Sosial şəbəkələr karyeranın bir hissəsinə çevrilib? Bəzi adamlar müəyyən biliklərini “Facebook”da sərgiləyib çox diqqət cəlb etməklə tələb olunan ekspertə çevrilir ki, gələcəkdə deputatlığa namizəd ola bilsin, ya da heç olmasa hansısa ictimai şurada təmsil olunsun.
Bizim.Media xəbər verir ki, bu, bəzi sosial şəbəkə istifadəçilərinin mövqeyidir və hardasa həqiqəti əks etdirir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda nə qədər "Facebook" istifadəçiləri var?
Kiminin əvvəli, kiminin axırı…
“Facebook” yaranana qədər gündəmə gəlmək istəyən hər kəs jurnalistlərlə münasibətlərini mehriban formada saxlamağa çalışırdı. Məmurlar qələm əhlinə tez-tez zəng vurur, görüşlər təşkil edir və hətta byramlaşırdılar. Bunun rüşvət variantı da var idi, ehtiyat üsulu da. Belə ki, dövlətə bağlı olan qəzet-jurnal, radio və telekanallarda hansısa fəaliyyətini reklam etmək istəyənlər 100-500 manat civarında xəbər yazanların cibinə basır və özünün bir növ dövlət hesabatını təmin etmiş olurdu. İllər sonra isə DTX əməliyyatları ilə məlum oldu ki, bəzi jurnalistlər rüşvətxorları tərifləyir, “şirinliyə” görə xalqı aldadırmışlar.
Ehtiyat üsulu ilə jurnalistlərlə ünsiyyət saxlayanlar isə tənqidi yazarlardan çəkinir və yaratdıqları münasibətin hesabına hanısa reportajı efirdən çıxartdırır, yaxud yazını saytdan sildirirdilər.
O vaxtlar karyera xatirinə də jurnalistlərlə dosltuq edənlər çox idi.
Əslində “Facebook” sosial şəbəkəsi yaranandan 6 il sonraya (2010-a qədər) kimi də mətbuat asılılığı qalmaqda idi və jurnalistlər tələb olunan insanlar siyahısındaydı. Yəni, 2010-a kimi jurnalistin müsahib problemləri olmurdu, əksinə ekspertlər, məmurlar özləri zəng vururdular ki, “maraqlı mövzu var, bəlkə reportaj edək?”. Həmin ildən sonra isə bəzi hadisələrin KİV-də gizli saxlanılması və “Facebook” vasitəsilə işıqlandırılması, “YouTube”un dəbə düşməsi də camaatı qəzet köşkləri və televizorun qarşısından uzaqlaşdırdı. İnsanlar daha çox kompüter, ardınca isə android telefonlara bağlandılar. Millət gördü ki, efirdə göstərilənlər, qəzetlərdə manşetlənənlərdən daha savadlı insanlar var. Və həmin adamlar reytinq topladılar.
“Facebook” və “Youtube” hesabına həyatını quranlar oldu.
Sosial şəbəkə və videokontentlərin köməyilə həm pul, həm də nüfuz qazananlar əvəlcə müxalifətçilər oldu ki, onların arasında jurnalistlər də vardı. “Nə şiş yansın, nə kabab” devizi ilə populyarlaşanların əsas hissəsi isə siyasi və iqtisadi ekspertlər idi. Yəni, onların bəziləri nə hökumət, nə də müxalifətin mövqeyini tutmayıb neytrallıq sərgiləyir və bununla da şərhlərini hər iki tərəfə oxutdura bilirlər. Bu fakt isə onları müxtəlif proqramların mütəmadi qonağına çevirir.
Çünki media rəhbərləri də bilirlər ki, dövlətin verdiyi tezisdən kənara çıxmayan ekspertdənsə, müəyyən olunmuş çərçivələri bir az aşan mütəxəssislər daha çox baxılır.
Bununla da, dünən köşə xahişi ilə qəzet redaksiyalarının qarşısında yatanlar bu gün əlçatmazlaşır. Bu qəbildən olanların ən uğurluları arasında millət vəkilliyinə nail olmuşlar da var.
Sosial şəbəkələrin qismən az tanınan ekspertləri isə heç olmasa müxtəlif qurumların ictimai şuralarında təmsil olunmağa can atırlar. Onlardan bəziləri “deputat olmasam da, ictimai şura xoroşo” təfəkküründədir. Həqiqətən də, dəyirmi masa və qalstuk eşqi ilə “facebook”da karyera quranlar az deyil.
Düzü, sosial şəbəkələrdə də baxımlılıq prinsipləri sağlam düşüncədən uzaqdır.
Yəni, 5-ci kolonun fəaliyyəti nəticəsində cəmiyyətin zövqü o qədər korlanıb ki, həyat əhəmiyyətli statusa gələn bəyənmələrin sayı bayağı fikirə verilən reaksiyalardan azdır. Sübut kimi, “Instagram”ı da göstərmək olar. Orada Bayram Nurlunun yarımmilyon abunıəsi varsa, Fəxrəddin Manafovun izləyici sayı heç 2 min deyil.
Cəmi 5 “like” alan elə paylaşımlar var ki, 5 min bölüşülən postlardan 5 dəfə qiymətlidir.
Anar Rəhimov, Bizim.Media