Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Rauf Babayev, Davud Hacıyev, Kərəm Veyisov, Rəşad Səfərəliyev və Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Elvin Mirzəyevin xatirəsi əbədiləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Aytəkin Alxaslı ÇAĞIRIŞ ETDİ: “Əziz insanlarla ünsiyyəti seçiriksə...” - VİDEO
Xüsusi memarlıq formasında inşa edilən “Şəhidlər bulağı”nın ətrafı abadlaşdırılıb, burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.
“Şəhidlər bulağı”nın açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.
“Şəhidlər bulağı”nın açılış mərasimində çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olundu.
Çıxış edən şəhid anaları və qazilər bildirib ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi. Qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Tədbirdə Xaçmazla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarda yaşayan şəhid ailələri iştirak edib.
Onlarda öz çıxışlarında 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarından və əldə olunan tarixi qələbədən söz açıblar. Çıxışlarda Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıblar. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri və qazilər Göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Aytəkin Alxaslı, Bizim.Media