Azay Quliyev telekanallardan dəstək istədi

Hazırda oxunan: Azay Quliyev telekanallardan dəstək istədi

31427


Dünən Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.
Moderator.az  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev daim vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı iş apardıqlarını və bunda məqsədin cəmiyyətin QHT-lərin gördükləri işlərin nəticəsindən daha geniş şəkildə faydalanmasının təmin edilməsi olduğunu bildirib. Azay Quliyev bugünkü tədbirin məqsədinin də bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsi, qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etmək olduğunu söyləyib. Şura sədri xüsusi ilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiziyaların mühüm əhəmiyyət kəsb etdiyini dedi. Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan Şura sədri bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib. O Şuranın QHT-lərlə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada onlarla danışıqların davam etdiriləcəyini bildirib.
QHT təmsilçiləri millət vəkili Çingiz Qənizadə, Osman Gündüz, Səadət Bənəniyarlı, Tariyel Həsənov, Lyudmila Xəlilova, Məhərrəm Zülfüqarlı, Samir Əliyev, Pərviz Həşimli, Bəxtimşah Tağıyeva və digərləri çıxış edərək Şuranın təşkil etdiyi müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyanın imkanından istifadənin layihələrinin səmərəliliyini artıracağını vurğulayıblar.
Çıxış edənlər bildirib ki, ölkə telekanalları reklam siyasətlərində QHT-lərlə başqa subyektlər arasında fərq qoymalıdır. Çünki, QHT-lər gəlir gətirən təşkilat olmadığından onaların tədbirlərinin işıqlandırılmasında ödənişlərdə güzəşt edilsin.
İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu və Xəzər televiziyasının xəbərlər xidmətinin rəhbəri İbrahim Ünlübostan da çıxışlarında vətəndaş cəmiyyətinin təşəbbüslərini hər zaman dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin