Yay mövsümü başlayar- başlamaz alkoqollu içkilər siyahısına pivə başçılıq edir və araq, konyak, çaxır, likör kimi içkilər “estafet”i çoxlarının arpa suyu hesab etdiyi bu sarımtıl içki növünə verir. Maraqlıdır ki, müsəlman ölkəsi olan Azərbaycanda da çox geniş çeşidli pivə istehsalı həyata keçirilir, bu azmış kimi xarici ölkələrdən də məhşur brendlərin pivələri marketlərin vitrinlərini, kafe və restoranların piştaxtalarını bəzəyir. Ancaq yəqin çoxlarınız bilmirsiniz ki, Azərbaycana İslam respublikası olan İrandan da pivə ixrac edilir. Adına el arasında “hacı pivəsi” deyilən bu işkilərin alkoqolsuz olduğu iddia olunsa da bəzi insanlar iddia edirlər ki, reallıqda bu belə deyil və onların digər pivələrdən heç də az olmayan məstedici təsiri var.
Biz kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Ancaq təbii ki, bununla bağlı islam alimlərinin deyəcəkləri yox deyil və ona görə də ölkənin ən tanınmış ilahiyyatçı alimlərindən olan İslam Universitetinin dekanı Hacı Fuad Nurullanın mövzu ətrafında fikirlərini soruşmuşuq. Moderator.az-a açıqlamasında Hacı Fuad deyir ki, təkcə İranda deyil, bir çox ərəb ölkələrində də alkoqolsuz pivələr istehsal və istehlak olunur. Ancaq bunu yanlış anlamamaq gərəkdir: “Təkcə İranda deyil, az qala bütün ərəb ölkələrində, hətta Məkkənin özündə də bu içkilər satılır. Ancaq ona pivə yox, arpa suyu deyirlər. Unutmaq olmaz ki, istənilən ərzaq və bitkilərdə az miqdarda olsa da spirt var, şəriət baxımından bunun murdarçılığı da yoxdur. Alkoqol spirt deməkdir. Şəriətdə də ərəb sözü əlkol adlanır. Əgər həmin əlkol ərzaqlarda və bitkilərdə insanı məst edən səviyyədə və dozadadırsa, bu, haram və günahdır.
Meyvələrin və göyərtilərin də tərkibində çox cüzi miqdarda spirt var, bunların istifadəsinə icazə verilir. Ancaq tutaq ki, şokaladların tərkibinə vurulan konyak və likörlərin istifadəsi möminlər üçün qadağandır.Çünki araqlar, konyaklar və likörlər birbaşa insanları məst etmək üçün hazırlanır. İranda və ərəb ölkələrində isə arpa suyundan, çörəkdən xüsusi olaraq hazırlanan içkilər var. Hətta bu gün ərəb ölkələri Avropanın zavodlarına sifariş verərək həmin içkiləri hazırlatdırırlar. Onlar məstedici dozalarda olmur. Ancaq arağın, konyakın, likörün dərman vasitəsi kimi istifadəsi zəruridirsə, bunu həkim olduqca vacib hesab edirsə, şəriət onlardan dərman kimi istifadəsinə icazə verir. Hətta peyğəmbərimizə də bunu sual ediblər ki, həmin içkiləri həkimlər dərman kimi məsləhət görsələr onu istifadə etmək olarmı? Peyğəmbərimiz deyir ki, olar, ancaq onlar dərd gətirəndir, onlardan dərman olmaz.




























































































