“Bir Şirməmməd Hüseynov obrazı Azərbaycan jurnalistikasına dəyər qazandıran obrazdır. Bu obraza yetişə biləcək adam varsa, ona dəstək verək, qalxsın o obraza”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa səsləndirib.
“O zamanlar Şirməmməd Hüseynov danışır ki, İmam Mustafayev ondan soruşub ki, niyə evlənməmisən? Deyib ki, evim yoxdur. Bir həftədən sonra Şirməmməd Hüseynova Bakıdan 2 otaqlı ev verirlər. Onun həyatında ev evlənməsi üçün səbəb oldu.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafa: “Səfirlərin bu addımı erməni terrorçuluğunun canlanmasına verilən bir dəstəkdir”
Onu o vaxt İmam Mustafayev gördü, indi biz görmürük? Evi olandan sonra Şirməmməd Hüseynov bütün arxivləri araşdırdı, Cümhuriyyət dövrünü, Məhəmməd Əmin Rəsulzadəni tədqiq etdi, sona qədər də peşənin ləyaqət simvoluna çevrildi. Demək, doğru seçim ediblər. Təkcə ev məsələsini həll etməklə, onun yolunu açıblar”, deyə Milli Məclisin üzvü qeyd edib.
Onun fikrincə, elə jurnalist, alim var ki, yataqxanada çürüyüb, heç yerə çıxa bilməyib, adi məişət qayğısı ilə ölüb:
“Əlbəttə, Prezident sərəncam veribsə, jurnalistlərə veriləcəksə, bu, öz seçimləridir. İndi buna heç kəs fikir bildirməsin? Ona görə də bu məsələdə hansısa şəkildə təftiş etmək, “sən kimsən belə söz deyirsən, mən səndən ağıllıyam, gəl debata çıxaq” kimi səviyyəsiz söhbətlər aparmaq olmaz.
Bu, jurnalistlər üçün xüsusilə olmaz. Əksinə, jurnalist müsahibi dinləməli, onun fikrinə müdaxilə etməməlidir.
Onun fikrindən öz etirazını bildirə bilər, amma o demək deyil ki, sən müsahibə aldığın şəxsin razılaşmadığın hər fikrinə görə deməlisən ki, dur, çıx get burdan. Məsələyə bu cür yanaşmaq lazımdır”.
Bizim.Media