Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, məlumatda nazirliyin 112 - qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğının baş verməsi barədə məlumatın daxil olduğu qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Qazaxla sərhəddə yanğın törətdi - FOTO
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın səhər saatlarında söndürülüb.
Ümumilikdə təxminən 180 hektar sahədə quru ot ve kol-kos yanıb.
Bizim.Media