44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri – I HİSSƏ

Hazırda oxunan: 44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri – I HİSSƏ

272699

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələr silsiləsindən birinci hissəsini təqdim edirik:

O dünyadan cəhənnəmə dönüş

“Səni öldürməyən şey səni daha da güclü edər.” - Friedrich Nietzsche

Ayıldıqda soyuq, dərin bir boşluğun içində olduğumu hiss etdim. Ağ, qaranlıq və sanki sonsuz bir qəbir… Mən buraya necə düşmüşdüm? Və ən əsası… nə vaxt ölmüşdüm?

Bədənimə hakim deyildim. Sanki ruhum boşluqda süzülürdü, amma… səslər gəlirdi. Haradansa uzaqdan, boğuq səslər, rabitə cihazının xışıltıları… Güllə səsləri?! Beynimə sancılan bu səslər getdikcə daha da güclənirdi.

Birdən içimdə izaholunmaz bir güc hiss etdim. Tərpənməyə çalışdım. Sanki ağır bir yük sinəmə çökmüşdü, nəfəs almaq çətin idi. Ancaq var gücümü toplayıb irəli itələdim və qəfil oturdum.

O anda hər şey dəyişdi.

Qarşımda açılmış xəritə vardı - amma ən qəribəsi bu deyildi… Ətrafımda xüsusi təyinatlı zabit və gizirlər dövrə vurmuşdu. Silahlarını qaranlığa tuşlamışdılar, sanki məni qoruyurdular. Haradan gəldiyi bəlli olmayan partlayış, güllə səsləri…. Hər tərəfdə ölüm var idi… və mən ölü deyildim.

Sağ tərəfimdə, torpağın üzərində əlində rabitə cihazı sıxmış bir əsgər uzanmışdı. Gözləri dəhşətdən böyümüşdü. O, mənə elə baxırdı ki, sanki… mənim bu dünyaya aid olmadığımı düşünürdü.

Başımdan soyuq tər süzüldü. Nəfəsim boğazımda düyünləndi. Mən haradayam?!

Boğuq səslə soruşdum:

— Bura… haradır?

Əsgər udqundu. Bir anlıq dili söz tutmadı. Sonra özünü toparlamağa çalışaraq, titrək, amma qətiyyətli səslə cavab verdi:

— Döyüşdəyik, cənab polkovnik…

Tovuzdan başlayan zəfər yürüşü

“Mən döyüş meydanında geri çəkilməyi düşünmədim. Ölüm varsa da, o, əbədi şərəf deməkdir". - Atilla

Vətən müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlayanda, mən artıq dörd ildir ki, mülki həyatda idim. 2016-cı ilin sentyabrında — öz iradəmlə deyil, o zamankı Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qanunsuz tələblərinə boyun əymədiyim üçün — əsassız şəkildə Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini vəzifəsindən uzaqlaşdırılmışdım. Məni üç-dörd pillə aşağı salıb 3-cü Ordu Korpusunun əməliyyat şöbəsinə adi zabit kimi göndərdilər. Bu, əslində, Sadıkovun mənə qarşı apardığı çirkli oyunun bir hissəsi idi. Onun haqsızlığı qarşısında susmamağın yeganə yolu Silahlı Qüvvələrdən ehtiyata ayrılmaq oldu.
 

Lakin mən dərhal məhkəmə qaydasında haqqımı tələb etdim. Üç il səkkiz ay boyunca süni maneələrlə üzləşsəm də, inadla mübarizə apardım. Təhdidlərə və hədələrə baxmayaraq, bütün məhkəmə instansiyalarında qalib gəldim. Qərara əsasən, mənim əsassız şəkildə aşağı vəzifəyə təyin olunmağım barədə əmr ləğv edilməli, mən isə Xüsusi Təyinatlı Qüvvələrdən bütün imtiyazlarımla ehtiyata buraxılmalı idim.


Bununla belə, Nəcməddin Sadıkov məhkəmə qərarını icra etməkdən boyun qaçırdı. Buna görə Ali Baş Komandana yazılı müraciət etdim. Onun şəxsi müdaxiləsi və təzyiqi nəticəsində 2020-ci ilin may ayında məhkəmə qərarı icra edildi və Xüsusi Təyinatlı Qüvvələrdən ehtiyata buraxılmağım rəsmi qaydada təsdiqləndi.

Bütün bunlara rəğmən, mən bir gün yenidən əmri alacağımı, Vətən üçün döyüşə qatılacağımı bilirdim. Hətta şəhid olsam belə, babalarımın, əcdadlarımın əsrlər boyu qoruduğu torpaqda — Şuşada — dəfn ediləcəyimə inanırdım.

12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizə hücum etdi. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Sonrakı günlərdə döyüşlər daha da intensivləşdi, düşmənin canlı qüvvəsi və texnikası məhv edildi.

14 iyul 2020-ci ildə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə hərbi qulluqçu qəhrəmancasına şəhid oldu. Polad Həşimov müasir Azərbaycan tarixində şəhidlik zirvəsinə ucalan ilk general kimi yadda qaldı.

Bu hadisələr bütün ölkədə böyük rezonans doğurdu. Xalq kütləvi yürüşlərlə orduya dəstəyini ifadə etdi, minlərlə insan könüllü şəkildə cəbhəyə yazılmağa hazır olduğunu bildirdi.

Tovuz döyüşləri yalnız lokal xarakterli hərbi əməliyyat deyildi. Rayonun ərazisindən Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi keçir. Buna görə də Ermənistanın hücumu təkcə hərbi yox, həm də iqtisadi və geosiyasi təxribat xarakteri daşıyırdı.

Tovuz hadisələri göstərdi ki, Ermənistan hər an yeni təxribat törədə bilər. Deməli, düşmənə həmin anda layiqli cavab vermək üçün Azərbaycan Ordusu daim hazır olmalı idi.

Bütün bu hadisələrin fonunda Xüsusi Təyinatlı Qüvvələr intensiv təlimlərə başlamışdı. XTQ-nin məşqləri hər zaman plan üzrə Azərbaycanın müxtəlif relyefli bölgələrində keçirilirdi. Bu dəfəki təlim də əvvəlkilərdən fərqlənmirdi, lakin mən hiss edirdim ki, bu, düşmənin yaxın gələcəkdə törədə biləcəyi yeni təxribatlara qarşı ciddi hazırlıqdır. Qarşıda bizi gözləyən əməliyyatların xarakterinə uyğun olaraq, dağlıq və meşəlik ərazilərdə döyüş taktikası üzrə həm nəzəri, həm də praktiki məşğələlər təşkil edilirdi.
 

Mən bilirdim ki, döyüşlər başlayacağı halda nə olur-olsun, silahdaşlarımla birlikdə XTQ-də vuruşmalıyam. Əgər XTQ komandanı general-mayor Hikmət Mirzəyevə birbaşa yaxınlaşıb qarşıdakı əməliyyatlarda iştirak etmək istədiyimi desəydim, o, yəqin ki, səbirli olmamı tövsiyə edəcək, amma konkret heç nə deməyəcəkdi. Çünki Baş Qərargah rəisi Nəcməddin Sadıkov mənim orduya qayıtmağıma imkan verməyəcəkdi. Buna görə münasib anı gözləməli, fəaliyyət başlayanda isə XTQ-yə qoşulmalı idim. Hər zaman olduğu kimi, döyüş geyimim və təchizatım maşında hazır vəziyyətdə idi. Siqnal gələr-gəlməz yola çıxmağa tam hazırdım.


Gözlənildiyi kimi, 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı hərbi təxribat törədərək Azərbaycanın cəbhəboyu mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutdu. Bu hücum nəticəsində mülki əhali arasında ölənlər və yaralananlar oldu, həmçinin infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Azərbaycan Ordusu bu hücuma qətiyyətlə cavab verdi və dərhal əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək məqsədilə İkinci Qarabağ Müharibəsi — Vətən Müharibəsi başlandı.

Həmin gün mən cəbhə xəttinə yaxın olmaq üçün Göygöl rayonunda idim. Aldığım məlumata görə, XTQ-nin bütün bölmələri Ömər aşırımı istiqamətində hərəkət edirdi. Dayanmadan XTQ-dən kimləsə əlaqə saxlamağa çalışırdım, lakin bildiyim bütün nömrələr söndürülmüşdü. Narahatlıq içindəydim. İlk döyüş günündə silahdaşlarımla eyni sırada olmalıydım. Bu tarixi fürsəti qaçıra bilməzdim.

Yollar xaos içində idi. Mülki avtomobil karvanları hərəkəti tamamilə iflic etmişdi. Göygöl–Toğanalı yolunda qoşunların yerdəyişməsi, təminat və təxliyə fəaliyyəti faktiki olaraq mümkünsüz hala gəlmişdi.

Ən böyük təhlükə isə hərbi məlumatların sosial şəbəkələrdə yayılması idi. Mülki əhali artıq özünü reportyor kimi aparır, düşmən isə bu paylaşımları analiz edərək ordumuzun niyyətindən xəbər tuturdu. Bu isə məğlubiyyətə yol aça biləcək ciddi bir təhdid idi.

Günorta saatlarında artilleriya atəşinin gurultusu daha da intensivləşdi…

Artıq XTQ-yə qoşulmaq imkanımın qalmadığını başa düşdüm. Döyüşə qatılmaq üçün yeganə yol rəsmi şəkildə orduya qayıtmaq idi. Bu məqsədlə 2-ci Ordu Korpusunun komandiri, general-mayor Mais Bərxudarova zəng etdim:

— Mais, xahiş edirəm, xidmətə qayıtmağım üçün kömək et. Sənin Nəcməddinlə münasibətin yaxşıdır, sənə etiraz etməz. Ondan rica elə, icazə versin qayıdım. Əsgər kimi də olsa, harada lazımdırsa, döyüşməyə razıyam, — dedim.

— Qardaş, incimə, mən ona belə bir sözü deyə bilmərəm, — Mais qətiyyətlə cavab verdi.

Dərhal 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənova zəng etdim:

— Qardaş, mən döyüşmək istəyirəm! Maisə dedim, Baş Qərargah Rəisinə desin, amma o… — sözümü bitirməyə imkan vermədi.

— Heç nəyə ehtiyac yoxdur, qardaş! Kimin mənimlə döyüşəcəyinə mən qərar verirəm. Sən hardasan? Mənə lazımsan! — dedi.

Bu sözlər içimə qəribə bir rahatlıq gətirdi. Dərhal yola düşdüm. Hikmət Həsənov məni Goran adlanan yerdə qarşılamağa, ehtiyada olan zabit Müşviqi göndərmişdi. Onunla birlikdə 1-ci Ordu Korpusunun Naftalan yaxınlığında qurulmuş Komanda Məntəqəsinə gəldik.

Hava artıq qaralmışdı. Lakin hələ də hər yerdən atəş və partlayış səsləri gəlirdi. Bütün günü döyüşən hər iki tərəf gecə də atəş üstünlüyünü saxlamağa çalışırdı.

Komanda Məntəqəsi yüksək bir təpədə, bütün elementləri ilə qurulmuşdu. İçəri daxil olub Hikmətlə qucaqlaşdım. Çox yorğun olduğu hər halından bəlli idi, amma yenə də məğrur və dik dururdu.

— Vəziyyət necədir, qardaş? — soruşdum.

— Çətindir, qardaş! — gözlərimin içinə baxaraq dedi. — Amma döyüşürük. Sən bir görəydin, həmlə taboru necə vuruşurdu. Əjdahadılar, uşaqlar, maşallah!

Bir siqaret yandırdı, dərin qullab vurub davam etdi:

— Tap Qaraqoyunlu kəndinin üzərindəki 457.0 yüksəkliyi və Talış istiqamətində hücum edən bölmələr ağır itki verib. Artilleriya və hava dəstəyi yetərli deyil. Həsənqaya–Levonarx istiqamətində 703-cü motoatıcı briqadanın hücumu hələ də nəticə vermir. Sən ora getməlisən! Vəziyyəti düzəltməlisən! Nə olur-olsun! Bacararsan?

Bir anlıq susdum, sonra soruşdum:

— Siyavuş hanı?

Qardaşım Siyavuş 1-ci Ordu Korpusunun Hava Hücumundan Müdafiə Şöbəsinin rəisi idi. Əslində, o burada — komanda məntəqəsində olmalı, bölmələrini qərargahın və korpus komandirinin hər an verə biləcəyi tapşırıqlara uyğun idarə etməli idi.
 

Siyavuş Hikmət Həsənovla Silahlı Qüvvələrin Hərbi Akademiyasında bir yerdə oxumuşdu. Onlar dost idilər. Siyavuşun 1-ci Ordu Korpusuna həmin vəzifəyə təyin olunması da məhz Hikmətin istəyi ilə baş vermişdi. O vaxt mənə bu barədə danışanda etiraz etmişdim. Çünki Siyavuş mənim qardaşım olduğuna görə, Nəcməddin onu da mənə görə cəzalandıra bilərdi. Onun təqdimatı Nəcməddinin qarşısına getsəydi, istədiyini edə bilərdi. Amma Hikmət qətiyyətlə demişdi ki, heç kimin Siyavuşa toxunmasına icazə verməyəcək. Və sözünün üstündə durmuşdu.


Ümumiyyətlə, Nəcməddinin mənə qarşı apardığı çirkin mübarizə illərində ordunun 90 faizi onun qorxusundan mənimlə ünsiyyətdən çəkinirdi. Lakin Hikmət Həsənov heç vaxt münasibətimizi kəsmədi. Əksinə, dəfələrlə korpusun idarə heyətinin düzülüşündə mənim ünvanıma xoş sözlər demişdi.

Mən nə o günləri, nə də bu gün baş verənləri heç vaxt unutmayacaqdım. O, bir an belə tərəddüd etmədən mənim Azərbaycan xalqının, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qızıl hərflərlə yazdığı tarixi hadisələrin iştirakçısı olmağıma vəsilə olmuşdu.

— Burada qalmaq istəmədi. İşlərini köməkçisinə verib ön xəttə getdi. Fikirindən daşındıra bilmədim, qardaş, — dedi.

Sanki zaman dayandı. İçimdən soyuq bir titrəyiş keçdi.

— Mən ön xəttə gedirəm və vəziyyəti düzəldəcəyəm. Amma xahiş edirəm, Siyavuşu qaytar bura! Otursun yerində, öz işiylə məşğul olsun! — dedim.

Hikmət tərəddüd etdi, sonra başı ilə razılığını bildirdi.

O, məni əməliyyat vəziyyəti ilə tanış etdi, tapşırığın mahiyyətini və onun icrası üçün görüləcək işləri izah etdi:

— Qardaş, sən o bölgəni qarış-qarış tanıyırsan. Sənə nəyisə izah etmək artıqdır. Sadəcə Göyarxın üstündəki yüksəklikləri o şərəfsizlərdən təmizləmək və ordan Suqovuşana irəliləmək lazımdır.

Tapşırıq qəti və aydın idi. Burada əlavə izaha ehtiyac yox idi. Tapşırıq dəqiq, məsuliyyət isə ağır idi.

— Oldu, problem yoxdur. Əlimdən gələni edəcəyəm. Yox, əlimdən gələnin ən yaxşısını edəcəyəm!

Artıq döyüş meydanına yola düşməyə tam hazır idim. Bir neçə dəqiqə sonra bir rabitəçi və iki əsgərlə, qarşımızda bizi nə gözlədiyini bilmədən, Tərtər istiqamətində hərəkət edirdik. Ürəyimdə yalnız bir hiss vardı — döyüş meydanına çatmaq və verilən tapşırığı yerinə yetirmək!

Atəş yağışı altında zəfərin ilk nəfəsi

“Düşmənə ilk zərbəni vurmaq onun iradəsini sındırmaqdır. Onda qələbə yarı qazanılıb deməkdir.”— Georgi Jukov

1-ci Ordu Korpusu bütün qüvvələri ilə Tap Qaraqoyunlu – Suqovuşan yaşayış məntəqəsi istiqamətində hücuma keçmişdi. Talış kəndi istiqamətində düşmənin müdafiə xətti yarılmış, hücum düşmənin müdafiəsinin dərinliyinə genişlənməyə başlamışdı. Döyüşlər getdikcə şiddətlənir, düşmən canını dişinə tutaraq mövqelərini qorumağa çalışırdı.

 

Eyni zamanda, Həsənqaya - Suqovuşan istiqamətində də ağır döyüşlər gedirdi. Düşmən 530 yüksəkliyindən başlayaraq Gödəkburun silsiləsi boyu və Ağdərə yaşayış məntəqəsinin cənub kənarında olan “Qlobus” yüksəkliyindən geniş əməliyyat zonasını həm müşahidə, həm də atəş altında saxlamaq imkanı əldə etmişdi. Bu yüksəkliklər onların ən güclü silahına çevrilmişdi — az qala hərəkət edən hər hədəfi anında aşkar edib məhv edirdilər. Tərtər rayon mərkəzi, Tərtər–Bərdə, Tərtər–Goranboy, Tərtər–Ağdam yolları, döyüş bölgəsində irəliləyən qoşunlarımız — hər şey düşmənin ölüm saçan baxışları və mərmiləri altında idi.


Mənim üçün xüsusi önəm daşıyan 703-cü motoatıcı briqada da məhz bu istiqamətdə döyüşürdü. 1993-cü ildən 2000-ci ilə qədər, Xüsusi Təyinatlı Qüvvələrə təyin olunana qədər, həmin briqadada tağım komandirindən tabor komandirinədək xidmət etmişdim. Ərazini qarış-qarış tanıyırdım.

703-cü briqadanın tapşırığı 530 yüksəkliyini düşməndən təmizləmək, sonradan hücumu Ağdərə istiqamətində davam etdirmək idi.

Bu briqada mənim üçün sadəcə bir hərbi hissə deyildi — o, doğma torpağımın müdafiə qalası idi.

1-ci Korpusun komandiri, general-mayor Hikmət Həsənov Komanda Məntəqəsində mənə xəritə üzərində gələcək döyüşün necə planlandığını izah etmişdi. Əslində, bu artıq rəsmi döyüş tapşırığı idi. Baxışlarından və səsindəki tonundan məsələnin nə qədər ciddi olduğunu anlamaq çətin deyildi.

— Qardaş, 530 yüksəkliyi mütləq götürülməlidir! Artilleriya dəstəyin olacaq. Amma hələlik Bayraktarı o istiqamətə yönləndirə bilmirəm. Talışda vəziyyət gərgindir, düşmən ciddi müqavimət göstərir.

Düşünmədən cavab verdim:

— Mənə hər şey aydındır. Amma icazə verirsənsə, birbaşa hücuma keçmək əvəzinə, Tərtər çayının yatağından istifadə edib kəşfiyyatçılarla düşmənin arxasına sızaq. 530-u bu üsulla alsaq, sonrası daha asan olacaq.

Hikmət Həsənov bir anlıq düşündü, sonra gözlərini xəritədən qaldıraraq dedi:

— Sən oranı məndən yaxşı bilirsən, qardaş. Necə hesab edirsən, elə də et. Mənə nəticə lazımdır!

Tapşırıq artıq dəqiq idi. Döyüş xəritəsini və lazımi sənədləri götürərək Tərtər istiqamətinə yola düşdüm. Qarşıda bizi ağır, lakin qaçılmaz bir döyüş gözləyirdi…

Atəş altında olan Tərtər rayon mərkəzinə çatdığımda düşmənin mərmiləri yağış kimi yağırdı. Amma Tərtər camaatı demək olar ki, hamısı öz evində idi. Onlar birinci Qarabağ müharibəsində necə qəhrəmanlıqla yurdlarını tərk etməmişdilərsə, indi də buradaydılar — savaşın bir addımlığında, ölümün kölgəsində, amma yenə də doğma ocaqlarından ayrılmadan. Elə bil təkcə evlərinə yox, bütün cəbhəyə sahib çıxırdılar. Döyüş bölgəsinə gedən hərbçilərə baxışlarında qorxu yox idi — dəstək, inam və sonsuz güvən vardı.

O baxışlar bizə deyirdi: “Biz sizinləyik!”

Tərtərdən Həsənqaya istiqamətinə avtomobillə hərəkət etmək mümkünsüz idi. Yol, düşmənin amansız artilleriya atəşi altında, tam bir ölüm tələsinə çevrilmişdi. Mənə verilmiş iki əsgər və bir rabitəçi ilə birlikdə, mərmi yağışı altında Tərtər çayının sağ sahili boyunca irəliləyirdik. Məqsədimiz qəbiristanlığın yaxınlığındakı bir təpənin yamacında qurulmuş komanda məntəqəsinə çatmaq idi.

Mərmilərin fit səsi havanı yarırdı. Hansının hara düşəcəyini təxmin etmək mümkün deyildi. Ətrafda partlayan mərmilərin açdığı dərin çuxurlardan sipər kimi istifadə edərək irəliləməyə çalışırdıq. Eyni zamanda ümid edirdik ki, bir dəfə vurulmuş yerə yenidən mərmi düşməz. Amma bu, acı bir yanılma idi…

Birdən qulaqbatıran bir uğultu eşidildi, ardınca yanımıza düşən mərmi bizi hər tərəfə sovurdu. Havada asılı qaldığımı, ayaqlarımın yerdən üzüldüyünü hiss etdim. Sanki görünməz bir əl məni qoparıb uzağa tulladı. Sonra sərt şəkildə yerə çırpıldım. Bir anlıq bütün bədənim torpağa qarışdı, nəfəsim kəsildi.

Ayağa qalxmağa çalışdım, amma dizlərim titrədi, yenidən yerə yıxıldım. Əsgərlərimi axtardım — hər biri bir neçə metr aralıda idi, çətinliklə ayağa qalxmağa çalışırdılar. Özümü toparlayıb onlara tərəf qaçdım, hər birini yoxladım. Rabitəçinin burnu qanasa da, ciddi xəsarət almamışdıq.

Vaxt itirmək olmazdı. Yenidən ölümün içindən keçməli idik. Çətinliklə hərəkət etsək də, sürətlə komanda məntəqəsinə doğru qaçmağa başladıq. Bir neçə dəqiqə sonra nəhayət ora çatdıq.

Komanda məntəqəsi döyüş xəttindən cəmi 500 metr arxada, bir təpənin zirvəsində yerləşirdi. Dərin qazılmış və beton dirəklərlə möhkəmləndirilmişdi. Buradan həm düşmənin, həm də öz qoşunlarımızın hərəkəti aydın görünürdü. Briqada komandanlığı döyüşü məhz buradan idarə edirdi.

Məni briqada komandiri vəzifəsinə yenicə təyin edilmiş polkovnik İdris Məhərrəmov qarşıladı. Məntəqəyə çatar-çatmaz hiss etdim ki, mənim niyə gəldiyimi artıq bilir. Korpus komandirindən göstəriş almışdı. Vəziyyəti izah etməyə başladı:

— Cənab polkovnik, düşmən bütün hərəkətimizi izləyir. Göyarx istiqamətində irəliləyən texnikalarımız tamamilə vurulub. Çox az sayda şəxsi heyətimiz ön xəttin arxasında, kanal boyu mövqe tutub. Əlavə qüvvələr də yoldadır, amma bilirsiniz ki, birbaşa 530-a hücum etsək, onları tamamilə məhv edəcəklər…

Elə bu an əməliyyat zabitlərindən biri həyəcanla qışqırdı:

— İki KamAZ sol tərəfdən — Şıxarx–Göyarx istiqamətindən cəbhəyə doğru irəliləyir!

Damarlarımdakı qan dondu. Bu, açıq-aşkar düşmən üçün yem idi! Kim onlara düşmənin açıq şəkildə müşahidə etdiyi yolla hərəkət etmək əmri vermişdi?

Dərhal geri qayıtmaları üçün göstəriş verdim. Lakin gec idi… Onlar o qədər sürətlə irəliləyirdilər ki, əmr onlara çatanadək artıq kanalın içinə düşmüş olacaqdılar. Amma… ora çata bilsəydilər. Avtomobillərin hər birində ən azı otuz nəfər vardı.

Düşmən fürsəti əldən vermədi. “Qlobus” yüksəkliyindən snayper dəqiqliyi toplardan düzünə tuşlama ilə və minaatnlarla mərmilər yağdırmağa başladılar.

Birdən irəlidəki KamAZ-ın qarşısına və ətrafına bir neçə mərmi eyni anda düşdü. Hər şey anidən sükuta büründü… Mən artıq avtomobilin vurulduğunu düşündüm. Nə deyəcəyimi, nə edəcəyimi bilmədən başımı aşağı saldım… hamı nəfəsini tutmuşdu.

Və o an!

Kimsə birdən qışqırdı:

— Cənab polkovnik, çıxdılar!

Top mərmilərinin yaratdığı tüstü və toz buludunun içindən avtomobillər bir ox kimi süzülərək irəli atıldılar! Sevincdən ürəyim partlayacaq kimi idi. Baxışlarımda, qiyabi də olsa, o cəsur sürücüləri və əsgərləri bağrıma basır, alınlarından öpürdüm… Onlar ölümü yarıb keçmişdilər!

Bu, sadəcə bir döyüş səhnəsi deyildi. Bu, həyatla ölüm arasındakı incə xəttin, iradənin, cəsarətin və əsl əsgər ruhunun qalib gəldiyi an idi.

Bir neçə saniyə sonra hər iki avtomobil sağ-salamat kanala düşərək düşmənin ölümcül atəşindən çıxmağı bacardı.

Hər kəs sevinc içində qışqırırdı. O igidlər — ölümün içindən sağ çıxan o əsgərlər — möcüzə yaratmışdılar!

530 yüksəkliyinə aparan gizli yol – kəşfiyyatçıların tapşırığı

“Kəşfiyyatsız qələbə yoxdur. Düşmənin gücünü, niyyətini və zəif nöqtəsini bilmədən döyüşə girmək axmaqlıqdır.”

Əməliyyat bölgəsi Tərtər rayon mərkəzindən 12 km qərbdə, Tərtər çayının sağ sahilində yerləşən Həsənqaya və Göyarx yaşayış məntəqələrini, eləcə də çay vadisindəki Çaylı və Suqovuşan kəndlərini əhatə edirdi.

Bütün yüksəkliklər Birinci Qarabağ müharibəsindən bəri düşmənin nəzarətində olduğundan, onlar həm müşahidə, həm də atəş üstünlüyünə malik idilər: hər tərəfi görür, istənilən hərəkəti dərhal atəş altında saxlaya bilirdilər. Torpaqlarımız işğalda olduğu müddətdə müəyyən mövqelərimizi irəli çəksək də, heç vaxt düşməndən daha yüksəkdə olmamışdıq. İndi isə düşmən bu üstünlüyündən məharətlə istifadə edərək bütün ərazini demək olar ki, snayper dəqiqliyi ilə nəzarətdə  və atəş altında saxlayırdı.

Artilleriya və digər atəş vasitələrimiz onların mövqelərini fasiləsiz vururdu, lakin geri çəkilmək niyyətləri yox idi. Düşmən bir neçə eşalondan və bir-birini tamamlayan müdafiə hədlərindən ibarət xəttin hər qarışı uğrunda inadla döyüşürdü.

Belə möhkəmləndirilmiş mövqelər qarşısında bölmələri açıq ərazidən hücuma yeritmək, onları ön xəttə çatmamış məhv etmək demək idi. Açıq hücum intihara bərabər olardı. Burada fərqli, gözlənilməz və hiyləgər plan lazım idi.

Polkovnik İdris Məhərrəmov komanda məntəqəsinin Suqovuşan istiqamətinə baxan mazğalından göstərərək məruzəyə başladı:

— Cənab polkovnik, Göyarxın şərqindəki düşmən mövqeləri ələ keçirilib, lakin düşmən 530.0 daxil Gödəkburun silsiləsindəki yüksəkliklərindəki ikinci eşalona çəkilərək əvvəlcədən hazırlanmış mövqelərdə ciddi müqavimət göstərir.

Bu xəttin ələ keçirilməsi və hücumun Ağdərəyə doğru davamı üçün briqadanın ehtiyatından bir hissə şəxsi heyəti irəlidəki taborlara cəlb etmək barədə göstəriş vermişəm. Az əvvəl hərəkət edən avtomobillərdə həmin şəxsi heyət var idi. Tabor komandiri bölməsini hücuma hazırlayır; az sonra məruzə edəcək. Əlavə göstərişiniz varsa, buyurun.

Onu sakitcə dinlədim. Mən əvvəldən də düşmənin yüksəkliklərdə, üstəlik əvvəlcədən möhkəmləndirilmiş mövqelərinə aşağıdan yuxarı hücumun qəti əleyhinə idim. Belə addım ağır itkilərə gətirərdi və bu, təkcə fiziki itkilərlə bitməzdi: ən təhlükəlisi, komandirlər və şəxsi heyət ruhdan düşə bilərdi. Ancaq çıxış yolu tapmaq lazım idi — ruh düşkünlüyünə yol vermədən, ən əsası az itki ilə düşmənin əsas mövqelərini ələ keçirməli idik.

— İdris, kəşfiyyatçılardan kimlər qalıb? Onları bura çağıra bilərsən?

Polkovnikin üzündən kədər keçdi:

— Cənab polkovnik, kəşfiyyatçılarımızın çoxu şəhid olub. Sağ qalanlar isə çayın kənarında, əmr gözləyirlər.

— Gedək, onlarla görüşək.

On beş dəqiqə sonra Tərtər çayının kənarında idik. Qarşımızda döyüşün ilk gününün ölüm-qalım mübarizəsindən sağ çıxmış 10–15 nəfər kəşfiyyatçı dayanmışdı. Üzlərində yorğunluq və yuxusuzluq açıq görünürdü, lakin gözlərindəki alov sönməmişdi. Bizi görəndə bir anlıq dikəldilər, silah və təchizatlarını düzəldib irəli gəldilər.

Hər biri ilə tək-tək görüşdüm. Onların çoxunu əvvəllər tanıyırdım: bəzilərinə komandirlik etmiş, bəziləri ilə eyni birlikdə xidmət etmişdik.

— Uşaqlar, məqsədim aydındır: bu müharibədə klassik üsulla döyüşmək mümkün deyil. Düşmən bizi gözlədiyi yerdə vuracaq. Biz isə onu gözləmədiyi yerdə vurmalıyıq — sizin köməyinizlə.

Sözlərimi sakit, amma qətiyyətlə dedim:

— Elə etməliyik ki, düşmən elə bilsin, yenə Həsənqayadan 530.0-a birbaşa hücum edirik. Siz isə gizli şəkildə çayın sağ sahili ilə Suqovuşana doğru sızıb düşməni arxadan vurmalısınız.

Oturub planı xırdalamağa başladıq. Tabor komandirini də çağırtdırdım. O gələnə qədər xəritə üzərində tapşırığı işləyib, torpaq üzərində kiçik maket düzəltdik. Hər kəs diqqətlə qulaq asır, bütün detalları yadda saxlayırdı. Onlar üçün də, ümumilikdə hamımız üçün də burada hər detal həyat məsələsi idi.
 

Hazırlıq tamamlandıqdan sonra komanda məntəqəsinə qayıtdım və korpus komandirinə zəng etdim. Planı qısa şəkildə məruzə edib artilleriya və “Bayraktar” dəstəyi istədim. O, planla razılaşdı, amma səsində narahatlıq hiss olunurdu:


— Qardaş, “Bayraktar” hələ bizim istiqamətdə deyil. Yalan yerə söz verməyim. Amma olan kimi göndərəcəyəm. Uşaqlara mənim adımdan təşəkkürümü çatdır, hər birinin gözlərindən öpürəm.

— Oldu, cənab general. Hər hansı dəyişiklik olsa, dərhal məruzə edəcəyəm.

Kəşfiyyatçıların komandirinə korpus komandirinin sözlərini çatdırdım və son hazırlıqlar üçün əlavə bir saat vaxt verdim.

Gecə düşən kimi fəaliyyətə başlayacaqdıq…

ARDI VAR…

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin