Qrız kəndində məktəb tikintisi tam dayandırıldı - FOTO - EKSKLÜZİV

Hazırda oxunan: Qrız kəndində məktəb tikintisi tam dayandırıldı - FOTO - EKSKLÜZİV

28991

Qubanın dağlıq Qrız kəndinin ərazisində məktəbin tikintisi zamanı qədim qəbirlər aşkar edildiyindən inşa işləri davam etdirilə bilməz. 

Bizim.Media xəbər verir ki, bunu Qrızdan qayıdan Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev  səsləndirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Qriz kəndində yeni məktəbin inşası zamanı qədim qəbirlər tapılıb, dərhal yerli qurumlar və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumatlandırılıb.
 

Məktəbin tikintisi dayandırılıb və  əraziyə mütəxəssis baxışının keçirilməsi barədə qərar çıxarılıb. Bu məqsədlə Mədəniyyət Nazirliyi Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edib.


Müraciətdən sonra Qubanın Qrız kəndinə ezam olunduğunu söyləyən Qəhrəman Ağayev məktəb tikintisinin aparıldığı sahəyə və ümumilikdə Qrız kəndinə baxış keçirdiyini deyib.

Bildirib ki, Qrız kəndində tarixi 6-cı əsrdən başlayan və bu günümüzə gəlib çıxan qədim nekropol var. Bu nekropol müxtəlif dövrləri əhatə edir.

Məktəbin inşası nekropolun üstündə tikilir. Məktəbin özülü qazılarkən buradan 8 müsəlman qəbri tapılıb. Həmin qəbirlər üzü qibləyə, müsəlman dini qaydalarına uyğun dəfn edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada qədim qəbirlər TAPILDI - ÖZƏL - FOTOLAR


Arxeoloq alimin qənaətinə görə, yerli əhalinin ehtimalları düz çıxıb, tapılan qədim qəbirlər nekropolun 12-ci əsrə aid olduğu sahədə aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri hesab edir ki, Qrız kəndində yeni məktəbin inşasının köhnə binanın ərazisində aparılması daha məqsədəuyğundur. Köhnə məktəbin sahəsinə baş çəkdiyini söyləyən Qəhrəman Ağayev bildirib ki, köhnə binanın  sökülüb yerində yeni  məktəb tikilməsi  mümkündür.

Arxeloqun məlumatına görə, Qrız kəndinin hər daşı bir tarixdir: "Kənddə möhtəşəm  qala divarlarını gördük. Uçulub dağılsa da qalıb. Bu, onu göstərir ki, Qrız kəndində qədim tayfa və ya xanlıq yaşayıb.

Onlar 17-ci əsrin ortalarınadək qalada yaşayıblar və 18-ci əsrin əvvəllərindən başlayaraq insanlar kənarda, yəni ətraf hissələrdə ev-eşik tikib, məskən  salıblar. İndi Qrız kəndində olan evlər ətrafda salınmış evlərdir".

Qəhrəman Ağayev bu səbəbdən Qrız kəndində geniş arxeoloji qazıntıların aparılmasını vacib sayır. Onun qənaətinə görə, Mədəniyyət Nazirliyi Milli EA qarşısında məsələ qaldırsa, bu tarixi kənddə ətraflı arxeloji tədqiqatlar aparıla bilər.

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev məsələdən xəbərdar olduğunu deyib. Bildirib ki, yeni məktəbin inşası üçün Qrız kəndində münasib yerdə  sahə ayrılacaq və tezliklə məktəbin  inşasına başlanılacaq.


Beləliklə,Təhsil Nazirliyi də öz qərarını açıqlayıb. Qədim tarixi  abidənin məhv olmasına bu qurum da heç vaxt rəvac verməz. 

Mədəniyyət Nazirliyi ilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu anlaşa bilsə, Qrız kəndində böyük həcmli arxeoloji qazıntılara start verilə bilər. 

Təhsil Nazirliyi yeni məktəblə bağlı  işləri yoluna qoyacağını deyib.

Aytəkin Alxaslı, Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin