Son zamanlar çap mediasına qarşı artan təzyiqlər həm də qəzetlərin satışına yaradılan müxtəlif süni əngəllərlə müşayiət olunur. Pərakəndə qəzet satışına qoyulan qadağa, “Qasid” firmasına məxsus olan qəzet köşklərinin yeniləriylə əvəzlənməsi və yeni köşklərin faktiki olaraq qəzet satışıyla məşğul olmaması bu qəbildən olan problemlərdəndir.
Moderator.az paytaxt Bakıda quraşdırılan yeni qəzet köşkləri ilə bağlı kiçik araşdırma aparıb. Bəlli olub ki, əslində qəzet satmalı olan həmin köşklərdə qəzetdən başqa hər şey satılır. Onlar qəzet köşkündən daha çox mini marketləri xatırladır.
Hətta son günlər bəzi köşklər müştərilərə təklif etdiyi məhsulların çeşidini artırmaq qərarına gəliblər . Yasamal rayonu 20 nömrəli məktəbin yaxınlığında yerləşən qəzet köşkü isə bir qədər də “irəli gedib” və müştərilərinə xaçapuri , peraşki , qoğal kimi qida məhsulları təklif etməkdədir.
Məlumat üçün bildirək ki, bu məsələ ölkə mətbuatında dəfələrlə qaldırılsa da problem bu günə qədər öz həllini tapmayıb. Bu isə bütün bunların şüurlu şəkildə həyata keçirildiyini və məqsədin qəzet satışına zərbə vurmaq olduğunu düşünmək üçün şübhələr yaradır.
Xəyal Əzizov
































































































