Azərbaycanda koronavirusa təslim olan MƏMURLAR - SİYAHI

Hazırda oxunan: Azərbaycanda koronavirusa təslim olan MƏMURLAR - SİYAHI

27398

Pandemiyanın yayılmağa başlamasından il yarımdan çox vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir. Azərbaycan da bu virusun cənginə düşən ölkələr sırasındadır.

Koronavirusa Azərbaycanda 336 min 417 nəfər yoluxub. 4978 insan isə virus səbəbindən həyatını itirib. Koronavirusa yoluxanlar, karantinə alınanlar və vəfat edənlər arasında sadə insanlarla yanaşı yüksək vəzifəli şəxslər, məmurlar da var.

Bizim.Media koronavirusa təslim olunan məmurları araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha neçə nəfər koronavirusa yoluxub? – GÜNLÜK STATİSTİKA


Məlum olub ki, ötən ilin fevralında Azərbaycanda aşkar olunan koronavirusdan 10 yüksək vəzifəli şəxs dünyasını dəyişib.

Yoluxanlar arasında üstünlük icra hakimiyyətləri arasında yer alıb. Hətta bir neçə icra başçısı müavinləri sözügedən virusun qurbanı olub. 

Bu ilin aprelində Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub. Nazirdən götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddət karantinə alınıb və müalicə olunub. Hazırda nazir iş başındadır. 

Virusa yoluxanlar arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də olub. O, müalicəsini xəstəxanada alıb və sağalıb. Elmir Vəlizadə 2007-ci ildən nazir müavinidir.

Sözügedən nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev də koronavirusdan sağalan məmurlardandır. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun da koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmışdı. Amma qurum xəbəri təsdiqləməmişdi. 

Xarici İşlər Nazirliyinin (XİN) Arxiv İdarəsinin rəisi Famil Əliyev koronavirusdan dünyasını dəyişib. O, XİN-in müalicə aldığı xəstəxanada həyatını itirib.

Təhlükəli virusun apardığı şəxslər arasında Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev də olub. O, eyni zamanda, “Cənubi Muğan” Kanalı İstismar idarəsinin rəisi idi.

Koronavirusun qurbanı olan icra başçılarının və müavinlərinin də sayı az deyil. Ötən ilin iyununda Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev koronovirusdan dünyasını dəyişib. 

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov da koronavirusun qurbanlarındandır. O, müalicə aldığı xəstəxanada həyatını itirib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev də koronavirusdan vəfat edib. O, Bakı şəhərindəki karantin xəstəxanalarından birində müalicə olunurdu. Həkimlər vəziyyəti ağırlaşan Vahid Tağıyevin həyatını xilas edə bilməyib.  

Məlumata görə Ağsu rayon İcra Hakimiyyətinin daha bir neçə vəzifəli şəxsi koronavirusa yoluxub. Onlar özünütəcrid edərək işə çıxmayıblar. 

Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva da virusdan ölənlər arasındadır. O, aparılan müalicə tədbirlərinə baxmayaraq koronavirusa təslim olub. 

Bir müddət əvvəl Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov koronavirusa yoluxub və onunla əlaqədə olan şəxslər karantinə alınıb. İcra başçısının müavini xəstəxana şəraitində müalicədən sonra sağlığına qovuşub.  

Ötən ilin dekabrında 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan dünyasını dəyişib. Həyat yoldaşı ilə birgə koronavirusa yoluxan Fərəc Qasımzadə xəstəxanaların birində müalicə alsa da, vəziyyəti kritikləşib və vəfat edib.

Fərəc Qasımzadə uzun müddət Bakının Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri, daha sonra isə direktor müavini olub.  

Azərbaycanda koronovirusa yoluxanlardan biri də Goranboy Rayon icra başçısının birinci müavini Ceyhun Həsənov olub. Onda koronovirus asimptomatik şəkildə müşahidə olunub və ev şəraitində nəzarətdə saxlanılıb. 

Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayev də bir müddət öncə koronavirusun qurbanlarındandır. O, virusla mübarizə aparmasına baxmayaraq, xəstəlik səbəbindən komaya düşüb. Həkimlərin bütün cəhdlərinə rəğmən vəziyyəti ağırlaşan İ.Abdullayev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ötən il dekabrın 3-də Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib. Vəfat etməzdən bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb və ona COVID-19 diaqnozu qoyulub.

Dekabrın 4-də isə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib. 57 yaşlı E.Yəhyayev 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alsa da, virusdan xilas ola bilməyib.  

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan və bu virusdan dünyasını dəyişənlər arasında deputatlar, məktəb direktoru və müavinləri, bələdiyyə sədrləri, xəstəxana rəhbərləri, eləcə də digər yüksək vəzifə tutan şəxslərin sayı da kifayət qədərdir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin