Ahıl şəxslər yeni bir infeksiyanın həssas qrupuna çevriliblər. ABŞ səhiyyə işçiləri qocalar evlərində ölkədə yayılan “Kandida auris” göbələk virusunun yayılma riskinin artdığını bildiriblər.
"Super göbələk" dərmanlara qarşı müqaviməti və sürətlə çoxalma qabiliyyətinə görə qlobal sağlamlıq üçün ciddi təhlükə hesab olunur.
Bu xüsusi ilə yaşlı adamlar üçün qorxuludur. Məlum olduğu kimi, koronavirusun yayılmağa başladığı ilk günlərdə də bir neçə xarici ölkədə qocalar evində kütləvi yoluxma halları baş verib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun “Super” ŞTAMMI: 3 nəfərdən biri öləcək!
Bəs, Azərbaycanda xüsusi xidmət müəssisələrində ahıl şəxslər koronavirus və digər infeksiyalardan necə qorunur? Bu cür müəssisələrdə yoluxma halı baş veribmi? Ümumiyyətlə ahılların səhhətləri ilə bağlı problemlər baş verən zaman hansı addımlar atılır və hansı müəssisələrə müraciət olunur?
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusu cavablandırılıb.
Bildirilib ki, hazırda Agentliyin bir Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi fəaliyyət göstərir:
“Hazırda müəssisədə 185 nəfər daimi dövlət himayəsində yaşayır. Koronavirus təhlükəsinin yarandığı ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qaydalar bu müəssisədə tətbiq edilib. Müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Heydər Əliyev Fondu tərəfindən xüsusi dəstək göstərilir. Fond tərəfindən bu müəssisəsiyə də dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələr verilib. Müəssisədə mütəmadi dezinfeksiya işləri aparılır. Ahıl sakinlərin koronavirusdan qorunması, onların sağlamlığının etibarlı mühafizəsi təmin edilir. Sakinlər tez-tez müayinə olunur, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müəssisədə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur”.
Bildirilir ki, müəssisədə vaksinasiya prosesi aparılıb, sakinlərə peyvəndin hər iki dozası vurulub.
Koronavirusa yoluxma halının olub-olmadığına gəlincə, Agentlikdən bildirilib ki, müəssisənin sakinləri arasında yoluxma halı olmayıb.
Eləcə də sorğuya cavab olaraq bildirilib ki, son illərdə sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb.
Kitabxana, idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
Heydər Əliyev Fondunun layihələri çərçivəsində xidmət müəssisəsində mütəmadi olaraq humanitar tədbirlər keçirilir. Sakinlərinin sağlamlığının qorunması üçün müvafiq işlər aparılır. Səhhətində problem yaranan sakinlərə əvvəlcə müəssisə həkimləri tərəfindən ilkin tibbi yardım göstərilir və ya təcili tibbi yardım çağırılır.
Xatirə Nəsirli, Bizim.Media