Deputat Zahid Oruc yoxlama adı gələndə sahibkarları titrəmə tutduğunu söyləyib: “Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsiyaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür”. O qeyd edib ki, sonuncu hərbi parad əhalinin Silahlı Qüvvələrə inamını artırıb: “Bu, Silahlı Qüvvələrə ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyini göstərdi. Çox müasir silahlar alınıb. Əgər Azərbaycan Ermənistanı siyasi müttəfiqsiz qoysa, 10 günə Ermənistanı məğlub edə bilər. Bununla belə, ordu sistemində islahatlar davam etməlidir. Ordu xalqa məxsusdur. Bu, çarizm dövründə və müstəqillik dövründə də millətin müstəqilliyə qadir olmadığını söyləyənlərə cavab oldu. Qəbirlərin köçürülməsi əsas deyil, bir xiyaban salına bilər. Xiyaban kimi indi onların uyuduğu yer seçilə bilər”.
Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəyə bilmir: “Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər. Bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssisələrdə yoxlama keçirə bilsinlər”.
































































































