Xəbər verildiyi kimi yanvarın 14-də həbs olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə bu gün məhkəməsi başlayır. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib və əmlaklarına həbs qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Mətbuatı ağır günə qoyan Vüqar Səfərli vəzifəsindən sui-istifadə və qanunsuz əməllərinə görə ittiham edilir. Onun dövlət vəsaitlərini təyinatı üzrə istifadə etmədiyinə, müvafiq tələbləri pozduğuna və ən əsası külli miqdarda (18 milyon 500 min manat) dövlət vəsaitini mənimsədiyinə, taladığına görə sorğuya çəkiləcək. Üstəlik rəsmi sənədlərə yalan məlumatlar daxil edərəksaxtakarlıqla pul silməkdə günahlandırılır. Hansı ki, cinayət yolu ilə əldə etdiyi 5 milyon 796 min manatı 2015-2018-ci illər ərzində kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına yerləşdirərək leqallaşdırıb.
Bundan əlavə Vüqar Səfərli 2015-2019-cu illərdə qabaqcadan əlbir olduğu 10 nəfər vəzifəli şəxslə nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitləri də mənimsəyib. Belə ki, o, dövlət vəsaitinin 300 min manatını ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu və 103 min manat dəyərində dəftərxana ləvazimatlarını mənimsəyib.
Həmçinin 2017-2019-cu illərdə ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verib və KİVDF-yə məxsus 105 min manat məbləğində pul vəsaitini israf edib.
Hazırda Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Vüqar Səfərliyə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə cinayət işi açılıb.
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, təsbit olunan maddələrə görə Vüqar Səfərliyə 12 ildən 16 ilə qədər həbs cəzası verilə bilər:
“Məhkəmə qərar verərkən bu maddələri qismən toplayıb cəza tətbiq edir. Bəzən məhkəmə qərarlarında yüngülləşdirici hal da olur. Amma bu, nadir hallarda verilir. Vüqar səfərli ilə bağlı ən ağır çəza 12 ildirsə, digər maddələr də üstünə gəlsə, 15-16 il azadlıqdan məhrum oluna bilər”.
Alçina Amilqızı, Bizim.Media