi gördüm. Ancaq bununla yanaşı, İ.Quliyeva ilə Nazpəri xanım arasında çox güman ki, məhkəmə çəkişməsi davam edəcək. Bu mərhələdə də qeyd etdiyim kimi, biz prosesi nəzarətdə saxlayıb ədalətli qərarın veriləcəyinə nail olacayıq”.

































































































