“Tank sürdüyümə görə, Şuşa həbsxanasında sağ gözümü çıxartdılar”- Əsirliydə olmuş azərbaycanlı 

Hazırda oxunan: “Tank sürdüyümə görə, Şuşa həbsxanasında sağ gözümü çıxartdılar”- Əsirliydə olmuş azərbaycanlı 

28547

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Zərərçəkmiş Babayev Kamil İdris oğlu üzləşmədə ibtidai istintaqa ifadəsini təsdiqləyib.

Daha sonra prokuror zərərçəkmişə suallar verib. Təqsirləndirilən şəxsləri necə tanıdığını soruşub.

Kamil Babayev deyib ki, Mkrtiçyan və Xosrovyanı şəkillərdən tanıyıb: "Şəkillərdən bildim ki, bunlar bizə işgəncə verənlərdir. Şəkillərə baxan kimi tanıdım".

Təqsirləndirilən şəxs Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın ona amansız işgəncə verdiyini deyib:

"Xosrovyan əvvəl saçlı idi, indi saçları tökülüb. Amma burnunun əyriliyi hələ də qalıb. Bizimlə Azərbaycan dilində sorğu-sual edirdi, amma döyəndə ermənicə söyürdü".

Zərərçəkmiş Rauf Qafarov isə bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi Şuşa türməsində ona amansız işgəncə verib.

Zərərçəkmişin suallarını cavablandıran təqsirləndirilən şəxs Lüdvik Mkrtiçyan bildirib ki, o 1993-cü ilin iyul avqust ayında Suqovuşanla Hadrutda olub və 1 ay müharibədə iştirak edib.

Zərərçəkmiş şəxs isə deyib ki, L. Mkrtiçyan 1992-ci ildən Şuşa həbsxanasında olub.

Digər zərərçəkmiş Famil Əliyev isə bildirib ki, ibtidai istintaqda onları adları ilə tanımayıb:

"Mənə dedilər ki Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanı tanıyırsanmı? Mən də dedim elə adamları tanımıram. Sonra şəkillər göstərdilər, "Lyoxa" və "Loşa"nı tanıdım. Dedilər ki, həmin şəxslər Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyandır. Mən isə onları "Lyoxa" və "Loşa" kimi tanıyırdım”.

Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər:

"İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam".

Zərərçəkmiş Cavid Hüseyn qeyd edib ki, 28 il keçsə də, ona verilən işgəncələri unutmayıb:

Hər gün gözümün qabağında canlanır. Bizə fotoları göstərəndə Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun "Lyoxa" olduğunu dedim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən bunu "Lüdvik" deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın, başını aşağı salaraq tanıdığını etiraf etdi. Mən o vaxt bunlara demişdim ki, vaxt gələcək siz bizim qarşımızda cavab verəcəksiz".

Cavid Hüseyn bildirib ki, Şuşa türməsində Lüdvik Mktriçyanla Alyoşa Xosrovyanın iştirakı ilə onun gözünü çıxarıblar:

"1995-ci ildə ermənilərin Yohan adlı "milli qəhrəman"ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözümü çıxardılar. Dedilər, nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib".

Hakim məhkəmə istintaqın tamamlanması ilə bağlı tərəflərə təklif edib.

Prokuror gələn prosesdə bu məsələyə münasibət bildirəcəyini deyib.

Proses iyunun 28-də davam edəcək. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin