Əflatun Amaşov Söyün Sadıqova "təxribatçı" dedi

Hazırda oxunan: Əflatun Amaşov Söyün Sadıqova "təxribatçı" dedi

31050

Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqovun Azərbaycan jurnalistləri üçün bina tikmək niyyətini təxribat adlandırıb:

“Onun Bakıda ev tikib jurnalistlərə paylaması mümkün görünmür. Əgər o desəydi ki, Moskvada ev tikib Rusiyadakı jurnalistlərə paylayacağam, bu, başadüşülən idi. Bu məsələ mənimçün tamamilə anlaşılmazdır ki, Rusiya vətəndaşı Azərbaycanda ev tikib jurnalistlərə paylayır. Bu, daha çox siyasi çıxışa oxşayır, nəinki jurnalistlərin sosial problemlərinin həll olunması niyyətinə. Odur ki, bu məsələdə mənimçün qaranlıq məqamlar var”.

MŞ sədri S.Sadıqovun, həmçinin A.Abbasovun Azərbaycan jurnalistlərini təbrik etməsində qeyri-adi bir şey görmədiyini vurğuladı: “Onlar Azərbaycan və Rusiyadakı jurnalistləri təbrik edə bilər, bu, normaldır. Hər bir azərbaycanlı Azərbaycanda yaşayıb-yaşamamağından asılı olmayaraq bizim mətbuat nümayəndələrini təbrik edə bilər. Burada qeyri-adi bir məqam görmürəm. Ancaq Söyün Sadıqovun Bakıda jurnalistlərə ev tikmək istəməsi mənimçün tamamilə qarışıq bir məsələdir. Ölkə başçısı jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam verir, bu məsələ onun səlahiyyətindədir. Ancaq Rusiyada yaşayan iş adamının Azərbaycan jurnalistlərinə ev tikmək niyyəti daha çox təxribat xarakteri daşıyır. Burda məram-məqsəd nədir, deyə bilmərəm”. Ola bilərmi ki, S.Sadıqov mənzil bölgüsündən narazı qalan jurnalistlərlə bağlı belə mövqedən çıxış edib?

Ə.Amaşov:  “Narazı jurnalistlər deyəndə ki, Azərbaycan mətbuatında kifayət qədər önəmli xidmətləri olan insanlar mənzil alıb. Xidməti və ehtiyacı olan digər jurnalistlər üçün də növbəti binanın tikilməsi nəzərdə tutulur. Kimsə kiminsə narazılığından istifadə edib müəyyən yozumlar yozmaq, kiminsə narazılığından istifadə edib öz məqsədlərini reallaşdırmağa çalışmaq düzgün deyil. Bu məsələnin ciddiliklə heç bir əlaqəsi yoxdur”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin