Hər avtomobildə mütləq yanğınsöndürən balon olmalıdır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin baş verə biləcək hansısa qəzada zərər görməmələri üçün bu günlərdə belə bir tələblə çıxış edib.
Müraciətdə nəqliyyat vasitələrində odsöndürənin olmamasının problem yaratması xüsusi vurğulanıb.
Bəzən texniki nasazlıq və ya yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır. Həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur. Bu da ağır fəsadlarla nəticələnir.
Sosial mediada hazırda bu, ən çox müzakirə olunan mövzudur. Bəzi istifadəçilər odsöndürənin olmaması səbəbindən yol polisi tərəfindən tənbeh olunduqlarını da yazırlar. Qanunvericiliyə görə isə odsöndürən balonla bağlı yol polisi cəza tətbiq edə bilməz.
MÖVZU İLƏ BAĞLI:
Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bizim.Media-ya açıqlamasında deyib ki, qanunvericilikdə bununla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulmayıb:
“Avtomobillərdə baş verən yanğının yerindəcə söndürülməsi üçün bu tələbi hər kəs yerinə yetirməlidir və ən azı yanmaqda olan nəqliyyat vasitəsinin söndürülməsi üçün bilik, bacarığı olmalıdır. Təssüflər olsun ki, dərman qutuları, ödsöndürən balonları, eləcə də yay mövsümündə avtomobili idarə edərkən çəkələklərdən istifadə ilə bağlı yol polisi yalnız təbliğat aparmağa üstünlük verir. İnzibati tənbeh tədbirləri görməkdən çox insanları başa salmağa, qəzaların nədən baş verdiyini anlatmağa çalışır. Kim yanğınsöndürən balona görə yol polisinin sürücünü cərimələnməsini deyirsə, bu, ağ yalandır və fəaliyyətimizə kölgə salmaq istəyidir. Sadəcə bu, avtomobillərində odsöndürən balon olmayan sürücülərin uydurmalarıdır”.
Vaqif Əsədov balonların yararlılıq müddətinə də toxunub. O, deyib ki, sürücülər nəqliyyat vasitələrində gəzdirilməsinə icazə verən balonlardan istifadə etməlidirlər:
“Dəfələrlə kameralarımız vasitəsilə görmüşük ki, nəqliyyat vasitəsi yanır. Hərkətdə olan digər sürücü avtomobili saxlayıb balonla yanğını söndürür. Yaxud alov güclü olduğundan yanğını söndürür, amma yarımçıq qalır. İkinci balonu nə verə, nə də tapa bilir. Sürücülər bilsin ki, yanğınsöndürən balonların olmamasına görə inzibati tənbeh tədbirləri seçmək fikrimiz yoxdur. Bu barədə kimsə də nəsə deyirsə, həqiqətəuyğun deyil”.
Qurum rəsmisi onu da əlavə edib ki, bəzi sürücülər avtomobildə işıq cihazlarına müdaxilə edir ki, bu da yanğınla nəticələnir:
“Standartların tələblərinə uyğun olmayan naqillərdən istifadə olunur. Avtomobil isə ya hərəkət, ya da hərəkətsiz zamanı qəfil alışıb yanır. Yaxud yol-nəqliyyat hadisəsi zamanı yanğın baş verir. Bu baxımdan sürücüldən xahiş edirik ki, qanunvericilikdə nəzərdə tutulmuş odsöndürən balonların nəqliyyat vasitələrində olmasını təmin etsinlər. Çünki baş verən hər hansı bir hadisədə kiminsə həyatını qaytara bilərlər”.
Qeyd edək ki, avtomobillərdə yanğın söndürmə balonu ya plastik ya da dəmir qablaşdırmada olmalıdır.
Qaydalara əsasən yanğınsöndürən balon yanğınsöndürən tərkibdən ibarət olmalıdır. 10 illik müddəti olan bu balonu 5 ildən sonra yenidən doldurmaq ehtiyacı yaranır. Balon bərk hissələri söndürən A sinfinə, alışqanlı mayeni söndürmək üçün B sinfinə, elektrik avadanlıqlarını söndürmək üçün E sinfinə malik olmalıdır.
Xatırladaq ki, sürücülər avtomobillərdə təhlükəsizliyin təmin edilməməsinə görə İnzibati Xətalar Məcəlləsilə məsuliyyət daşıyırlar.
302 və 302.1 maddələrində fiziki şəxslərə xəbərdarlıq edilir. Onlar beş manatdan on manatadək, vəzifəli şəxslər iyirmi manatdan otuz beş manatadək, hüquqi şəxslər isə yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Alçina Amilqızı, Bizim.Media