Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü, ölməz Həsən bəy Zərdabi qələmindən çıxan "Əkinçi"nin nəşrə başlaması günündə, Qubada yenə ilkə imza atılıb. Bu gün Quba şəhərinin Yusif Qasımov küçəsində Azərbaycanda ilk dəfə olaraq "Media şəhidləri" parkının açılışı baş tutub. Çox qısa bir müddətdə 2000 kvadratmetr sahədə inşa edilmiş parkda şəhid olmuş media nümayəndələrinin xatirəsinə abidə ucaldılıb. Bu xatirə abidəsi son dərəcə orijinal və nəfis tərtibatla hazırlanıb.
Parkdakı simvolik abidə Qarabağ savaşı başlayandan öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş mətbuat nümayəndələrinin xatirəsinə salınıb.
Böyük ehtiramla həmin şəhid həmkarlarımın adını çəkirəm: 1991-ci il yanvarin 9-da Laçının Qaladərəsi kəndi yaxınlığında həlak olmuş ilk qadın jurnalist şəhidimiz Salatın Əsgərova, 1991-ci il noyabrın 20-də Qarakənd üzərində vertolyot qəzasında şəhid olmuş telejurnalist Alı Mustafayev, video-operator Arif Hüseynzadə, işıqçı Fəxrəddin Şahbazov,1992-cü il iyunun 15-də Əsgəran rayonunun Naxçıvanik kəndi ərazisində şəhid olmuş Çingiz Mustafayev və nəhayət, 44 günlük müharibədə tarixi qələbəmizdən sonra erməni vəhşiliyini işıqlandırmağa gedərkən Kəlbəcərdə minaya düşüb həyatlarını itirən jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışov.
"Media şəhidləri"parkının açılışında rayon İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət təmsilçiləri, bölgənin mətbuat işçiləri iştirak ediblər.
Əvvəlcə Quba İH başçısı Ziyəddin Əliyev və digər rəsmilər "Media şəhidləri " simvolik xatirə abidəsini ziyarət edib,önünə tər güllər düzüblər. Parka baxış keçirilib,burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış olublar. Simvolik "Media şəhidləri" xatirə abidəsi orijinallığı ilə diqqəti dərhal cəlb edib. İdeya doğrudan gözəl verilib. Jurnalistlərə lazım olan ləvazimatlar və avadanlıq abidəyə həkk edilib. Abidənin baş hissəsində yazısı yarımçıq qalmış qeyd dəftəri nəzərə çarpır. Ürəkağrıdan bir mənzərə də köçüb bu abidəyə. "Press" yazılmış dəbilqəni düşmən gülləsi,erməni mərmisi deşib. Sahibindən yadigar qalıb bu deşik-deşik olmuş dəbilqə... Həyatdan nakam getmiş həmkarlarımın yarımçıq qalmış arzularının nişanəsi olan fotoaparat,qələm,videokamera... Ürək sızladan görüntü.Və ortada kinolenti kimi ötüb keçən jurnalist ömrü... Abidənin aşağı hissəsində dəfnə ağacının budağı ilə bütün şəhid mediaçıların xatirəsi anılıb.
Bu abidəyə canlı deyərdim. Xatirələrini hörmətlə andığımız şəhid həmkarlarım bir daha erməni vəhşiliyinə, erməni vandalizminə etiraz səslərini ucaldırlar sanki. Həyatlarından keçsələr belə...
Bütün şəhidlərimizin, o cümlədən şəhid media nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba İH başçısı Ziyəddin Əliyev 44 günlük Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsinin uca tutulmasının hər birimizin borcu olduğunu deyib.Başçı çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkə mediasına verdiyi dəyərdən danışıb və Vətən müharibəsindəki tarixi qələbəmizin yaradıcısı İlham Əliydevin media sahəsində həyata keçirdiyi yeniliklərin verdiyi səmərədən bəhs edib.
Ziyəddin Əliyev "Bizim media"ya müsahibəsində Qubada "Media şəhidləri"parkının yaranma zərurətini açıqlayıb.
Milli mətbuat günündə şəhid olmuş media nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsinə çox sevindim. Bu möhtəşəm layihənin təşəbbüskarı Ziyəddin Əliyevə çox minnətdaram. Mətbuatın, jurnalistlərin dostudur Ziyəddin Əliyev. 2017-ci il dekabr ayının 2-də Prezident İlham Əliyevin sərəncamı ilə Qubaya İH başçısı təyin olduğu ilk günlərdən Ziyəddin müəllimin mətbuata dəyər verdiyini görmüşəm. Özümün müşahidə etdiyim bir faktı deyəcəyəm. Qubanın Zərqava kənd məktəbinin qəzalı olması, təmirinsə yarımçıq qalması barədə "İsti Press" saytında bir neçə dəfə yazı vermişdim. Yeni başçı məsələni biləndən sonra dərhal Zərqava kənd məktəbinin bərpasının davam etdirilməsinə göstəriş vermişdi. 2018-ci il fevralın 9-da məktəb tam istifadəyə hazır oldu. Eşitdim ki, İH başçısı məktəbə baxış keçirəcək. Açılışa mən də dəvət olunmuşdum.
Ziyəddin müəllimi ilk dəfə orada gördüm və bu ziyalı insanın mətbuata, sağlam tənqidə necə dəyər verdiyini orada hiss etdim.
Sonra Qubada çıxan "Şəfəq"qəzetinin redaktoru Qəhrəman Qasımov,bu sətirlərin müəllifi, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov və şair Ramiz Qusarçaylı çıxış edərək belə orijinal parkın inşasında olan əməyi olanlara,xüsusən İH başçısı Ziyəddin Əliyevə minnətdarlıq edib,şəhid jurnalistlərin xatirəsinə ehtiram əlamətinin sübutu olan parkın Milli Mətbuat günündə istifadəyə verilməsini yüksək dəyərləndiriblər.
Abidənin müəllifi xaçmazlı heykəltəraş Şıxəli Təhməzovdur. Onun sözlərinə görə, parkın və abidənin ideya müəllifi və təşəbbüskarı Qubanın icra başçısı Ziyəddin Əliyevdir:
"Başçı mənə elə gözəl ideya verdi ki...10 günə hazırladım bu abidəni Xaçmazda -emalatxanamda, gecə-gündüz işlədim".
Elə o vaxtdan Quba İH başçısının mətbuat nümayəndələrilə sıx əlaqə saxladığının şahidi oldum. Rayonda baş verən hadisələr, yeniliklər barədə biz jurnalistlər operativ məlumatlandırılmağa, tədbirlərə müntəzəm dəvət olunmağa başladıq. Düzünü deyim ki, mən bu vaxtadək mətbuatla bu qədər sıx işləyən belə rayon rəhbəri görməmişdim. Jurnalistlərin peşə bayramı da unudulmadı. Bu ənənə Qubada əvvəldən mövcud olsa da, Ziyəddin müəllimin peşə günümüzdə şəxsən özünün bizimlə görüşdüyünü gördüm.
Belə görüşlərin birində - 2019- cu il iyulun 22-də Quba İH-də keçirilən görüşdə mən Ziyəddin müəllimə bir təklif verdim.
Rayon rəhbərinə məlumat verdim ki,1990-cı illərədək Qubanın Zərdabi qəsəbəsində Həsənbəy Zərdabinin büstü olub və həmin vaxt nədənsə büst dağıdılıb. Həsənbəyin vaxtilə Qubada məhkəmə katibi işlədiyini və qəsəbənin Zərdabinin adını daşıdığını xatırladaraq Ziyəddin müəllimdən həmin büstün bərpa olunmasını xahiş etdim. Təklifimi müsbət qarşılayan İH başçısı verdiyi vədə əməl etdi. Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü günündə Zərdabi qəsəbəsində "Əkinçi"nin yaradıcısı Həsənbəyin büstünün açılışı oldu...
Quba İH başçısı Ziyəddin Əliyev ona gələn gələn təklifləti həmişə dəyərləndirib və dəyərləndirməkdədir.Belə bir faktı da desəm, yerinə düşər. Qubanın Amsarqışlaq kəndinin sakinləri uzun illərdir yolsuzluqdan əziyyət çəkirdilər. Bu problemi ona həmin kənddə yaşayan həmkarım Emin Kərimov çatdırıb və problem artıq həll edilib.Amsarqışlaq kəndinə gələn yol təmir ddilib, asfaltlanıb. Belə faktlardan çox demək olar.
Demək istədiyim odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Quba modeli olan Ziyəddin Əliyev rayonda işlədiyi 3 il 9 ay ərzində işinə vicdanla yanaşıb.
Bütün sahələr üzrə inkişafa önəm verib. Medianın yaxın dostu olan Ziyədddn Əliyev haqda mübaliğəsiz yazdım. Heç nəyi şişirtmədən, olduğu kimi... İstədim ki,mətbuata yüksək dəyər verən bir ziyalı insanı öz günümüzdə xüsusi tanıdım. Ən əsası və başlıcası, bizim şəhid həmkarlarımızın xatirəsinə ilk olaraq Qubada belə park inşa etdirdiyinə görə... Sonsuz təşəkkürlərlə...
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:04 / 22.07.2021
Azərbaycanda "Media şəhidləri" parkı açıldı – VİDEO
Hazırda oxunan: Azərbaycanda "Media şəhidləri" parkı açıldı – VİDEO
Hazırda oxunan: Azərbaycanda "Media şəhidləri" parkı açıldı – VİDEO
29451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.