Ayrı-ayrı rayonlarda icra
hakimiyyəti başçılarının vətəndaşların hüquqlarını pozması, idarəetmədə
yaratdıqları ədalətsizlik adi hala çevrilib. Öz şəxsi biznesini genişləndirmək
istəyən icra başçıları isə bunu başqalarının hüquqlarını pozmaq, vətəndaşların mülkiyyət
hüququnu tapdalamaq hesabına edir. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
Şahmar Usubov da belələrindəndir.
Qeyd edək ki, mediada dəfələrlə
barəsində tənqidi yazıların olmasına baxmayaraq, Şahmar Usubov Goranboy
rayonunun Ağcakənd qəsəbəsində əsl hökmranlıq edir. Belə ki, Xocalı RİH-in
inzibati binasının yerləşdiyi bu ərazidə təhlükəsizlik kimi məsələlər Xocalı
polisinə həvalə edilib. Bundan da yararlanan Şahmar Usubov nəzarətində olan
polisin əli ilə başqa vətəndaşların torpaq sahələrini zəbt edir. Hətta
istirahət zonası kimi də tanınan bu ərazidə icra başçısının oğluna məxsus
istirahət mərkəzlərinin birinin əsl əxlaqsızlıq yuvasına çevrildiyi barədə
məlumatlar da media səviyyəsinə qədər çıxıb.
Dünən Goranboy
rayonundakı yaylaq sahələrində mal-qara saxlayan bir qrup Kəlbəcər köçkünü icra
başçısının onlara etdiyi qanunsuzluqlardan şikayətlənib.
Moderator.az-ın
"Bizim Yol"a istinadən məlumatına görə, Kəlbəcər köçkünləri bildirib
ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən hər il onlara yaylaq sahəsi
ayrılır: “Biz hər il yay aylarında müqavilə ilə öz mal-qaramızı bu yaylağa gətiririk. Bizim kimi
Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun da qoyun və mal
sürüləri var. Ona da Goranboy Rayon İcra Hakimiyyəti bəlli bir yerdə sahə ayırıb.
Ancaq fermer təsərrüfatını genişləndirən Şahmar müəllim Xocalı polisinin
vasitəsi ilə bizi buradan çıxarmaq istəyir. İki gün əvvəl sürücüsünü və bir
neçə polis əməkdaşını yanımıza göndərən Şahmar Usubov bizə məxsus torpaq
sahəsini ona verməyimizi tələb edir. Biz Kəlbəcər rayonundan olan 8 ailə bir
neçə ildir ki, Soyuqbulaq adlanan bu yaylağa mal-qoyun gətiririk. Bizi və
çobanlarımızı polislə hədələtdirir. Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq
qurumları xəritə ilə hər kəsin öz sahəsini müəyyən etsə də, bu, Şahmar Usubov
üçün qaneedici deyil. Biz qəzetiniz vasitəsi ilə ölkə rəhbərliyindən icra
başçısının bu qanunsuz əməllərini dayandırmasını xahiş edirik. Şahmar Usubov
fermerdirsə, onda niyə icra başçısı işləyir? İşləyirsə, heç olmasa bu
statusundan yararlanıb, köçkünlərə qarşı qanunsuzluq etməsin. Sürücüsü tələb
edir ki, bizə aid sahədən onlara ayıraq. Əks təqdirdə bizi həbslə
hədələyirlər”.
Köçkünlər onu da bildirir ki, Goranboyun başqa bir ərazisində
Şahmar Usubovun daha bir yaylaq sahəsi var. O, həmin sahəni külli miqdarda pul
müqabilində icarəyə verib.


























































































