Gecə və gündüz rahatlığı pozan “ZİBİL MAŞINLARI” - Məişət tullantıları nə zaman daşınmalıdır? 

Hazırda oxunan: Gecə və gündüz rahatlığı pozan “ZİBİL MAŞINLARI” - Məişət tullantıları nə zaman daşınmalıdır? 

28699

Hərəkətin intensiv olduğu vaxtlarda tullantı daşıyan maşınların yollara çıxması, onsuz tıxac olan küçələrdə hərəkəti daha da çətinləşdirir. Bu hal əsəbləri tarıma çəkilən sürücüləri daha da hövsələdən çıxararaq, bəzən də qəzalara da səbəb olur. Bəs zibil maşınlarının hərəkəti qanunla necə tənzimlənir? Bu avtomobillərin iş rejimi necə qurulur?

Bizim.Media olaraq bu problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Zibil yığan maşınların “zibilli” FƏALİYYƏTİ – VİDEOFAKT


Ekspertin fikrincə tullantı daşıyan maşınların iş rejiminə mütləq şəkildə ciddi nəzarət edilməlidir: 

“Bəzən görürsünüz ki, axşam hansısa sürücünün iştirak etməli olduğu məclisi var. Toy, nişan və yaxud ad günündə iştirak edəcək. Onda həmin bu sürücü öz planlarına uyğun iş qrafikini qurur. Onun nə vecinə, kim harada tıxacda qaldı, hansısa xəstə vaxtında xəstəxanaya çatdırılmadı. Yəni o, öz işinə görə başqalarına diskomfort yaradır. Burada problem təkcə nəqliyyat axınında yaratdığı sıxlıq deyil, həmçinin zibil maşınlarının hərəkət etdikcə ətrafa yaydığı pis qoxudur”. 

Əməkdaşımızın “Bəs, qanunla onların iş rejimi necə nizamlanır?” sualına ekspert belə cavab verib: 

Tullantı daşıyan maşınlar üçün xüsusi vaxt ayrılıb. Bu gecə saatlarından səhər saat 5-6-ya qədərdir. Hələ də bəzi icra nümayəndələri, “jeklər” işlərini müəyyən çərçivəyə sala bilməyiblər, qanun - qaydaları pozurlar. Bəzən görürsən ki, iri tutumlu zibil maşınlarını nəqliyyatın ən gur hərəkətdə olan ərazilərinə buraxırlar. Bütün inkişaf etmiş meqapolislərdə müasir kiçik həcmli zibil maşınlarına daha çox üstünlük verirlər. Çünki onların hərəkəti, məhəllələrə giriş-çıxışı daha rahatdır, təhlükəsizdir, həm də heç kəsə problem yaratmır. Düşünürəm ki, Təmiz Şəhər ASC-i, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyətləri bu məsələlərə daha ciddi diqqət yetirəcəklər”. 

Ekspert bildirib ki, bu cür qanun pozuntusuna görə heç bir cərimə yoxdur, bu sadəcə aidiyyatı orqanlar tərəfindən tənzimlənməlidir. 

“Burada qanunla bir cərimə yoxdur. Sadəcə, olaraq bu daxili qaydalarla müəyyənləşməlidir. Bu məsələ qaraj müdirləri, Mənzil İstismar Sahələrinin rəhbərləri tərəfindən nəzarətə götürülməlidir. Ancaq çox təəssüflər olsun ki, buna diqqət yetirilmir”.

Ekspert bu avtomobilərin təmizliyindən də də söz açıb: 

“Mən istəyərdim ki, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələyə ciddi diqqət yetirsin. Qaraj müdirlərinə, onların təmir mərkəzlərinə ciddi tapşırıqlar verilsin ki həmin nəqliyyat vasitələri, vaxtı-vaxtında dezinfeksiya olunsun”. 

Bundan başqa gecənin istənilən saatında həyətlərdə hay-küy yaradan “zibil maşınları”ndan sakinlərin də şikayəti var. Bəzən nalayiq sözlərlə, çığır-bağırla müşahidə olunan bu proses məsələyə diqqətin artırılmasını vacib edir.

Mövzunun araşdırılması davam edir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin