İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Bizim.Media Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
***
Erməni mətbuatının yaydığı məlumata görə, Naxçıvanla sərhəddə baş verən atışma zamanı bir erməni hərbçisi həlak olub.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində 14 iyul saat 10:30 radələrində baş verib.
Guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri döyüş mövqelərini irəliləmək üçün mühəndis texnikasından istifadə edərək istehkam işləri aparmağa çalışıb.
Ermənistan tərəfinin işi dayandırmağa yönəlmiş cavab tədbirlərindən sonra Azərbaycan hərbçiləri erməni mövqeləri istiqamətində atəş açıblar. Erməni mətbuatının iddiasına görə, atışma zamanı hər iki tərəf itki verib.
Azərbaycan Müdafiə Nazirliyi yayılmış məlumatla bağlı hər hansı münasibət bildirməyib.
Bizim.Media