Anaya balasının şəhid xəbərini belə verdilər - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Anaya balasının şəhid xəbərini belə verdilər - TƏFƏRRÜAT - FOTO

271596

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Bu səbəbdən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunu bir günlük antiterror tədbirləri həyata keçirmək məcburiyyətinə qalır və Antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunur.

Bizim.Media xəbər verir ki, bu hadisədən iki il ötür. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılır. 

Təbii ki, antiterorr əməliyatı itkisiz ötüşmür. Tarixi hadisədə Azərbaycanın 190-dan artıq igid oğlu şəhid olur.

Belə igid oğullarımızdan biri də şəhid Elçin Habil oğlu Salmanovdur. Elçin Salmanov 2001-ci il sentyabr ayının 27-də Yevlax şəhərində anadan olur. O, orta təhsilini Kəlbəcər rayon 23 saylı orta məktəbində alır. Şəhidimizin ailəsi əslən Kəlbəcər rayonu, Çaykənd ərazi dairəsi Kəndyeri kəndindəndir. Salmanovlar ailəsi Birinci Qarabağ müharibəsindən sonra Yevlax şəhərində məcburi köçkün kimi məskunlaşır. Elçingil ailədə üç qardaş olur. 2000-ci ildə anadan olan İlkin, bir yaş ondan kiçik Elçin və sonbeşik, on il qardaşından sonra dünyaya göz açan Elgün Habil oğlu Salmanov.
 

Evdə ortancıl oğul olan Elçin Salmanov ibtidai təhsilini Yevlax şəhər məktəblərinin birində alsa da, sonradan Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə oxuyur. Təhsil aldığı müddətdə həm də musiqiyə həvəsi olur.


Qardaşı İlkinlə birlikdə Yevlax şəhərində fəaliyyət göstərən 11 nömrəli Ağdam musiqi məktəbinə yazılıb və orada nağara sinfinə qəbul olur. Ailənin  vəziyyətini, yəni güzəranın çətinliyini dərk edən Elçin orta təhsilini IX sinifdə saxlayıb, avtomobil rəngsazı sənətini öyrənmək üçün usta yanına gedir.

Anası Gülnarə Salmanovanın Bizim.Media-ya verdiyi məlumat görə, oğlu Elçin 2019-cu il oktyabr ayında hərbi xidmətə yollanır. Hərbi xidmətini qüsursuz və nizam-intizamla yerinə yetirən Elçin Salmanov 26 sentyabr 2020-ci il tarixdə yoldaşları ilə birlikdə post növbəsində olur. Və beləliklə o, İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşur.

Elçin müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “Xocavəndin azad olunmasına görə” və 10 fevral 2022-ci il tarixli Sərəncamına əsasən, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur.

Hərbi xidmətini başa vurduqdan sonra bir çox iş yerlərində özünü sınayır. Amma vətənə olan sevgisi Elçini yenidən hərbi xidmətə qayıtmağa vadar edir.

Eyni zamanda Elçinin qardaşı İlkin Salmanovda çox peşəkar hərbiçi idi. Bu səbəbdən İlkin Salmanov Türkiyə Respublikasına kursa gedir. Bunu görən Elçin qəti şəkildə qərara alır ki.hərbiyə qayıtsın. Və hər iki qardaş vətənə xidmət edir.

2022-ci ilin sentyabr ayında hər iki qardaş birlikdə “Cermux” əməliyyatında iştirak edir və 10 günlük əməliyyatı uğurla tamamlayırlar.

Elçin Salmanov xidməti dövründə nizam-intizamı ilə seçilərək, bir neçə dəfə komandirləri tərəfindən sertifikatlara da layiq görülür.

Şəhidimizin anasının sözlərinə görə, onlar bir evdən iki övladının hərbi xidmətdə olmasına narazılıq bildirsələr də Elçin onları eşitmədiyini, ailəsini deyil vətənini seçdiyini bildirir:

”Elçin ikinci Qarabağ müharibəsindən sonra dincələ bilmirdi. O, dostlarının, hərbçi yoldaşlarının qisasını alacağını söyləyirdi. Və məqam yetişir. Hər iki qardaş antiterror əməliyyatına qoşulur. İlk öncə İlkin ağır yaralanır.Bunu eşidən Elçin gözünü qırpmadan ən ağır döyüşlərə girir. Hətta döyüş yoldaşları danışır ki, Elçin bir əməliyyata təkbətək girir.

 

Artıq sentyabr ayının 20-də səhərə yaxın Elçin və dostları meşənin kənarında düşmən pusqusuna düşürlər. Saat 7 radələrindən başlayan atışma təxminən günorta saatlarınadək çəkir. Bu vaxt Elçinə pulemyot ağır döyüş silahı təhkim olunduğu üçün komandirləri tərəfindən tapşırıq gəlir ki, düşmənin təminat yolunu bağlamaq  lazımdır.


Elçin bu tapşırığı layiqincə həyata keçirir və düşmənin bir çox döyüş avtomobillərini canlı qüvvəsi ilə birlikdə məhv edir. Daha sonra düşmənə sağ cinahından zərbə endirir. Qrupla bərabər onları dərinliyə doğru geri çəkilməyə məcbur edir. Və oğlum təxminən günorta saatlarında sentyabar ayının 20-də Ağdamın Məlikli kəndi ərazisində Ağdərə uğrunda gedən döyüşlərdə hər zaman arzuladığı şəhidlik zirvəsinə ucalır”, deyə anası qeyd edir.

Gülnarə ana danışdıqca göz yaşlarını saxlaya bilmirdi. Bu heç də asan gəlməsin. Bir oğlu ağır yaralı, ölümün bir addımlığında, bir oğlu isə şəhid.

Ana həmin ağır günləri belə xatırlayır.

“Ayın 19-u mən işdə idim və Elçin saat 12 radələrində zəng vurub dedi ki, ”ana məni düzülüşə çağırırlar, məndən narahat olma”. Elə son danışığımız da bu oldu. Evə gələndə televizoru açanda gördüm ki, antitrror əməliyyatının başlanmasından danışılır. Cəld uşaqları yığdım, amma heç birinə zəng çatmadı. Həmin günü yoldaşımla səhərə qədər pəncərənin önündə oturub bayıra baxırdıq. Çünki bizim evdən Tərtər istiqamətində atılan silahların işığı görünürdü. Səhəri işə getdim və telefonuma tanımadığım nömrədən zəng gəldi. Zəng edən İlkin yatan xəstəxanasında çalışan tibb bacısı idi. Telefonu İlkinə verdilər. İlkin “ana mən yaralanmışam” dedi.

O andan sonra nə baş verdiyi yadımda deyil. Yoldaşların sözlərinə görə, həmin an bərkdən qışqırıb ürəyim gedibmiş. Ayılandan sonra Gəncəyə xəstəxanaya getdik və İlkinin hələ də sağ qalması bir möcüzədir deyə bilərəm sizə. Çünki çox ağır yaralı idi”.

Ana İlkini bu vəziyyətdə görüb bərk sarsıldığı halda digər can parçası Elçindən xəbərsiz idi. Amma İlkin də öz canından çox qardaşından narahat idi.

Ana danışdıqca toparlanmağa çalışır və söhbətinə davam edir.

“Biz İlkinin yanına çatanda ilk sözü o oldu ki, ”ana torpaqlarımızı düşmənlərdən təmizlədik, amma sən Elçini tap ” dedi. Onlar ilk dəfə idi ki, İlkinlə ayrı düşürdülər. Hər iki qardaş hər zaman birlikdə olublar. Hətta antiterror əməliyyatlarında belə birlikdə vuruşublar.

Biz Elçindən heç bir xəbər ala bilmədik. Qardaşım şəhidlərin və yaralıların siyahısında Elçini axtaran zaman heç bir məlumat tapa bilmədi və biz elə düşündük ki, Elçin sağdır. Sevincək biz evə qayıtdıq. Evə qayıdanda bütün qəsəbə sakinləri, Elçinin döyüş yoldaşları bizə yığışmışdılar. Mən elə düşündüm ki, yəqin İlkinin yaralı olduğunu eşidib gəliblər . Hardan bilərdim ki, canımdan bir parçam, gözümün nuru balam şəhid olub”.

Anaya balasının şəhid xəbərini belə verdilər.

“Axşam saat 7 idi. Bizə icra nümayəndələri gəldilər. Yenə də heç nə anlamadım. Çünki Elçinin sağ olduğuna inanırdım və ondan zəng gözləyirdim. İcra nümayəndəli içəri daxil olub yoldaşıma və qardaşıma nəsə dedilər. Və bu an onların hər ikisi başlarına vuraraq qışqırdılar. Onda anladım ki, Elçin şəhid olub.

Və bundan sonra mənim işıqlı dünyam qaraldı”, dedi Gülnarə ana. Həyatının ən gözəl çağlarını qaçqınçılıqda keçirən Gülnarə ana üçün pis xəbərlər bununla bitmir. Elçinin üç mərasimində İlkinin komaya düşməsi xəbəri gəlir. Ana iki yol ayrıcında qalır. O, ağır yaralı aslan parçası üçün xəstəxanaya gedəcəyini, yoxsa bu həyatda bəy kostyumu geyinməyən igidi üçün yas mərasimində iştirak edəcəyini düşünür. Və ailə xəstəxanaya yollanır. Şükürlər olsun ki, günlər sonra İlkin komadan ayılır və bu Salmanovlar ailəsi üçün böyük təsəlli olur.

21 sentyabr 2023-cü il tarixində Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunan Elçin Habil oğlu Salmanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunur. 






















Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin