17 iyul böyük Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin doğum günüdür. Moderator.az-ın məlumatına görə, bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyasının təşəbbüsü ilə “Şah İsmayıl Xətai və Azərbaycanda dövlətçilik ənənələri” mövzusunda Dəyirmi Masa keçirilib.
Öncə tədbir iştirakçıları Şah İsmayıl Xətainin heykəli önünə gül dəstəsi qoyaraq onu yad etdilər.
Beynəlxalq Mətbuat Mərkəzində baş tutan Dəyirmi Masanın işində Milli Məclisin deputatı Fəzail Ağamalı, görkəmli tarixçi alimlər, Ana Vətən Partiyasının fəalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Fəzail Ağamalı Azərbaycan xalqının tarixində, Azərbaycan dövlətçilik tarixində böyük iz qoyan Şah İsmayıl Xətai və onun yaratmış olduğu dövlət haqqında ümumi məlumat verdi.
Çıxış edən tarix elmləri doktoru, professor Şahin Fərzəliyev və tarix elmləri doktoru, professor Tofiq Mustafazadə Şah İsmayıl Xətainin həyatından, hakimiyyətə gəlişindən, sərkərdəliyindən, dövlətçilik uğrunda apardığı mübarizədən, yaratmış olduğu Səfəvi dövlətindən, həm də şairlik fəaliyyətindən geniş bəhs etdilər.
Daha sonra tarixçi alimlər AVP-nin gənc fəallarının suallarını ətraflı cavablandırdılar.
Tədbirin sonunda ana vətənçilər adından partiyanın sədri F.Ağamalıya Şah İsmayıl Xətainin portreti hədiyyə olundu.
































































































