Bir qədər əvvəl dünyada COVID-19-un dördüncü dalğasının başlandığı müzakirə olunurdu.
Qeyd edək ki, bir sira ölkələrin rəhbərləri – o cümlədən də Fransa və İran liderləri öz ölkələrində dördüncü dalğanın başlandığını elan etmişdilər.
MÖVZU İLƏ BAĞLI:
ÜST-ün biliklərindən üstün olan COVİD - Hər fəsilə uyğun 4 ştamm yaradılacaq?
Amma indi məlum olur ki, dördüncü yox, hələ üçüncü dalğa başlanır.
“Dünya ölkələri COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır” - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus dünyanı növbəti dəfə “rəsmən” xəbərdar etdi.
Qeyd etdi ki, hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.
Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb. Yoluxmanın artmasının əsas amillərindən biri koronavirusun "delta plus" ştammının yayılmasıdır.
Xatırladaq ki, bu ayın əvvəllərində elə bu təşkilatın təmsilçisi ÜST-in Avropa üzrə direktoru Hans Klyuqe Avropada koronavirusun dördüncü dalğasının başlandığını bildirib.
Bir sözlə, ara qarışıb, məzhəb və ya dalğaların sayı itib. İnfeksion xəstəliyin əslində konkret olaraq “dalğa”-lara bölünməsi də anlaşılan deyil.
Amma hər halda, təqribən 10 milyonluq əhalisi olan və onun 4,4 milyonu peyvənd olunan Azərbaycanın üçüncü dalğa ilə üz-üzə qalma təhlükəsi nə qədərdir?
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Azərbaycanda “üçüncü dalğa” təşvişinin yaşanmasına heç bir zərurət görmür.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkəmizdə əhalinin sayı azdır, böyük faizi peyvənd olunub, bir hissəsi isə yoluxub sağalıb:
“Delta” ştamının yoluxuculuğu çox olsa da, öldürücülüyü əksinə azdır. Ona görə onun bizə heç bir təhlükəsi olmayacaq. Dünyada nə elan edirlərsə, bu onların öz işidir. Bizdə bu gün real vəziyyət göz önündədir – toylar da olur, restoranlar da fəaliyyət göstərir, amma o qədər də artım yoxdur. Biz öz ölkəmizdə olan stiuatsiyaya uyğun addım atmalıyıq, çay gəlməmiş çırmanmamalıyıq”.
Aydın Əliyev İsrail təcrübəsini misal gətirib:
“Burada peyvəndlənib və yoluxub sağalan əhalinin ümumi sayı 92 faiz təşkil edir. Hazırda orada hər hansı təhlükəli durum yoxdur. Bizdə rəsmi qurumlar 31 nəfərin “Delta” ştammına yoluxduğunu açıqladılar – Nə olsun? 31 nəfərdən neçəsinin ağır olduğu, intensiv terapeya şöbəsində müalicə aldığı bildirilmədi. Bəlkə hamısı xəstəliyi yüngül keçirir? Delta var, Betta var, Qamma var deyə yüz ad saya bilərik. Amma xəstəlik yüngül keçirsə, heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Hər il hamımız qrip keçiririk. 31 yoluxandan 20-sinin vəziyyəti ağırdırsa, o zaman tədbirlərimizi görək, karantin elan edək. Hazırda isə heç bir karantinə ehtiyac görmürəm”.
Xatirə Nəsirli, Bizim.Media