Zahid Oruc:
“Nizami İsgəndərovun bu hadisəyə biganə qalmasına inana bilmirəm”
Fəzail İbrahimli:
“İnsani duyğularla yaşayan hər kəs o ailənin harayına cavab verməli idi”
İlham Məmmədov:
“Dövlət başçısı məsələyə operativ müdaxilə etməklə hər bir azərbaycanlının
prezidenti olduğunu bir daha sübut etdi”
Elmira Axundova:
“Nizami İsgəndərov və onun kimi sahibkarlar bu hadisədən çox ciddi nəticə
çıxarmalıdırlar”
İyulun 21-də
Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village”də
baş verən hadisə bütün ölkə ictimaiyyətini sarsıtdı. Bir daha bildirək ki,
həmin gün Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə atası ilə
birlikdə istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda
olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə
gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi
təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı
İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən
xəsarətləri alıb. Nəticədə üçyaşlı uşağın hər iki ayağı kəsilib. Məsələyə
prezident İlham Əliyev birbaşa müdaxilə edib. Prezidentin tapşırığı ilə hər iki
ayağını itirmiş üçyaşlı İ.Cəfərzadənin müalicə xərcləri dövlət hesabına
ödəniləcək. Körpənin müalicəsi üçün artıq Berlində klinika müəyyənləşib.
Bu arada “Nabran
Holiday Village”nin sahibinin kimliyi bəlli olub. Milliyyet.az saytının yaydığı
xəbərə görə, sözügedən istirahət mərkəzi sabiq deputat Nizami İsgəndərova
məxsusdur. Daha doğrusu, “Nabran Holiday Village” istirahət mərkəzi “CTF”
firması tərəfindən icarəyə verilib ki, həmin firmanın təsisçisi və rəhbəri də
məhz N.İsgəndərovdur. Məlumata görə, hadisədən dərhal sonra uşağın valideynləri
istirahət mərkəzinin sahibi N.İsgəndərova müraciət etsə də, sabiq deputat
İmranın əməliyyat olunması ilə bağlı müraciəti cavabsız qoyub. N.İsgəndərov
obyektinin bağlanmaması ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə
müraciət də edib. Lakin o bütün ölkəni şoka salan bu olaydan sonra istirahət
mərkəzinin bağlanmaması ilə bağlı verilən qərarı dəyişdirməyə müvəffəq olmayıb.
Onu da bildirək
ki, 2005-2010-cu illərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat
olmuş N.İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “CTF”
firması ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin də sahibidir. Milli
Məclisə 2010-cu ildə keçirilən dördüncü çağırış seçkilərdə iştirak etməyən
N.İsgəndərov çox qısa zaman kəsiyində parlamentin spikeri Oqtay Əsədovun
köməkçisi vəzifəsində də işləyib. Onu da bildirək ki, N.İsgəndərovun atası
Zaman İsgəndərov da Sumqayıtda imkanlı iş adamı kimi sayılıb. Uzun illər, hələ
sovetlər birliyi zamanından Sumqayıt Univermağına rəhbərlik edib və “Univermaq
Zaman” kimi tanınıb.
Bəs, belə bir
imkanlı şəxsin zərərçəkmişə kömək etməkdən yaxasını kənara çəkməsi humanizm
prinsiplərinə, mənəvi dəyərlərə ziddir və qınanmağa layiqdir. Bu mövzu ilə
bağlı Milli Məclisin deputatlarının mövqeyini öyrəndik.
Deputat Zahid
Oruc hadisədən təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu hadisənin
məhz turizm məkanında baş verməsi şok effekti doğurub. Bundan sonra ailəvi
istirahət qərarı verən insanlarda da tərəddüd yaradıb. Z.Oruc qeyd edib ki, bu
hadisə heç şübhəsiz Azərbaycanın turizm sektoru barədə mənfi fikirlərin
yaranmasına da səbəb olacaq: “Bu mənada, hadisəni məhz öz lokal çərçivədə saxlamaq,
eyni zamanda humanizm nümayiş etdirərək baş vermiş hadisənin aradan
qaldırılması və körpənin bundan sonrakı dönəmdə sağlamlığının mümkün dərəcədə
qorunması üçün dövlət başçısının atdığı addım kifayət qədər yüksək mənəvi
hadisədir, eyni zamanda alicənablıq nümunəsidir”. Z.Oruc qeyd edib ki,
sözügedən istirahət məkanının keçmiş deputata məxsus olması barədə xəbərlərin
nə dərəcədə doğru olduğunu bilmir: “Açığı mən həmin obyektin sahibinin, yaxud
yönləndiricisinin Nizami İsgəndərov olub-olmadığını bilmirəm. Yalnız onu deyə
bilərəm ki, hadisə üzərindən ictimai etirazlar nə dərəcədə başa düşüləndirsə,
bir o qədər də Nizami İsgəndərovun bu hadisəyə biganə qalmasına heç cür inanmaq
istəmirəm. İnana da bilmirəm. Düşünürəm ki, bununla bağlı məsələlər aydınlaşandan
sonra buna daha dəqiq qiymət vermək mümkün olacaq. Digər tərəfdən, situasiyanın
hazırkı anında, yəni haqlı olaraq bütün qəzəb və nifrətin meydana çıxdığı bir
dövrdə mən də buna qoşularaq mənfi qiymət vermək istəmirəm. Çünki bütün bunlar
təsdiq olunmalı və sübuta yetirildikdən sonra daha yaxşı qiymət verilə bilər”.
Milli Məclisin
deputatı Fəzail İbrahimli isə bildirib ki, insani duyğularla yaşayan hər bir
kəs İmranın müalicəsi üçün imkanlarını əsirgəməməli, ailəyə maddi və mənəvi
dayaq olmalı idi. O qeyd edib ki, digər tərəfdən heç bir obyektin sahibi onun
obyektində bu cür hadisənin baş verməsini istəməz: “Ümumiyyətlə, mən hesab
edirəm ki, belə hallarda insanı yalnız insani hisslər, insani duyğular, insanın
içərisindən gələn haray səsləyir və insan o haraya cavab verir. Demək, kimdə o
yoxdursa, o artıq müzakirə obyekti deyil. Bu məsələyə laqeyd münasibət bəsləyən
insanların, xüsusilə də texniki təhlükəsizlik qaydalarına cavabdehlik daşıyan
insanların laqeydliyi dövlət başçısının humanistliyi fonunda tam ifşa olunur”.
Deputat İlham
Məmmədov deyib ki, istirahət mərkəzinin rəhbərliyinin laqeydliyindən fərqli
olaraq, dövlət başçısının məsələyə operativ müdaxiləsi İlham Əliyevin hər bir
azərbaycanlının prezidenti olmasının sübutudur. O qeyd edib ki, digər tərəfdən
bu məsələdə kiminsə həddən artıq tənqid olunması da lazım deyil: “Hər birimiz
Allahdan o uşağa şəfa diləməliyik. Hadisədir, olub. Amma gərək olmayaydı”.
Deputat qeyd edib ki, əgər İ.Cəfərzadə “Semaşko” kimi tanınan Mərkəzi Klinik
Xəstəxanaya gətirilibsə, orada fəaliyyət göstərən peşəkar həkimlər var və
onların uşağı əməliyyat etməkdən imtina etməsinə inanmaq istəmir: “Əsas məsələ
ondadır ki, möhtərəm prezidentimiz hadisənin baş verdiyi günün səhəri günü
həmin uşağı öz diqqətinə götürüb. Bundan böyük nə ola bilər?”
Milli Məclisin
deputatı Elmira Axundova isə bildirib ki, N.İsgəndərov və onun kimi sahibkarlar
bundan özləri üçün çox ciddi nəticələr çıxarmalıdırlar. O qeyd edib ki, həm
Fovqəladə Hallar Nazirliyinin, həm də digər dövlət qurumlarının əməkdaşları
turizm obyektlərində çox ciddi yoxlamalar aparmalıdırlar: “Bu uşağın faciəsi
bizə dərs olmalıdır. Bəlkə də bundan sonra turizm obyektlərində təhlükəsizliklə
bağlı lazımi tədbirlər görüləcək ki, daha bu cür faciələr baş verməsin. Bir-iki
manat qazanmaqdan ötrü insanların həyatını təhlükəyə atmaq olmaz”.
Bununla belə o,
qeyd edib ki, bu hadisə Azərbaycan cəmiyyətinin humanist olduğunu, bir-birinə
yardım etmək iqtidarında olduğunu göstərdi: “Dərhal neçə-neçə insan bu yardım
kampaniyasına qoşuldu. Yardım üçün hesab nömrəsi açılandan sonra şəxsən mən və
mənim həmkarlarım o hesaba pul köçürdük. Bilirsiniz ki, prezidentimiz bu
məsələyə dərhal reaksiya verdi. Bu nədən irəli gəlirdi? Ondan irəli gəlirdi ki,
jurnalistlər bu məsələni ictimailəşdirdilər. Mən siz jurnalistlərə, o cümlədən
Publika.az saytına və “Gündəlik Teleqraf” qəzetinə minnətdaram ki, Siz bu
hadisəni çox operativ və obyektiv şəkildə insanlara çatdırdınız. Siz bizi
birləşdirdiniz. Mən sizə çox minnətdaram ki, biz bu faciədə bir olduq. Biz göstərdik
ki, biz doğrudan da humanist, demokratik cəmiyyətik və bir-birimizin imdadına
yetişə bilirik”.
































































































