“Hürriyyət”
qəzetinin bugünkü sayında “Lütfəli Babayev sindromu...” sərlövhəli yazı dərc
olunub. Moderator.az mövzunun aktuallığını nəzərə alaraq həmin məqaləni təqdim
edir.
Son illər öz
mübarək qədəmiylə müsəlman dünyasına bayram ovqatı, yüksək əhval-ruhiyyə
gətirən on bir ayın sultanı-Ramazan həmişə olduğu kimi bu dəfə də
Azərbaycan cəmiyyətinin tamarzı olduğu barış mühitinin formalaşması üçün
yetərli olmadı. Əlbəttə, bu gün ölkədə yaşanan antoqonizm, bir-birini
inkaretmə, siyasi opponentlərə qarşı yolverilməz fənd və leksikonlardan
istifadə elə bir təhlükəli səviyyəyə çatıb ki, vəziyyəti qismən də olsa
mülayimləşdirmək üçün Ramazan ayı ilahi bir fürsət idi və yazıqlar olsun
ki, bu şansı yenə də qaçırdılar. Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadənin hər kəsdən artıq mənəvi məsuliyyəti vardı ki, Ramazanın
bir- birini didməyə hazır olan iki düşərgə arasında heç olmasa atəşkəs ayı
olması üçün təşəbbüsdə bulunsun, seçkilər dövrünə qədəm qoyduğumuz, əsəblərin
tarıma çəkildiyi, siyasi hərarətin artdığı bir həssas dönəmdə iqtidarla
müxalifəti bir iftar süfrəsi ətrafında toplayaraq siyasi dialoqun bünövrəsini
qoysun. Ancaq çox heyf ki, şeyx belə bir xoşməramlı təşəbbüsdə bulunmadı və
yenə də ayrı-seçkilik edərək müxalifəti hər addımda “ünsürlər”, “dağıdıcı
qüvvələr” adlandıran prezidentlə həmrəy olduğunu isbatlamış oldu. Halbuki o
təkcə hakimiyyətin deyil, bütövlükdə Azərbaycanın, bir az da uzağa getsək Qafqazın
şeyxiydi və o yaşına, səlahiyyətinə, ona həvalə olunmuş missiyaya uyğun
gəlməyən bir qəbahətdə bulundu.
Beləliklə,
qarşıda Azərbaycanı heç də asan olmayan siyasi təlatümlər dövrü gözləyir və
proseslərin gedişatından asanlıqla belə qənaətə gəlmək olar ki, payızdakı
seçkilərdə 2003-cü ilin 15-16 oktyabr hadisələrinin təkrarlanma ehtimalı
daha çoxdur. Bu ilki seçkiləri gözlənilməz sürprizlərlə zənginləşdirəcək bir
amil də ötən seçki marafonlarından fərqli olaraq iqtidarın monolitliyindən
əsər-əlamət qalmaması və saraydaxili ziddiyyətlərin misligörünməmiş səviyyəyə
çatmasıdır. Artıq ölkədə kimsə monolitlik nağıllarına inanmır və hər kəs
anlayır ki, hakimiyyət adi bir çaxnaşmadan, təlatümdən dondurma kimi
əriyə bilər və yaranacaq xaosda hər kəsin öz başına çarə axtaracağını nəzərə
alsaq mərkəzdənqaçma meyllərinin hakimiyyətin ildırımsürətli çöküşünü
reallaşdıracağı qaçılmaz olacaq. Bu baxımdan son zamanlar hakimiyyətin
seçkilərə rəsmi start verilməməsinə baxmayaraq əsl seçki kampaniyası aparması,
YAP funksionerlərinin, nazir və komitə, şirkət rəhbərlərinin rayonlara təhkim
olunması başadüşüləndir. Hakimiyyət texnoloqları adi bir ehtiyatsızlığın Quba
və İsmayıllı hadisələrinə oxşar etirazlara səbəb olacağından
əndişələndiklərindən mümkün narazılıq ocaqlarının maksimum söndürülmısi,
lokallaşdırılması üçün son günlər nəzərəçarpacaq çaba xərcləməkdədirlər.
Ancaq diqqətçəkən
bir məqam da cəzasızlıq mühitindən özünənəzarəti itirən bi çox məmurların seçki
ilinin tələblərinə cavab verməyən addımlarıdır və bu faktın özü əslində
əyalətlərdəki xalq etirazlarının başlıca səbəblərindən biridir. Uzağa
getməyək, bir neçə gün öncə Zərdabın icra başçısı Lütfəli Babayevlə
Mİngəçevirin polis rəisi Ələsgər Bədəlov arasında yaşanan söz dueli onu
göstərdi ki, yerlərdə vəziyyət yumşaq ifadə olunsa heç də ürəkaçan deyil və
nəinki iqtidar təmsilçiləriylə müxaliffikirlilər, hətta hakimiyyəti təmsil edən
yüksək çinli məmurlar arasında da xaosa səbəb ola biləcək intriqalar,
münaqişələr kifayət qədərdir. Xatırladaq ki, bir neçə gün öncə Mingəçevir
polisi şəhərdə reyd keçirən zaman Lütfəli Babayevin avtoxuliqanlıqla məşğul
olan qardaşı oğlunu saxlamış və barəsində inzibati protokol tərtib edərək
sürücülük hüququndan məhrum edilməsi üçün məhkəməyə göndərmişdi. Bundan
qeyzlənən L.Babayev Prezident Administrasiyasının təlimatına, yazılı və şifahi
xəbərdarlığına əhəmiyyət verməyərək Ə. Bədəlovun ünvanına icra başçısına
yaraşmayan açıqlamalarda bulunmaqla hər kəsin təəccübünə səbəb olmuşdu. Hamı
onun bu cür saymazyana davranışlarından prezidentin hədsiz qəzəblənərək
təxirəsalınmaz addımlar atacağını gözləyirdi, ancaq üstündən 10 gündən atıq
vaxt keçməsinə baxmayaraq Lütfəli Babayevin Zərdabın icra başçısı vəzifəsindən
azad olunmasıyla bağlı prezident sərəncamı verilmədi. Halbuki cəmisi 5 ay öncə
prezident İlham Əliyev İsmayıllı hadisələrinin təsiri altında keçirdiyi
emosional müşavirədə məmurlara barmaq silkələyərək harınlamış övladlarına görə
onları ən sərt şəkildə cəzalandıracağını bəyan etmişdi. Ancaq Zərdabın icra
başçısının qardaşı oğlunun Mingəçevirdəki sərgüzəştlərinə görə hələ də
cəzalandırılmaması ondan xəbər verir ki, bir çox məmurlar prezidenti saymırlar,
onun 13 fevralda verdiyi bəyanatın gözdən pərdə asmaq xatirinə deyildiyinə
əmindirlər. Əlbəttə, bunun əksini düşünmək mümkün deyil. Axı söhbət hansısa
müxalifət liderinin və ya müstəqil mətbuatın deyil, Mingəçevir şəhərinin polis
rəisi olan polkovnik rütbəli bir çinovnikinin başqa bir rayonun icra başçısı
tərəfindən təhqir olunmasından gedirdi və polis rəisi açıqca etiraf etmişdi ki,
Babayevlər Mingəçevirdə at oynadır və onlara qanunların sərt üzünü göstərən
zaman bu cür xoşagəlməz olaylar yaşanır.
Yeri gəlmişkən,
L. Babayev Zərdabdan öncə Mingəçevirin icra başçısı olub və polis rəisiylə yola
getmədiyinə, bəzi iddialara görə şəhərdə qeyri-sağlam mühit formalaşdırdığına
görə vəzifəsindən uzaqlaşdırılaraq öz rayonuna “sürgün” edilib. Elə
Mingəçevirdəki məlumatlı mənbələr də iddia edir ki, o vaxtdan L. Babayev polis
rəisindən yanıqlı olub və hər vəchlə ondan qisas almaq istəyib. Ancaq daxili
işlər naziri Ramil Usubovun etimadını qazanmış polis rəisi bu cür intriqalara
əhəmiyyət verməyib və rəhbərlik tərəfindən ona həvalə edilmiş işləri həyata
keçirməklə məşğul olub. Heç şübhəsiz, o nazirə baş vermiş olayı məruzə edib və
rəhbərlikdən dəstək istəyib. Ona da istədiyi dəstəyi veriblər və qanun
qarşısında hamının eyni cür məsuliyyət daşıdığını deyiblər. Təbii ki, rəisi
anlamaq çətin deyil və o əgər hansısa bir ərköyün məmur balasının və ya imkanlı
adamın maşınını saxlamaq iqtidarında deyilsə, şəhərdə onun
xətir-hörmətinin hansı səviyyəyə düşəcəyini təsəvvür etmək elə də çətin deyil. Hətta
Mingəçevirdə deyirlər ki,polis rəisi öz xidməti maşınında işıqforun qırmızı
işığında saxlayan yeganə rəis kimi adını nəinki şəhərdə, bütün Azərbaycanda dillər
əzbəri etdirib. Belə olduğu halda onun təhqir olunması niyə cavabsız
qalmalıydı? Axı həmin hadisədən 20 gün öncə-iyulun 2-də prezident Azərbaycan
polisinin peşə bayramı günündə polisə öz hüsn-rəğbətini aşkar şəkildə izhar
etmiş, onlara güvəndiyini bildirmişdi. Elə isə nədən Lütfəli Babayev barəsində
tədbir görmədi? Bu yerdə haqlı sual yaranır, Lütfəli Babayevi hakimiyyət üçün
matah edən nədir və hansı sehrli əl seçki ilində iqtidarı dilə-dişə salan ötkəm
icra başçısının cəzalandırılmasına mane olur? Bəzi iddialara görə Babayev
qardaşları şeyxin himayəsi altındadırlar və elə avtoxuliqanlıq etdiyinə görə
cəzalandırılan oğlanın atası Xanəli Babayev Mingəçevirin axundu, Qafqaz
Müsəlmanları İdarəsinin həmin bölgə üzrə səlahiyyətli nümayəndəsidir. Xanəli
Babayev haqqında da Mingəçevirdə çoxsaylı dedi-qodular, lətifələr dolaşır,
ancaq onların qeyd olunması həm etik, həm də məhkəmə çəkişməsi predmeti olacağı
baxımından doğru olmazdı.
Hər halda
Babayevlərin ad-sanına, işgüzar nüfuzlarına xələl gətirmək niyyətindən çox
uzağıq və sadəcə əlahəzrət fakta istinad edərək prezidentin 5 ay öncə verdiyi
bəyanata niyə əməl etməkdə tərəddüd etməsinə izah verməyə, aydınlıq gətirməyə
çalışırıq. Özü də burada ilk baxışda münaqişənin digər tərəfi olan Mingəçevirin
polis rəisinin müdafiəsinə cəhd edildiyi təəssüratı yarana bilər, ancaq insaf
naminə qeyd edilməlidir ki, bu olayda Ə. Bədəlov tam haqlıdır və onun
avtoxuliqanlığa qarşı tədbiri birmənalı olaraq dəstəklənməlidir. Təbii ki, o nə
mələkdir, nə də nöqsanlardan halidir,bu ölkədə polis rəislərinin obrazlı desək,
nə yuvanın quşları olduğunu sübut etməyə də ehtiyac yoxdur, ancaq sırf bu
epizodda onu müdafiə etməmək mənəviyyatsızlıq, hər gün avtoxuliqanların
məsuliyyətsizliyi, harınlığı üzündən avtoqəzalarda dünyasını dəyişən onlarla
günahsız vətəndaşımızın ruhuna hörmətsizlik olardı. Bu baxımdan əsas günahkar
kimi Zərdabın hörmətli icra hakimiyyəti başçısının personası gözlər önündə
canlanır və bütün ittihamlar, qınaqlar ona yönəlir. Ancaq biz kimisə mühakimə
etmək iddiasında və səlahiyyətində deyilik. Həm şəriət, həm cəmiyyət qanunları
bu cür hallarda tədbir görmək vəzifəsini konkret şəxslərin üzərinə qoyur. Bizə
qalansa bu şəxslərin gözləntilərə yerində və vaxtında reaksiya verəcəklərinə
ümid etmək qalır...
Kənan






























































































