Tarixi qədimliyi 1910-cu illərə söykənən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təmir işləri başlayıb.
Bizim.Media hələ 6 ay əvvəl yararlılıq dövründə müəyyən itkilərə səbəb olan teatr binasının əsaslı təmirə ehtiyacı olduğu barədə məsələ qaldırmışdı və yazı dərc etmişdi.
O zaman üçün cavabdeh qurum dövlətin Teatrın restavrasiya məsələsi ilə bağlı qərarının olmadığını, üstəlik gündəlikdə belə bir məsələnin olmadığını açıqlamışdı.
Bu dəfə Bizim.Media-nın kameralarına Opera və Balet Teatrında artıq təmir işlərinin aparılması ilə bağlı görüntülər tuş gəlib.
MÖVZU İLƏ BAĞLI:
Opera və Balet Teatrı təmir ediləcəkmi? – “Gözlər Anar Kərimova dikilib...” – ÖZƏL ARAŞDIRMA
Məlum olub ki, xalqımızın mədəni-maarif səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Teatr binası yenilənir.
Opera və Balet Teatrının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rəsulova saytımıza açıqlamasında hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daxilində təmir işləri davam etdirildiyini təsdiqləyib. O, deyib ki, cari ilin avqust ayının 1-dən etibarən Avstriyadan dəvət olunmuş mütəxəssislərin bilavasitə iştirakı ilə binanın fasad hissəsi də təmirə başlanacaq.
Teatr rəsmisi tarixi binanın təmirinin dövlət səviyyəsində həyata keçirildiyini əlavə edib.
Xatırladaq ki, Opera və Balet Teatrının layihəsi italyan memarları tərəfindən hazırlanıb və ölkə başçısının iştirakı ilə layihənin təqdimatı olub. Amma maliyyə sıxıntısına görə bu işlər saxlanılmışdı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binanın fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması məqsədilə bir neçə dəfə açıq tender elan edib. Təkrar tender isə 2020-ci ildə olub.
111 illik tarixi olan Opera və Balet Teatrının əsaslı təmirə başlanılması təqdirəlayiq addım kimi qiymətləndirilir. Şübhə etmirik ki, bu ilin yanvar ayından Mədəniyyət naziri postuna təyin edilən Anar Kərimovun imza atdığı bu cür nümunəvi addımları daha da çox olacaq.
Alçina Amilqızı, Bizim.Media