Kiçik sahibkar Seyruz Məmməd: “Sahibkarlara kredit ayırılmasındakı süni maneələr, qohumbazlıq, yerlibazlıq amilləri aradan qaldırılmalıdır”
Artıq dünya iqtisadiyyatında baş verənlər Azərbaycana da təsirsiz qalmır. İlin ilk rübündə neftin dünya bazarlarında qiyməti 100 dollara qədər ucuzlaşıb. Hazırda ölkəmiz həm neftin ucuzlaşmasından, həm də hasilatın azalmasından xeyli vəsait itirir. Əgər neftin qiyməti 100 dollardan daha aşağı düşərsə, vəziyyət bir az da çətinləşəcək. Belə bir şəraitdə ölkənin böhran yaşamaması üçün qeyri-neft sektorunun, sahibkarlığın inkişafına şərait yaradılmalıdır. Amma iş adamları da mövcud şəraitdə qeyri-neft sektorunun inkişafının çətin olduğu qənaətindədir.
Qarşılaşdıqları problemlərdən danışan kiçik sahibkar Seyruz Məmməd deyir ki, fəaliyyət imkanları getdikcə çətinləşir: “Artıq uzun illərdir vurğulanır ki, iqtisadiyyat saxələndirilməlidir ki, ölkə çətin duruma düşməsin. Çünki dövlətin bir sektordan asılılığı onun gələcəyi üçün təhlükəlidir. Amma hazırki şərait qeyri-neft sektorunun inkişafına imkan vermir. Bu gün sahibkalardan vergi və sosial ödənişlərin edilməsi tələb olunur. Amma sahibkarlardan qeyri-rəsmi ödəniş tələbləri o qədər çoxdur ki, çıxılmaz durumdayıq. Həm də vergi və məcburi sosial sığorta ödənişləri çox yüksəkdir. Ekspertlər də bildirirlər ki, ölkəmizdə işçilərlə əmək müqavilələrinin rəsmiləşdirilməməsinin və ya əmək haqqının aşağı göstərilməsinin əsas səbəblərindən biri vergilər və sosial ödənişlərin yüksək olmasıdır. Qonşu Gürcüstanda bunun yolu çoxdan tapılıb. Mətbuatdan oxumuşam ki, islahatlara qədər orada da 14 faiz gəlir vergisi, 25 faiz sosial sığorta vergisi ödənilirdi. Gürcüstan artıq bu vergiləri 20 faizlik sığorta haqqları ilə əvəzləyib. Bununla da orada artıq heç kəs «ikili mühasibatlıq»da maraqlı deyil. Bunun nəticəsi olaraq isə dövlət büdcəsinin gəlirlərinin 94 faizi vergilər hesabına formalaşır. Rusiya Federasiyası da artıq bu tipli islahatlara getmək istəyini bəyan edib. Bizdə bu rəqəm 39 faizdir və islahatlar aparılsa, sahibkarların yükü bir qədər azalar”
Seyruz Məmmədin sözlərinə görə, sahibkarların işinə mane olan daha bir amil isə artan əsassız tələblərdir: “Ölkə neftdən milyardlar əldə etsə də, bu vəsait səmərəli xərclənmədi. Bu gün də öyünürlər ki, ölkəmizdə parklar salınıb, körpülər tikilib, şəhərin binaları ağardılıb. Amma sabah onların heç biri ölkəyə valyuta gətirməyəcək. Düzdür ölkəyə investisiya cəlb etmək üçün yollar normal olmalı, digər infrastrukturlar yaradılmalıdır. Amma bir yolu ildə 5 dəfə söküb yenidən tikməyə sərf edilən vəsaiti sahibkarlığın inkişafına yönəltmək olardı. Bu gün də sahibkarların dövlətdən kredit alması üçün bizness-planın olması, sahibkarlığı inkişaf etdirmək istəyi kifayət deyil. Kredit üçün müraciət edəndə bizi o qədər get-gələ salırlar, o qədər lazımsız sənəd tələb edirlər ki, əksəriyyət yarı yoldan dönür. Ya da krediti əldə etmək üçün alacağı pulun bir hissəsini elə bankdakılara verməyə razılaşır. Belə bir mühitdə isə sahibkarlardan yeni iş yeri açmaq, qeyri-neft sektoruna yatırım etmək işi gözləmək yersizdir”.
Seyruz Məmmədin qənaətinə görə, ölkədə ciddi islahatların aparılmasına ehtiyac var: “Düşünürəm ki, hələ də gec deyil. Hökumət istəsə kiçik və orta sahibkarlığa dəstək verməklə ölkəyə əlavə valyuta gəlməsinə təkan verə bilər. Bunun üçün sahibkarlara maliyyə resurslarına çıxış imkanı yaradılmalıdır. Dövlət kredit faizlərinin dərəcələrini aşağı salmaqla kommersiya banklarına ucuz və uzunmüddətli vəsait yönəldə bilər. Bu vəsait isə ünvanlı olmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün xərclənməlidir. Sahibkarlara kredit ayırılmasındakı süni maneələr, qohumbazlıq, yerlibazlıq amilləri aradan qaldırılmalıdır. Əks halda indiki şəraitdə ölkədə iş adamları uzun müddət ayaq üstə dura bilməyəcək. Bu sektorun fəaliyyətsizliyi isə ən azından yüzlərlə insanın işsiz qalması ilə nəticələnəcək. İşsiz insan isə ya dövlətdən sosial müavinət almalıdır, ya da hökumətə qarşı real etiraz qüvvəsinə çevriləcək. Demək, hökumətin sahibkarlığa dəstəyi həm də özünü gələcək təhlükələrdən sığortalamaqdır”.



































































































