44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri –II HİSSƏ

Hazırda oxunan: 44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri –II HİSSƏ

272916

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələr silsiləsindən birinci hissəsini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri – I HİSSƏ


BİRLİKDƏ DÖYÜŞƏCƏYİK

“Kim döyüşdən qorxursa, qoy evinə qayıtsın. Mənimlə ancaq qələbəyə inananlar yola çıxacaq.” — Makedoniyalı İsgəndər

Ali Hərbi Komandirlər Məktəbində taktikanı öyrəndiyimiz ilk günlərdə istifadə edilən çoxsaylı hərbi terminləri anlamaqda çətinlik çəkirdik. Bunlardan biri də “döyüş gününün sonu” termini idi. İlk baxışda bu ifadənin gecə saat 24:00-da bitdiyini düşünürdük, amma sonradan müəllimlərimiz bizə izah etdilər: hərbi dildə “günün sonu” günəşin batması, alaqaranlığın düşməsi ilə qoşunlar üçün o gün üçün döyüşün aktiv fazasının bitdiyi demək idi.

Döyüş gününün sonu başlayanda gecə boyunca artilleriya bölmələri öncədən təyin edilmiş planlı hədəflərə ara-sıra yorucu atəş açır, digər qoşunlar isə döyüşün intensivliyini azaldır, tutduqları mövqeləri möhkəmləndirir, sursatlarını tamamlayır, şəxsi heyətin qida və təminat işlərini yerinə yetirir, sabahkı hücum və ya müdafiə üçün qoşunların yerdəyişməsini həyata keçirirdilər. Bu, sanki rinqdə döyüşən iki boksçunun ağır zərbələrdən sonra hərəsinin öz küncünə çəkilib dərin bir nəfəs almasına, məşqçisindən son göstərişlər alıb növbəti raunda daha güclü başlamağa hazırlaşmasına oxşayırdı.

Lakin bu fasilə düşmənə də imkan verirdi: o da həmin vaxtdan istifadə edib ehtiyat qüvvələrini irəli çəkir, səngərlərini daha da möhkəmləndirir, yeni müşahidə məntəqələri, gizli postlar və mina sahələri qururdu.

Sabah biz onu indi olduğundan daha güclü, daha dözümlü və daha çox qüvvə ilə müdafiə olunan vəziyyətdə tapacaqdıq.

Nəcməddin Sadıkov isə ordunu hələ də köhnə taktika ilə idarə edirdi — vaxtın və şəraitin tələb etdiyi çeviklikdən çox, köhnə qaydaların, tanış şablonların üzərində dayanırdı. Gözlənildiyi kimi, saat 28 sentyabr saat 20:00-dan etibarən atəş səsləri səngiməyə başladı. Fəaliyyətə başlamaq üçün korpus komandirindən əmri gözləyirdik; çünki kəşfiyyat məlumatı olmadan, düşmənin harada nə etdiyini bilmədən hərəkət etmək olmazdı. Mən səbrsizlik edərək korpus komandirinə zəng etdim.

— Eşidirəm, qardaş. Deyəsən, səbrin çatmır. Həmin istiqamətə düşmən çox sayda qüvvə gətirir. Ola bilsin, başqa istiqamətə yönəldərlər; amma əgər ora gələcəklərsə, planı dəyişəcəyik. Səbrli ol, mən sənə deyəcəyəm.

— Oldu, — deyib 530 yüksəklik istiqamətinə baxdım. Görəsən, düşmən orada nə iş görürdü? Bizim niyyətimizi anlaya bilərdimi?
 

Düşmən iyirmi beş il ərzində demək olar ki, dayanmadan işləyib, ərazinin təbii üstünlüklərindən ustalıqla yararlanaraq hər təpəni, hər qayalığı, hər daşı möhkəmləndirilmiş müdafiə xəttinə çevirmişdi: çoxpilləli səngərlər qazmış, gizli müşahidə və atəş məntəqələri qurmuş, yolları və ara boşluqlarını minalarla və süni maneələrlə doldurmuşdu.


Piyada və tank əleyhinə istehkamlarla hər bucaq bağlanmış, hər yer alınmaz bir qalaya çevrilmişdi. Gecə düşdükcə bu qalalar daha da görünməz, daha da sarsıdıcı bir təsirə bürünürdü. Biz bilirdik ki, sabah onlara hücum edəndə sadəcə güllə və mərmi ilə deyil — illərin hazırlığı ilə, dərin xəndəklərlə, minalarla, geridə pusquda gözləyən ehtiyat qüvvələrlə və möhkəm dirənişlə üz-üzə gələcəyik.

Saat 23:00 radələrində korpus komandiri əməliyyatın hələlik ləğv edildiyini, ancaq hər an tapşırıq ala biləcəyimizi bildirdi. Gözləməkdən başqa çarəm yox idi.

29 sentyabr 2020-ci ilin ilk saniyələri döyüş meydanında ömrümüzə daxil olurdu. Gecə olmasına baxmayaraq düşmən artilleriyası dayanmadan işləyir, mərmilər sağımıza-solumuza düşürdü. Düşmən döyüşün intensivliyinin azalmasından məharətlə istifadə edirdi. Mən isə buraya sakit oturmaq üçün gəlməmişdim. Hər an döyüşməli, bizə verilən tarixi şansı dəyərləndirib düşməni torpaqlarımızdan qovmalı idik.

Bu düşüncələr içində yenidən bütün bildiyim nömrələrə zəng edərək XTQ-dən kiminləsə əlaqə qurmağa çalışdım. Xüsusi Təyinatlı Qüvvələrdə olan silahdaşlarım orada idi və mən də onların yanında, çiyin-çiyinə döyüşərək ya torpaqlarımızı azad etmək, ya da bu yolda şəhid olmaq istəyirdim. Hər uğursuz cəhd məni daha da qəzəbləndirirdi. Nəhayət, polkovnik-leytenant Nəsibov Rəsulun telefonu cavab verdi.

— Hardasan?! — səbrsiz və həyəcanla soruşdum. Dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda bir yerdə döyüşdüyüm, bir döyüşçü kimi yetişdiyim və illərlə ailəm kimi gördüyüm, komandanlıq etdiyim silahdaşlarıma çatmaq üçün səbirsizlənirdim.

— Horadizə çatmışıq indi, komanda məntəqəsinə, — dedi. Səsinin arxasında səslər və qarışıqlıq hiss olunurdu. Orada vəziyyətin necə gərgin olduğunu təsəvvür edə bilirdim.

— Komandan hardadır? — deyə soruşdum. Sualım təkcə məlumat almaq üçün deyildi. Komandana birbaşa müraciət etməliydim.

— Yanımdadı, amma...

— Tez telefonu komandana ver! — səbrim tükənirdi. Komandanın mənimlə birgə döyüşmək istəyib-istəməyəcəyini bilməliydim.

Komandan telefonu götürən kimi, qətiyyətlə səsləndim:

— Mən Tərtər istiqamətindəyəm! Bu, bəlkə də son döyüşümüzdür! Mən döyüşməyə və şəhid olmağa gəlmişəm! Burada da qala bilərəm, sizinlə də ola bilərəm!
 

Həm mənim ətrafımda, həm də komandanın səsinin arxasında, telefonun dərinliklərindən top atəşlərinin uğultusu eşidilirdi. Düşmən mərmiləri yaxınlıqda torpağa çırpıldıqca yer titrəyirdi. Bu mərmilərin mənə dəyə biləcəyindən yox, komandanın verəcəyi cavabın həyəcanından ürəyim sinəmdən çıxacaq kimi döyünürdü; bəlkə də saniyənin mində biri qədər bir vaxt mənə əsrlər kimi uzun gəlirdi.


O, düşünmədən, səsində əmr və qətiyyət dolu bir tonla cavab verdi:

— Əlbəttə, dərhal bura gəl! Birlikdə döyüşəcəyik!

Bu sözlər məni bir anlıq rahatlatdı. Daha tərəddüd yox idi, yolum bəlli idi — ölümə, ya da qələbəyə doğru!

- Oldu- deyib telefonu söndürdüm.

Mən korpus komandiri, general-mayor Hikmət Həsənova XTQ komandanı ilə danışdığımı və onlara qoşulmalı olduğumu dedim. O, mənə uğurlar arzulayaraq təşəkkürünü bildirdi. Kəşfiyyatçılarla tək-tək qucaqlayaraq onlara uğurlar arzulıadım. Müharibədən sonar sağ qalaramsa mütləq görüşəcəyimizi bildirdim.

Müdafiə Nazirliyinin Horadiz qəsəbəsinin yaxınlığında açılmış komanda məntəqəsinə getməli idim.

29 sentyabr gecə saat 01:00 idi və daha gözləməyə vaxt yox idi! Briqada komandirinin UAZ markalı avtomobili ilə işıqlarını yandırmadan çətinliklə də olsa Tərtərə gəldim və oradan öz avtomobilimlə Horadizə doğru yola düşdüm!

Tərtər rayon mərkəzi və bütün yollar düşmən tərəfindən amansızcasına atəşə tutulurdu. Gün ərzində, bəlkə də, iki mindən çox mərmi yağdırılmışdı. Hər yer titrəyirdi! Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən Tərtər indi də əzmlə müqavimət göstərirdi!
 

Tərtərdən “Ağdam dördyolu”na çıxmalı, oradan isə Füzuli istiqamətində irəliləməli idim. Amma Nərimanabad kəndindən keçən zaman sanki cəhənnəmin içində idim! Düşmən Seysulan kəndinin yaxınlığında olan postlarından bu yolu atəş altında saxlayırdı. Məndən başqa yolda heç kim yox idi.


Məcburən maşının işığını yandırmışdım və düşmən maqistral yolla maşının getdiyini görərək atəş açırdı. Bütün yolların dəqiq kordinatı və 120 mm minatanların, topların bu istiqamətlərə tuşlama hesabatları olduğundan asanlıqla gecə hərəkət edən bütün hədəflərə atəş aça bilirdilər. Düşmənlə ara məsafəsi təxminən beş kilometr idi. Hər tərəfə mərmilər yağır, partlayışların işıqları ətrafı gündüz kimi işıqlandırırdı. Qəlpələr maşının yanından vıyıltı ilə keçirdi! İçimdə bir tək fikir vardı: “Burada döyüşmədən ölmək istəmirəm!“

Maşını yolun əks tərəfində dərəyə salıb atəşin səngiməsini gözlədim. Düşmən bəlkə də artıq məni vurduqlarını düşünürdü. Bir anlıq səssizlik çökdü. Elə bu an idi! Qazı basdım! Maşın gurultu ilə yerindən götürüldü! Tərtər–Köçərli yoluna çıxıb Horadizə doğru sürətilə irəlilədim.

Ağcabədi rayon mərkəzini keçdikdən sonra müharibənin barıt qoxusu verən nəfəsi hiss olunmağa başladı.

Sanki hava belə dəyişmişdi — ağır, sıx və qorxunc. Səssizliyin içindəki gurultular hər an yaxınlaşırdı. Ordumuzun uzaqvuran raket-artilleriya qoşunlarının topları Ağgöl qoruğunun ətrafında yerləşmişdi və bir-birinin ardınca yaylım atəşi açırdı. Mərmilər başımın üzərindən uğultu ilə keçib Xocavənd və Füzuli istiqamətinə doğru uçurdu. Yaxın-uzaq partlayış səsləri bir-birinə qarışaraq sanki yerin damarlarını qoparıb səmanı titrədirdi.

Beş il boyunca Füzuli və Beyləqan bölgəsində düşmənlə birbaşa təmasda yerləşən üç müxtəlif ön xətt briqadasına: 2006–2007-ci illərdə 702 nömrəli motoatıcı briqadaya, 2007–2009-cu illərdə 181 nömrəli motoatıcı briqadaya və 2009–2011-ci illərdə 706 nömrəli motoatıcı briqadaya komandirlik etmişdim. Bu ərazilər mənim üçün beş barmağım kimi tanış idi. Bu bölgənin hər qarışı, hər təpəsi yaddaşıma hopmuşdu.
 

Füzuli rayonunun Bala Bəhmənli kəndindəki məşhur “dörd yol” qovşağını keçərkən qarşıdan gələn hərbi və mülki təcili tibbi yardım avtomobillərinin vahiməli sirenaları gecənin qaranlığında qulaq yırtan bir faryad kimi səslənirdi.


Döyüşün ilk günləri ən çətin, ən ağır günlər idi. Otuz illik düşmən müdafiə xəttini yarmağa çalışan bir ordu üçün itkilər qaçınılmaz idi. Amma bu dəfə hər şey fərqli idi. Biz cəsarətlə, iradə ilə, qətiyyətlə hücuma keçmişdik. Nə olur olsun bu işğala son qoymalı, ata-baba torpaqlarımızı, qürurumuzu, namusumuzu, şərəfimizi, milli ruhumuzu geri qaytarmalı idik.

Xüsusi əməliyyatlar zamanı düşmən arxasında fəaliyyətimiz zamanı onların müdafiə xəttlərini necə mükəmməl qurduqlarını öz gözlərimlə görmüşdüm. Hər səngər, hər məntəqə, hər sədd, hər müdafiə rayonu illərlə hazırlanmış, sanki yerin damarlarına hopdurulmuşdu. Belə möhkəmləndirilmiş müdafiə həddlərini aşmaq — qan, can və qəhrəmanlıq bahasına başa gələcəkdi.

Bir komandir olaraq bilirdim: düşmənin müdafiə xəttini yarmağa cəhd etdiyin, hətta hazırlaşdığın andan etibarən, düşmən sənin niyyətini anlamağa və səni dayandırmağa çalışacaq.

Ona görədə hər bir əməliyyatın hazırlığı məxfi saxlanmalı, qoşunlar səssiz və maskalanmış şəkildə təyinat rayonlarında və həddlərdə yerləşdirilməli, bu zaman düşmənin bütün növ atəşindən qorunmalı idi.

Hücum edən qoşunların gücü düşmənə nisbətən ən azı üç, yarma bölgəsində isə beş dəfədən çox olmalı idi. Əsas məsələ düşmənin müdafiəsində ən zəif yeri tapmaq, bütün güc və vasitələri həmin istiqamətə cəmləmək, düşmənin müdafiəsini həmin yerdən yararaq hücumu cinahlara və dərinliyə genişləndirməli idik. Düşmən isə bunu bilirdi və öz kəşfiyyat vasitələri ilə bütün fəaliyyətimizi müəyyən etməyə çalışırdı.

Əvvəlcə düşmən səni dinləyir. Hərbçilər bunu yaxşı bilirdilər və döyüşdən əvvəl radio-rabitədən mümkün olduqca istifadə etmirdlər. Əlaqələr çox vaxt əvvəlcədən çəkilmiş kabelli telefon xətləri vasitəsilə təmin edilirdi.

Düşmənin əsas kəşfiyyat üsullarından biri isə cəbhə bölgəsinə yaxın yaşayan mülki əhalinin mobil telefonlarını dinləmək idi. Onlar hər kəsi dinləmirdilər — boşboğazlıq edən, düşünmədən danışanları seçirdilər. Belələri bilmədən düşmənin ən təhlükəli silahına çevrilir, Vətənə və xalqına xəyanət edirdilər. Bu xəyanətin bədəli isə bizim zabit və əsgərlərimizin canı olurdu.
 

Müharibənin ilk günlərində Azərbaycan Prezidentinin informasiya təhlükəsizliyi ilə bağlı sərəncamı nəticəsində bir çox sosial şəbəkələrə giriş bağlanmışdı. Məqsəd — düşmənin informasiya əldə etməsinin qarşısını almaq, məxfiliyi qorumaq idi.


Amma bir çoxları, hətta bəzi hərbçilər də qanunsuz yolla VPN-lərdən istifadə edərək, düşmənin istədiyi məlumatları bilmədən yaymaqda davam edirdilər. Çünki bəzi hərbçilərimiz özləri haqqında ucuz qəhrəman obrazı yaratmaq üçün hətta utanıb-çəkinmədən tamaşa quraraq (əlində cırıq krasovka tutmaqla, düşmənin əşya kisəsinin içini eşməklə, tüstü şaşkası istifədə edərək və çəkilişin üstünə səs effekti əlavə edərək guya top mərmisinin yanına düşdüyünü göstərməklə və sairə) belə qanunsuz çəkilişlər edib yaymış, bunun nəticəsində bölmələrimiz düşmən atəşi altına düşmüş, şəhid və yaralı vermişdik.

Çox təssüf ki, xalqımızın bəzi savadsız qismidə buna unanırdılar.Bu məsələyə bir daha, sonrakı günlərdə daha detallı toxunacağam.

Düşmənin ikinci üsulu ənənəvi izləmə və müşahidə idi — ön xətdə dayanmış əsgərlərindən tutmuş, dron və digər pilotsuz uçuş aparatlarına qədər bütün vasitələrlə bizi izləyirdilər.

Üçüncü üsul isə daha təhlükəli idi — düşmən kəşfiyyat qruplarını bizim cəbhə xəttinə göndərərək məlumat toplamağa çalışacaqdılar. Fürsət tapdıqda hərbi və ya mülki şəxsləri əsir götürüb dindirmək istəyəcək, zəif nöqtələrimizi aşkara çıxarmaq üçün hər cür üsula əl atacaqdılar.

Bu şəraitdə hücuma başlayan qoşunlarımız əvvəlcə öz qurduqları istehkam maneələrini, minalanmış sahələri keçməli idilər. Və bunu hücum siqnalı verilən anda aviasiya, artilleriya və digər atəş vasitələri düşmənin bütün dayaq məntəqələrinə, atəş mövqelərinə və hərbi obyektlərinə zərbə endirdiyi, onu baş qaldıra bilməyəcək vəziyyətə saldığı anda etməliydilər. Bu, adətən 30–40 dəqiqə davam edirdi — daha uzun müddət atəş açmaq mərmi israfına səbəb ola bilərdi. Çünki müharibədə hər bir mərminin hesabatı aparılırdı.

Keçidlərin açılması və maneələrin aşılması bizim qəhrəman istehkamçılarımızın üzərinə düşürdü. Onlar həm düşmənin, həm də bizim atəşimiz altında irəliləyərək mina sahələrindən keçidlər, cığırlar açmalı idilər. Tankların və digər zirehli texnikaların keçə biləcəyi ölçüdə keçid açmaq üçün bəzən daha çox vaxt lazım olurdu. Bu, yalnız istehkamçılarımızın cəsarəti və fədakarlığı ilə mümkün idi.
 

Bir komandir və düşmən arxasında keçirilmiş çox saylı xüsusi əməliyyatların iştirakçısı olaraq, istehkamçıların xidmətinə hər zaman dərin hörmətlə yanaşmışam. Xidmətim dövründə qorxaq istehkamçı görmədim. Onların hər biri igid, qorxmaz və əsl qəhrəman idi. Polkovnik Rəhim Əliyev, mayor Telman Miriyev və gizir Pəncəli Teymurovun adlarını həmişə ehtiramla xatırlayıram. İndi də müharibənin ən çətin tapşırığı onların - istehkamçıların üzərinə düşmüşdü.


Bu detalları təsvir etməklə ordumuzun düşmənin ön xəttini yararaq irəliləməsi nə qədər ağır, nə qədər qanlı və fədakar bir mübarizə hesabına başa gəldiyini təsəvvür etməyinizi istəyirəm. Hər qarış torpaq, hər bir qələbə — şəhidlərimizin canı və əsgərlərimizin qətiyyəti ilə qazanıldı.

Nəhayət 29 sentyabrın payız günəşinin ilk şəfəqləri Araz çayının vadisini bürüdükdə Horadiz qəsəbəsinə çatdım. Saatıma baxdım. Saat 06:25 idi. Avtomobili dərədə saxlayaraq piyada, qəsəbəyə gedən yolun sağ tərəfindəki yüksək bir təpənin üstündə yerləşən komanda məntəqəsinə hərəkətə başladım. Düşmən artıq ordunun buradan idarə edildiyini müəyyənləşdirmişdi və ərazini intensiv artilleriya atəşinə tuturdu. Hər yanda mərmilər partlayır, yer-göy sanki titrəyirdi. Hava yanıq barıt qoxusu ilə dolmuşdu.

Məni hamı tanıyırdı, bu səbəbdən komanda məntəqəsinə daxil olmaqda heç bir çətinlik çəkmədim. Nazirliyin bütün döyüş idarəetmə məntəqələri buraya toplanmışdı və rəhbərliyi Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov həyata keçirirdi.

Yeraltı KM-ə daxil oldum, qapı ağzında dayanıb içəriyə boylandım. Nəcməddin Sadıkov ön tərəfdə qurulmuş ekranların qarşısında dayanaraq pilotsuz uçuş aparatlarının çəkilişlərini izləyirdi. Vaxtaşırı ətrafındakı zabitlərə sərt göstərişlər verir, kiminləsə rabitə vasitəsilə danışırdı.

Solda Kəlbəcər istiqamətindən yenicə gəlib Komanda Məntəqəsində yerləşməyə çalışan XTQ idarəetmə qrupu və XTQ komandanı, sağda isə artilleriya, kəşfiyyat və digər qoşun növlərinin nümayəndələri yerləşmişdi.

Mən XTQ komandanına əlimlə işarə edərək burada olduğumu bildirdim. O, dərhal çölə çıxıb mənimlə görüşdü.

— Nəcməddinə deyin, müharibə artıq başlayıb. Mən ondan vəzifə istəmirəm. Yalnız məni orduya qaytarsın. Hansı istiqamətdə vəziyyət çətindirsə, əsgər kimi olsa belə göndərsin. Razıyam, — dedim, səsimdə qətiyyət vardı.

O, bir anlıq susub düşündü:

— Doğrusu, bunu ona necə deyim, bilmirəm. Amma bir yolunu tapmalıyıq. Bilirsən, onun sənə münasibəti necədir, — dedi.

— Cənab Komandan, mən bura döyüşmək üçün gəlmişəm; Şəhid olmağa da hazıram. Ondan vəzifə istəmirəm, sadəcə öz silahdaşlarımla ön xətdə olmaq istəyirəm. Bunu ona izah edin, vəssalam.

O, başı ilə razılığını bildirdi. Elə bu zaman əməliyyat zabiti komandana yaxınlaşıb xəbər verdi:

— Yuxarı Maralyanın girişində Mais Bərxudarovla Nəsimi Şadmanov düşmənin atəşi altına düşüblər.

Komandan qısa düşünərək mənə tərəf döndü:

— Zaur, tez ora gedib onları vəziyyətdən çıxara bilərsən?

— Əlbəttə, — dedim və dərhal yaxınlıqda dayanan XTQ-dən olan mayor Hüseynov Raufun silahını alaraq “Niva” markalı maşına tərəf qaçdım.

Birdən qolumdan tutan bir əl hiss etdim. Komandan idi:

— Gözlə. Sənin başına bir iş gəlsə, niyə orada olduğunu izah edə bilmərik.  Əvvəl Nəcməddinə deyim sonra.

O, Komanda Məntəqəsinə daxil olub Nəcməddin Sadıkova yaxınlaşdı, əyilib onun qarşısındakı masaya söykənərək  nəsə deməyə başladı. Nəciməddin başını aşağı salıb əsəbi şəkildə yırğalayırdı.

Bir neçə dəqiqədən sonra Hikmət Mirzəyev başını qaldırıb mənə tərəf baxdı və əllərini çarpazlayaraq mənə göstərdi. Bir anlıq bu işarənin Baş Qəraragah rəisinin razılıq verməməsi kimi başa düşdüm və qəti olaraq özbaşına ön xəttə getməyə qərar verdim. Əsəbi şəkildə Komanda Məntəqəsindən çıxmaq istədikdə Nəcməddin Sadıkovun sərt səslə:

— Polkovnik Mamedov! – deyə ucadan səsləndiyini eşitdim.

İlk anda onun məni çağıra biləcəyinə inanamadım. Ancaq hamının çevrilərək mənə tərəf baxdığını görəndə məni çağırırdığına əmin oldum. Hikmət Mirzəyevin göstərdiyi işarə yəni “ həll etdim” demək imiş. Dərhal içəri girib:

— Cənab Baş Qərargah rəisi, polkovnik Mamedov əmrinizlə gəldi! — dedim.

O, mənə tərəf dönüb rus dilində:

— Мамедов, тебе не следовало судится со мной в суде. Хикмет передал твои слова и попросил меня вернуть тебя. (Mamedov sən mənimlə məhkəmədə çəkişməli deyildin. Hikmət sənin sözlərini mənə çatdırdı və xahiş etdi səni qaytarım)

Mən onunla mənə etdiyi haqsızlıqlar barədə polemikaya girməyə ehtiyac görmədim. Tək istəyim döyüşmək idi. Sakitcə dayandım.

— Воевать хочешь? (Döyüşmək istəyirsən?) — istehza ilə soruşdu.

— Bəli, — qətiyyətlə cavab verdim.

— Я не дам тебе офицерской должности. Думаешь, ты полковник, и будешь сидеть тут у меня рядом? Нет. Отдам тебя в распоряжение Хикмата — будешь на передовой как простой солдат. Ясно? (Səni zabit kimi vəzifəyə verməyəcəyəm. Elə bilirsən, polkovniksən deyə burada, yanımda oturacaqsan? Xeyr. Səni  Hikmətin sərəncamına verəcəyəm; adi bir əsgər kimi ön xətdə döyüşəcəksən. Aydındır?)

— Oldu.

— Какой олду (Nə oldu !) — kinayə ilə mənə baxaraq dedi. — Садись и пиши: я готов воевать как рядовой и в случае чего отказываюсь от всех офицерских привилегий. (Otur yaz. Yaz ki, əsgər kimi döyüşməyə hazıram və başıma bir iş gəlsə, zabit kimi bütün imtiyazlardan imtina edirəm.)

— Oldu, — dedim və rütbələrimi çıxarıb önünə qoydum.

O, bir anlıq əsəbi baxışlarla altdan yuxarı məni süzdü, başını yelləyib  oturduğu kreslonu fırladaraq kadrlar idarəsinin rəisi, general-mayor Elçin Xəlilova döndü:

— Возьми его рапорт как я сказал. (Mən dediyim kimi onun raportunu al.)

Sonra XTQ komandanı, general-mayor Hikmət Mirzəyevə sərt şəkildə dedi:

— Отправь его в одну из боевых групп и ни на какую должность не назначай. Понял? (Onu döyüşən qrupların birinə verirsən və heç bir vəzifəyə də təyin etmirsən. Anladın?)

— Oldu, — Komandan cavab verdi və mənə baxdı. Onun baxışında “Sən özün istədin” mesajı açıq-aydın oxunurdu.

Mən oturub deyilən qaydada raport yazdım və onu kadrlar idarə rəisinə təqdim etdim.

Döyüşmək üçün icazə alandan sonra XTQ komandanına yaxınlaşıb Maisin və Nəsiminin atəş altına düşdükləri yerə getmək üçün icazə istədim. O, artıq Nəsimigilin vəziyyətdən çıxdığını bildirdi.
 

Məni xəritənin olduğu masaya gətirdi və o vaxta qədər həyata keçirilmiş əməliyyatlar, eləcə də növbəti planlar barədə məlumat verdi. Əməliyyat zabitləri mənim üçün xəritələr və digər ləvazimatlar hazırladılar. Komandan məni kənara çəkib dedi:


— Səni əsgər kimi versələr də, burada heç kim sənə əsgər kimi baxmayacaq. Sən müavinim kimi Ehtiyat Komanda Məntəqəsində birbaşa döyüşü idarə edəcəksən. Hələlik get, Zaurun (2-ci briqadanın komandiri polkovnik Zaur Zeynalov) yanına. Mən sənə əmri verən kimi EKM-ə keçərsən.

Düşmən arxasına keçmək üçün xüsusi bir qrup təşkil edildi və bir kvadrosikl (kvadrosikl — dörd təkərli, adətən açıq gövdəli və yüksək manevr qabiliyyətinə malik motorlu nəqliyyat vasitəsidir; müxtəlif ərazi şəraitlərində — palçıqda, qumda, dağlıq və meşəlik ərazilərdə rahat hərəkət üçün nəzərdə tutulur) ayrıldı.  Cəbhə xəttini keçərək xüsusi təyinatlılara qoşulmaq üçün  gecənin düşməsini gözləməli idik.

Qaranlığın düşməsilə kvadrosiklla ön xəttə doğru sürətlə irəliləməyə başladıq.


Gecə sanki bizi öz qaranlıq qanadları altına alaraq gizləməyə çalışırdı, lakin kvadrosiklin mühərrikinin gurultusu o qanadları yararaq gecənin sinəsini yarırdı. Hər tərəfi bürüyən qaranlıqda hər daş, hər kol canlı kimi görünürdü, amma biz bilirdik ki, biz heç nəyə fikir vermədən yalnız irəli — odun, barıtın və döyüşün içinə getməliyik.

ARDI VAR...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin