Bir zamanlar həyatımızda kredit anlayışı yox idi. Heç kim ev əşyalarını və yaxud avtomobili kreditlə almırdı. Yalnız mənzil üçün insanlar kreditin altına girirdi. Lakin zaman sürətlə axıb getdi. Kredit həyatımızın ayrılmaz hissəsinə çevrildi. Bu gün istənilən ailədə ən azı bir nəfər kredit ödəyicisidir. Elə ailələr var ki, hamı kreditdən asılı yaşayır. Hətta bəzi insanlar eyni vaxtda 2-3 banka kredit ödəyir.
Bunun da müəyyən riskləri var.
Xüsusilə də müqavilə ilə işləyənlər üçün bu risk çox böyükdür. Təsadüfi deyil ki, son zamanlar ən çox məhkəmə çəkişmələrindən biri məhz problemli kreditlərlə bağlıdır.
Ən qəribəsi odur ki, insanlarda sanki “kredit asılılığı” yaranıb. Bəzi insanlar bütün planlarını kredit üzərində qurur. Evi də, avtomobili də, telefonu da və hətta ev əşyalarını kreditlə alır. Hələ kreditlə toy edənləri, səyahətə gedənləri demirik...
Nəyi kreditlə almaq olmaz?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Fuad İbrahimov deyir ki, bu sahədə “qızıl qayda” yoxdur:
“Amma praktika göstərir ki, heç də bütün problemləri kreditlə həll etmək olmaz. Bu əksinə yeni və daha böyük problemlər yaradır. Məsələn, kreditlə səyahətə getmək, kreditlə bayram bazarlığı eləmək heç bir məntiqə sığmır. Hətta ev əşyalarının və avtomobilin kreditlə alınması iqtisadi baxımdan doğru deyil. Məsələn, 30 minlik avtomobil üçün banka ən azı 40 min manat ödəniş edilir. Kredit müddəti bitdikdə isə həmin avtomobili heç 20 min manata satmaq olmur.
Bir çox hallarda isə vətəndaş krediti vaxtında ödəyə bilmir. Çünki aylıq ödəniş vətəndaşın qazancı ilə tərs-mütənasib olur. Belə halda isə bank avtomobili vətəndaşdan geri alır. Bu isə daha çox maliyyə itkisi deməkdir”.
Müsahibimiz deyir ki, kreditin təyinatı mühüm şərtdir:
“Məsələn ipoteka krediti ilə daşınmaz əmlak almaq çox yaxşıdır. Çünki daşınmaz əmlak heç zaman dəyər itirmir. Məsələn bir otaqlı mənzil üçün vətəndaş 80-90 min ödəniş edir. Lakin kredit müddəti başa çatanda həmin mənzil ən azı 100 min manat olur. Bu da o deməkdir ki, vətəndaş ağıllı yatırım edib. Bir sözlə il ötdükcə dəyər qazanmayan materiyanı kreditlə almaq doğru deyil.
Biznes krediti də sərfəlidir. Deyək ki, bir sex açmaq istəyirsən. Amma əlində lazım olan vəsait yoxdur. Bu zaman kredit götürmək çox vacibdir. Əgər alınan kredit qəpiyinə qədər təyinatı üzrə xərclənirsə, o zaman kreditor heç bir ziyanla üzləşmir. Əksinə qurduğu iş hesabına aylıq qazancında kredit öhdəliyini yerinə yetirir. Nəticədə həm böyük dividend, həm də daşınmaz əmlak qazanır”.
Surxay Atakişiyev, Bizim.Media