Xəbər verildyi kimi ötən gün Kəlbəcər işğaldaykən ata-analarını ziyarətə gedərkən erməni hərbçiləri tərəfindən qətlə yetirilən Həsən Həsənovun anım günü idi. Həsən Həsənovun qardaşı Nail Həsənovun gileyinə görə qardaşı ilə 18-20 gün bir yerdə olan nə Dilqəm Əsgərov, nə də Şahbaz Quliyev son xatirələrini bölüşmək üçün ziyarətə gəlməyiblər. Həmçinin bildirib ki, heç biri dünənki gün Həsən Həsənovun məzarını yad etməyiblər.
Məsələ il bağlı Dilqəm Əsgərov Bizim.Media-ya açıqlamasında deyib ki, əslində Həsən Həsənovu və ailəsini görməyi çox istəyir.
MÖVZU İLƏ BAĞLI:
Dilqəm və Şahbazın əsirlikdən necə azad olunmasının detalları açıqlandı
Amma səhhəti ilə bağlı problemi olduğundan heç yerə gedə bilmir:
“Mən çox pis vəziətdəyəm. əllərim, ayaqlarım qıc olur. Hərəkət etdirə bilmirəm. Əsirlikdə başıma o qədər vurublar ki, kəskin ağrılardan əziyyət çəkirəm. Müayinə edən həkim günəşdə və isti havalarda heç hara çıxmamağımı tövsiyə edib. Dünən çox can atdım ki, Həsən Həsənovun məzarını ziyarət edim. Evdəkilər də qoymadı. Dedilər səhhətində ağırlaşma olar və daha artıq problem yaradarsan. Yoxsa ki, onun ruhuna böyük hörmətim var”, deyə Dilqəm Əsgərov əlavə edib.
Şahbaz Quliyevlə əlaqə yaratsaq da, o, məsələyə sadəcə susqunluq nümayiş etdirərək heç nə demək istəməyib.
Xatırladaq ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib.
O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onların izinə düşərək, girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər.
Mərhumun nəşi 2 oktyabr 2014-cü ildə düşmən tərəfdən alınıb və Bakıda dəfn edilib. O, ailəli idi, iki qızı qalıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 illik erməni əsirliyindən və 44 günlük Vətən savaşındakı qələbəmizdən sonra ötən ilin dekabrında azad olunublar.
Alçina Amilqızı, Bizim.Media