Elşad Abdullayev növbəti “bomba”sını partlatdı: “Pulunuzu almısınız, Mahiri isə qaytarmırsınız”

Hazırda oxunan: Elşad Abdullayev növbəti “bomba”sını partlatdı: “Pulunuzu almısınız, Mahiri isə qaytarmırsınız”

29657
Fəaliyyətini dayandırmış ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev "Yeni Müsavat" qəzetinə yeni müraciət yollayıb. Sözügedən müraciətə hazırda həbsdə olan, iyunun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prosesi davam edəcək iş adamı Arzu Kazımovla aralarındakı telefon danışığının audioyazısı da əlavə edilib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq həmin yazını olduğu kimi Moderator.az-da yayımlayırıq.

32 dəqiqəlik telefon danışığı zamanı tərəflər Mahir Abdullayevin qaytarılması istiqamətində incəliyinə qədər təhlil aparırlar. Sözügedən danışıq M.Abdullayevin itməsindən 17 ay sonra, 1 aprel 2005-ci ildə qeydə alınıb. E.Abdullayev müraciətində qeyd edib ki, prezidentin əmisi Aqil Əliyevə və daxili işlər nazirinə etibar edərək A.Kazımovla əlaqə qurub: “Vasitəçiniz Rövşanə Əliyevanın vasitəsilə səninlə (A.Kazımovu nəzərdə tutur-S.T.) tanış oldum və sizin Bakı şəhəri, Kamo 195 saylı ofisinizdə ilk dəfə olaraq Zahid Dünyamalıyevlə birlikdə görüşdük”.

“Elə bilərik, Mahir Qarabağda həlak olub, gedib qırxını verərik”

Audioyazıda isə E.Abdullayevlə A.Kazımov bu məsələnin bütün təfərrüatlarını müzakirə edirlər. Sabiq rektor A.Kazımovdan qardaşının qaytarılması qarşılığında ona verilən pulun hesabını soruşur:

E.Abdullayev: Mahirin oğurlanmasından 17 ay keçir. Pulu da almısız, nə xəbər var? Bəs siz bilmirsiniz ki, bu qədər pulu adama bağışlamaq olmaz? Mahirin vəziyyəti nə yerdədir, nə xəbər var? Mənə ya “hə”, ya da “yox” de. Əgər başına bir iş gəlibsə bilək. Mənə düz danış. Elə bilərik ki, Qarabağda həlak olub, gedib qırxını verək.

A.Kazımov: Sabah Zahid Dünyamalıyevlə görüşək. Konkret qərar qəbul edək. Mənə verdiyin pula görə narahat olma, heç kim heç kimin hesabını yeyə bilməz, başımla cavabdehəm.

E.Abdullayev: Məni Prezidentin əmisi akademik Aqil Əliyev və daxili işlər nazir aldadıbdır. Mən onları ağsaqqal bilib sizlərə inanıb etibar etmişəm, yoxsa heç bir vaxt sizə inanmazdım. Məni daxili işlər naziri Ramil Usubovdan prezidentin əmisi Aqil Əliyev xahiş edibdir. Ona görə də mən Ramil Usubova etibar etmişəm. Nazirin 1-ci müavini Zahid Dünyamalıyevə də Ramil Usubova görə etibar etmişəm. Sizə də Zahid Dünyamalıyevə görə etibar etmişəm. Hətta Ramil Usubov əlini tuşlayaraq Zahid Dünyamalıyevə tapşırıq verdi ki, “Elşad müəllimin qardaşını qardaş kimi axtarmaq lazımdır... ”

Arzu: Zahid müəllim deyir ki, darıxmayın, Mahirin işi həll olunacaq.

E.Abdullayev: Necə darıxmayaq, pulunuzu almısınız. 17 aydır ki, Mahiri qaytarmırsınız. Qoy Zahidin oğlu 17 ay evə gəlməsin, bu, Zahid Dünyamalıyevə necə təsir edər. Mahirin ailəsi də, uşaqları da çox əziyyət çəkirlər. Hələ bu boyda haqq-hesaba baxmayaraq Zahid Dünyamalıyev bizim ətrafımızda gündə bir tor qurur, oyun qurur, üstümə gündə bir dələduz göndərir. Gah Telman, gah Nuşabə-Şəmistan, gah Əli Zəngilanski, gah “Qarbacov” (Mirsahib), gah Fikrət, gah Akif, gah da Roska-soskanı, Quska və s. üstümə göndərir. Öz qəzetlərində (“Təzadlar”da) mənim əleyhimə həqiqətə uyğun olmayan, nə jurnalist, nə də ki, vəkillik etikasına sığmayan, əxlaqdan kənar nağıllar yazdırır. Zahidə denən generallığına salıb belə şeylərlə məşğul olmasın, özünü hörmətdən salmasın, erməni generalları bizim torpaqlarımızı işğal edir, bizim generallar da öz vətəndaşlarını oğurlayıb satır. Ayıb olsun sizlərə, bu xalqın cörəyini yeyirsiniz, özünə də tüpürürsünüz, ayıbdır. Mənim üstümə gələnlər beş şirvanlıq “kamikadzelərdir”, pəhləvanlardır.

A.Kazımov: Bəs sənin qohumun Telman da “maşennikdir”?

E.Abdullayev: Telman mənim qohumum deyil, Zahid Dünyamalıyevin adamıdır, onun tapşırığı ilə mənim üstümə gəlibdir.

Elşad Abdullayevdən qardaşına görə 1 milyon alıb, əvəzinə fil sümüyündən stol-stul verilib

E.Abdullayev müraciətində yazıb ki, özünü ona DİN-in İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs- Telman Muradov Mahirin işini dərindən bildiyi üçün hazırda həbsdədir. Sabiq rektorun yazdığına görə, həmin ərəfədə Telman Muradov ona bildirib ki, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin polkovnikidir... (ixtisar redaksiyanındır). Telman Mahiri geri qaytarmaq üçün E.Abdullayevdən 1 milyon dollar istəyib, qarant kimi ona fil sümüyündən klassik dəbdə hazırlanmış bahalı stol və 4 ədəd stul verib: “Mən Telmana avans kimi 10 min $ verdim. Şərtləşdik ki , əgər Mahiri gətirib mənə təhvil versə, tələb etdiyi pulu verəcəyəm. Sonra Telman verdiyi sözü yerinə yetirə bilmədiyi üçün məndən bahalı stol-stulu tələb etdi. ....(redaksiyanın ixtisarı var) Hətta fil sümüyündən hazırlanmış bahalı stol-stul söhbəti Aqil Əliyevə də çatdı. O, fil sümyündən hazırlanmış stol-stulu özünə istədi və həmin stol-stulu akademik Aqil Əliyevə verdim. DİN-in Banditizm (MCQMİ) məndən Telmanın fil sümüyündən hazırlanmış stol-stulu tələb etdikdə , mən DİN MCQMİ-in (Banditizmin) müstəntiqi Yaşar Haqverdiyevə yazılı olaraq ifadə verdim ki, axtardığınız stol-stulu prezidentin əmisi akademik Aqil Əliyevə təhvil vermişəm. Bu barədə Vilayət Eyvazova telefonla da məlumat verdik. Telman Muradov Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın olduqca önəmli fiqurlarından olduğu üçün söz yayılmasın deyə onu gizlin olaraq həbsdə saxlayırlar. Bu barədə biz dəfələrlə müraciət etsək də bizə məlumat verən olmadı. Telman Muradov haqqında tərəfimizdən bir çox gizli videofaktlar qeydə alınmışdır, yaxın günlərdə sosial şəbəkələrdə ictimailəşdiriləcəkdir”.

“Zahid müəllim Mahiri azad edə bilmir”

Dialoqun növbəti hissəsində tərəflər yenə M.Abdullayevin qaytarılması üçün verilən pul barədə danışırlar. A.Kazımov “sənin pulun məndədir” deyərək, E.Abdullayevi sakitləşdirməyə çalışır:

A.Kazımov: Sabah mən Zahidlə bir yerdə olacağam. Ondan sonra səndən alınan pulları geri qaytaracağam. Sən mənim arxamca danışma.

E.Abdullayev: Qayda- qanun var, adamın pulunu almısan, oğurlanmış adamı qaytarmalısan.

A.Kazımov: Burada söhbət başqa şeydən gedir, Zahid Dünyamalıyev Mahiri azad edə bilmir.

E.Abdullayev: Zahid Dünyamalıyev Mahiri geri qaytara bilmirsə nə üçün məndən 17 aydır pulu almısınız ? Hazırda Zahid Dünyamalıyev məndən qaçır, məni qəbul etməkdən imtina etdi. Mən də icazəsi olmadan Zahid Dünyamalıyevin DİN-in 6-cı mərtəbəsindəki iş otağına girdim. Özü də məəttəl qaldı ki, mən onun qəbuluna necə icazəsiz girdim. Zahid Dünyamalıyevin qarşısında konkret söhbəti qoydum ki, ya Mahiri qaytar, yaxud da aldığın pulu....

Tərəflər arasındakı söhbət təxminən oxşar formada davam edir. E.Abdullayev yenə də ya pulunun, ya da qardaşının qaytarılması üçün israr edir. A.Kazımov isə qeyd edir ki, əgər Z.Dünyamalıyevlə görüşü zamanı sonuncu M.Abdullayevi geri qaytara bilməyəcəyini desə, onda olan pulu qaytaracaq.

Sevinc Babayevaya qədər hansı şahidlər qətlə yetirilib?

E.Abdullayev müraciətində həmçinin qeyd edib ki, bu günə qədər prokurorluq A.Kazımovun cinayətlərinə düzgün hüquqi qiymət verməyib. Sabiq ABU rektorunun yazdığına görə, indiyə qədər A.Kazımovun cinayət əməli haqda 4 video, 4 audioyazı internet vasitəsilə yayılıb: “Bildiyimə görə, Arzu Kazımov Azərbaycan Respublikası CM-in 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Şəxsən mən bu maddə ilə razı deyiləm. Çünki onun mənə qarşı MTN zabiti Mahir Abdullayevin oğurlanması, Azərbaycan Beynəlxalq Universitetini məndən tələb etməsi ilə əlaqədar cinayət əməlləri hədə-qorxu ilə xarakterizə olunur. Buna görə də onun əməlləri dələduzluq cinayəti kimi tövsif olunmamalıdır. Bir hüquq professoru kimi hesab edirəm ki, onun cinayət əməli "hədə-qorxu gəlməklə rüşvət alma" kimi tövsif edilməlidir. Eyni zamanda Arzu Kazımovun Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında ”cinayətdə iştirakçılığı" müəyyən edilməlidir. Onun cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi “adam oğurluğu” və 110-cu maddəsinin tərkibi “ insanları zorakılıqla yoxa çıxarma” cinayətlərində iştirakçılığı kimi hüquqi qiymət verilməlidir".

E.Abdullayev həmçinin yazıb ki, prokurorluğun A.Kazımovun cinayətdə iştirakçılığının statusunu müəyyən etməsi diqqət çəkir. Onun fikrincə, burda məqsəd cinayətin digər iri ranqlı subyektlərinin gizlədilməsinə xidmət etməkdir: “Bəs cinayətin digər iştirakçıları harda qaldı? Halbuki Sevinc Babayevaya qədər ölüm eskadronu bir sıra əsas şahidləri də qətlə yetirmişdir: daxili işlər nazirinin 1-ci müavini general-mayor Zahid Dünyamalıyev, Arzu Kazımova pulun verilmə prosesinin şahidləri - Arzu Kazımov tərəfindən "İnşaat-2002" şirkətinin direktoru Hacı Zakir və mən tərəfdən Sabir Hüseynov”.

“Məni zərərçəkən kimi tanıyın!”

E.Abdullayev həmçinin yazıb ki, A.Kazımovun ona qarşı cinayət əməlləri aşağıdakı kimi qiymətləndirilməlidir: “Birincisi, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət vermişdir. İkincisi, rüşvət verən rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Arzu Kazımovun işi üzrə prokurorluq məni zərərçəkmiş şəxs kimi tanımalıdır. Azərbaycansayağı adam oğurluğunun başlıca xüsusiyyətlərindən biri də zərərçəkmişin qohum-əqrəbasını bir-birinə qarşı qoymaqdır. Belə ki, 25 yanvar 2009-cu il tarixində mən rəsmi olaraq AR Prezidenti İlham Əliyevə, AR baş prokuroru Zakir Qaralova, AR milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət olaraq bildirdim ki, Kürdəmir rayonunun polis rəisi və müavini Qabil E. məni aldadaraq Kürdəmir rayonuna gətirdilər və məndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyon dollar pul tələb etdilər. Prezidentin imzası ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşlarına qarşı cinayət işi açdı. Nəticədə məndən tələb etdilər ki, ”ərizəni geri götür. Əks təqdirdə, yaxın qohumuna, qardaşın oğlu Mübariz Abdullayevə cinayət işi açacağıq". Mübariz Abdullayevin bir qardaşı Təbriz Abdullayev Qarabağ şəhididir, atası rəhmətə gedibdir, bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda Qarabağ şəhidi ailəsi Mübariz Abdullayevi həbs ediblər və bütün cinayətləri “səmimi etiraf edib”, bütün cinayətləri əsassız olaraq boynuna qoyublar. Məndən tələb edirlər ki, əgər şikayətləri geri götürməsən, qardaşın oğlunu sizə qarşı qoyacağıq. Qəribəsi budur ki, Azərbaycanın “şanlı” hüquq-mühafizə orqanları məni qardaşım oğlu Mübariz Abdullayevin işində zərərçəkmiş kimi tanıyır. Mən rəsmi olaraq bildirdim ki, məndən Mübariz Abdullayev pul istəməyibdir, məndən 5 milyon pulu Kürdəmirin polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil tələb edibdir. Qardaşım oğlunun işi də “fabrikovat” olunmuş işdir".

Sabiq rektor həmçinin adının hallandırıldığı bəzi cinayət işlərini da yada salıb. E.Abdullayevin yazdığına görə, silahlı killer Elşən Baxşəliyev ABU-dakı rektor otağında ona silahlı basqın edəndən sonra şikayəti əsasında həbs edilib: “Səhər prokurorluq doğma bacım oğlu Qarabağ müharibəsi iştirakçısı, mənim nümayəndəm, hüquq müdafiəçisi Azad Mürsəliyevə qarşı ”fabrikovat" olunmuş cinayət işi acaraq məni məcbur etdilər ki, ərizəni geri götürməsən, bacın oglunu da həbs edəcəyik. Məni bu yaxın qohumumun işində də zərərçəkmiş şəxs kimi qiymətləndirdilər. Məni baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun “fabrikovat” olunmuş işində də zərərçəkmiş şəxs kimi tanıdılar. Mən prokurorluğun MİK-ə yazılı olaraq bildirdim ki, Vaqif Hüseynov mənim pulumu qaytarmışdır və mənim ondan hec bir şikayətim yoxdur. Lakin prokurorluq məni Vaqif Hüseynovun işində zərərçəkmiş şəxs kimi tanıyır, halbuki qanunvericilik bunun əleyhinədir. Qüvvədə olan cinayət prosessual qanunvericilik tələb edir ki, prokurorluq və məhkəmə orqanları məni Arzu Kazımovun, Gülər Əhmədovanın, Nüşabə Mirzoyevanın, Nəriman Ağayevin və s. işlər üzrə zərərçəkmiş şəxs kimi tanımalıdır. Məni “fabrikovat” olunmuş cinayət işlərində tanımaga hec bir ehtiyac yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin